Azad Mirzəcanzadənin rəğbətini qazanmış alim

post-img

Bu ilin aprelində Azərbaycanda keçiriləcək İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci Beynəlxalq konfransın  Təşkilat Komitəsinin üzvü və Türkiyə tərəfindən sədrlik vəzifəsinin həvalə olunduğu alim Ürfət Nuriyev tətbiqi riyaziyyat və kibernetika sahəsində çalışan elm adamlarına yaxşı tanışdır. Egey Universitetinin professoru olan soydaşımız 25 ildən çoxdur ki, Türkiyənin bu məşhur elm ocağında çalışır.

Əslən Cəbrayıl rayonundan olan Ürfət müəllim Azərbaycan Dövlət Universitetinin (indi BDU) məzunudur. Mexanika riyaziyyat fakültəsini 1976-cı ildə, Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasını isə 1983-cü ildə bitirib. Bakı Dövlət Universitetində və  Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) çalışıb. 1992-ci ildə isə... 

Ürfət müəllim bu barədə belə deyir: “Azad Mirzəcanzadə səni axtarır, təcili qəbuluna getməlisən”  xəbərini  çox həyəcanla qarşıladım və məşhur akademikin qəbuluna da görəsən, “nə səhv etmişəm ki, təcili çağırılmışam” sualı ilə gəldim. Bərk narahat idim. Amma akademikin qəbul otağına keçəndə onun xoş əhvalını görməyimlə zəhmli səsini eşitməyim üst-üstə düşdü: “gəl çıx da, ay Ürfət”. Arxasınca dedi: “Nə vaxtacan kağız-küğuzla əlləşəcəksən? Səni Texniki Humanitar Litseyə rəhbər göndərmək qərarımız var, balalarımızın gələçəyinə də vaxt ayırmaq lazımdır”. Etiraz etməyə də imkan vermədi: “Bacaracaqsan, özüm də kömək edəcəm, kibernetika ağır sahədir, kadr hazırlığını hər kəsə tapşırmaq olmaz...”

Ürfət müəllim davam edir: “Azad müəllimin istedadlar məktəbi açdığını bilirdim. İctimai xadim, xalq təhsilinin inkişafında böyük xidmətləri olan maarifçi Həbib bəy Mahmudbəyovun Tiflisdə yerləşən Aleksandrov Müəllimlər İnstitutunda təhsil alarkən tələbə yoldaşı olan  Sultanməcid Qənizadə ilə birlikdə açdıqları Bakı özəl rus-müsəlman məktəbinin binasını seçdiyi də məlum idi. Bu məktəb vaxtı ilə Azərbaycanda maarifin inkişafında böyük hadisə olmuşdu.  

Yenicə dövlət müstəqilliyi qazandığımız illərdə böyük ənənələri olan məktəb Azad müəllimin də diqqətini cəlb edir və o, burada yeni fikirlərini həyata keçirir: Həbib bəyin məktəbini qabiliyyətli uşaqlar üçün məktəbə çevirir. Həmin təhsil ocağında Azad müəllim özü də onlara dərs keçirdi. Bir zamanlar öz məktəbinə Abdulla Şaiq kimi ən istedadlı müəllimləri cəlb etmiş Həbib bəy Mahmudbəyov kimi Azad müəllim də bu yolu davam etdirdi”. 

Ürfət müəllim deyir ki,  Bəkir Nəbiyev, Yaşar Qarayev, Rəfael Hüseynov və başqaları kimi  məşhur elm adamlarını da burada yaxından tanıdım.  Azad müəllimin dəvəti ilə davamlı olaraq məktəbə gələn və uşaqlarla ünsiyyətdə olan bu məşhurların diskussiyaları  uşaqların mənəvi dünyasının formalaşmasında böyük irəliləyişlər etdi. Məktəbə lisey statusu verildi. Məktəbin yetirmələrinin  uğurları saysız- hesabsızdır, onların səsi-sorağı dünyanın hər yerindən gəlməkdədir.

Beləliklə, Ürfət müəllim 1996-cı ilə kimi  Azad Mirzəcanzadənin  şəxsi təşəbbüsü və dəvəti ilə akademikin qurucusu və fəxri direktoru olduğu Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Bakı Texniki Humanitar Litseyinə rəhbərlik edib.  

1997-ci ildə Türkiyənin İzmir şəhərindəki Egey Universitetinə dəvət alıb və o vaxtdan da  şəxsi və elmi həyatını bu şəhərlə və bu təhsil ocağı ilə bağlayıb. 2005-ci ildən bu universitetin professorudur. 50-yə yaxın  magistr və doktorluq işinə rəhbərlik edən Ürfət Nuriyev 30 beynəlxalq və 1 milli konfransın elm və təşkilat komitəsinin üzvü olub.  Hazırda Egey Universitetinde “Kriptoloji ve Blokzincir Aratırma qrupu”na rəhbərlik edir. 2 milli və 1 beynəlxalq jurnalın redaksiya heyətinin üzvü olan professor kibernetika sahəsində çalışan elm adamlarının yaxşı tanıdığı  beynəlxalq statuslu “Journal of Modern Technology and Engineering” “Müasir texnologiyalar və mühəndislik”  (ISSN 2519-4836)  elmi jurnalının baş redaktorudur. 

Ürfət müəllim 22 nəfər elmlər doktorunun (onlardan biri Azərbaycan vətəndaşıdır)  və 26 magistr  tələbənin elmi işinə rəhbərlik edib, 18-dən çox azərbaycanlı tələbənin Egey Universitetinin riyaziyyat bölümündə magistr və doktorantura təhsilinə istiqamət verib, bəzilərinin də elmi rəhbəri olub. Hazırda onun rəhbərliyi ilə 8 doktorluq (onlardan biri  azərbaycanlıdır) və daha 8 magistr işinin rəhbəridir.  20-dən çox universitet və 2 TÜBİTAK layihəsinin icrasında iştirak edən Ürfət müəllimin hazırladığı və sınaqdan uğurla keçirilən elmi layihələrdən bir çoxu müxtəlif elmi təşkilatlarda və müəsisələrdə səmərəli istifadə olunur. 

Tələbə və həmkarları ilə bərabər kompüter riyaziyyatı sahəsində 100-dən çox elmi məqaləsi nəşr olunub və 100-dən çox elmi konfransda məruzəsi dinlənilib. Dünyanın ABŞ, Almaniya, Hollandiya, Azərbaycan, Qazaxıstan, İran, Albaniya kimi ölkələrində çalışan tələbələrinin böyük bir qismi də Türkiyənin Egey, Dokuz Eylül, Bakircay, Yaşar, Aydın Adnan Menderes, Karabük, Samsun Ondokuz Mayıs, Qars Kafqaz, Bahçeşehir Universiteti, İzmir Yüksek Teknoloji İnstitutu kimi 10-dan çox məşhur universitetdə və elmi mərkəzlərdə çalışmaqdadırlar. Elmi rəhbəri olduğu Erdem Alkım “Facebook”un 100 min ABŞ dolları dəyərində “Internetin təhlükəsizliyi“ mükafatını qazanıb.  

Azərbaycanla əlaqələrini davam etdirən professor AMEA və bir çox ali təhsil müəssisələri ilə Egey Universiteti arasında elmi əməkdaşlığın təşəbbüskarlarından olub. Gəncədəki  Azərbaycan Dövlət Agrar Universiteti ilə ikili diplom programının həyata keçirilməsində yaxından iştirak edib və Azərbaycana göndərilən müəllimlər qrupuna rəhbərlik edib. 

Bugünkü təhsil sisteminin uğur və tələblərindən danışan Ürfət müəllim bildirir ki, 4-cü sənaye inqilabının əsası universitet təhsilidir. Universitetlər indi tələbələrini bu gün üçün yox, gələcək üçün hazırlamalıdırlar. Yeni texnologiyalar (süni intellekt, Big Data), Data Science, Blok zəncirləri,  informasiya təklükəsizliyi və s.  sürətlə dəyişdiyi üçün məzunlar bir yox, bir neçə sahədə hazırlanmalı və innovativ iqtisadiyyatın inkişafina hazır olmalıdırlar. Əgər bu gün tələbələrimizə dünənki təhsili veririksə, onda onların gələcəyini indidən uğursuz edirik.

Ürfət müəllim 3 övlad atasıdır. Böyük qızı Aynur Nuri  Türkiyənin Ardahan Dövlət xəstəxanasında qulaq-burun-boğaz sahəsində uzman həkimdir. Övladlarından diğəri, qızı Fidan Nuriyeva atasının yolunu seçib, Dokuz Eylül Universitetində Kompüter Elmləri  bölümündə dosentdir. Oğlu Elnur Nuri Orta Doğu Texnik Üniversitetinin məzundur, hazırda Amerikanın PulpoAR şirkətində süni intellektual sistemlərinin proqram təminatı üzərində işləyir.

Namiq Qədimoğlu 
XQ

 

Sosial həyat