“Gizli müharibə”nin qalibləri

post-img

Bu günlərdə “Azərbaycan” CinemaPlus kinoteatrında kinorejissor Murad İbrahimbəyovun “ANAMA” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.

Azərbaycan Respublikası Minalardan Təmizləmə Agentliyinin işğaldan azad olunmuş ərazilərdə hünər göstərən əməkdaşlarının təhlükəli işi filmin əsas mövzusudur. Həyəcan dolu epizodları izlədikcə, yadıma illər öncə yazdığım bir bəndlik “Minaaxtaran” şerim düşdü:

Yolunda o qədər təhlükə var ki, 

Ölüm ayağının altında, bala!

Ölümlə üz-üzə gəlsən nə var ki,

Ölüm – ayağının altında, bala!

Filmin ssenari müəllifi və rejissoru beynəlxalq kinofestivallar laureatı, Venesiyanın “Gümüş şir” mükafatina layiq görülmüş, Rusiyanın “Nika” kino mükafatını almış   Murad İbrahimbəyovdur. O, minaaxtaranların işini təfərrüatları ilə göstərərək, filmi “olum və ölüm”, “sülh və müharibə” haqqında fəlsəfi mükaliməyə yönləndirə bilib.

Murad İbrahimbəyov jurnalistlərə dedi ki, 1998-ci ildə dahi lider Heydər Əliyev tərəfindən ANAMA-nın yaradılması onun uzaqgörənliyinin, bəsirətinin daha bir nümunəsi idi: “44 günlük Vətən müharibəsindən sonra texniki təchizat və peşəkar mütəxəssislər cəhətdən bu illər ərzində yüksək dərəcəyə çatmış ANAMA-ya necə böyük ehtiyac duyulduğunu gördük. Filmi hazırlayarkən minatəmizləmə işinin mahiyyətini, prosesin necə getdiyini, bunun üçün hansı mütəxəssislərin vacib olduğunu anlamağa çalışırdıq. ANAMA-da müxtəlif peşələrdən olan adamlar işləyir: minatəmizləyənlər, kinoloqlar, robotlaşmış maşınların operatorları, dron operatorları, həmin dronlarla aparılan aeroçəkilişlər üzrə analitiklər. 

Hazırlıq mərhələsindən sonra film üzərində çalışarkən materialın özü bizə artıq filmin dramaturgiyasını diqtə elədi. Gördük ki, bu lenti ənənəvi sənədli filmlərə aid etmək olmaz, daha doğrusu, “ANAMA” elmi-kütləvi kino deyil. Ona görə də kadrlarımızın əsasında insanlar, insan taleləri durdu. Nəql etdiyimiz əhvalatlar işğaldan azad edilmiş torpaqlarımızın hər qarışına ölüm kabusu basdırılmış sahələri xilas edən insanlar haqqındadır”.

Ekran işinin quruluşçu operatoru Nadir Mehdiyev, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Elşad Rəhimov, prodüseri Tofiq Musayevdir. Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn filmin çəkilişləri Horadiz, Ağdam, Hadrut və Göygöldə aparılıb. Müxtəlif epizodlar minalanmış sahəyə qaçan inəyini xilas edərkən mina qurbanı olan kənd sakininin monoloqu üzərində qurulub. ­Minaaxtaranların işinin fonunda qaçqınlıq, müharibə faciələrini yaşayan Qarabağ sakinlərinin də hekayələri təsirlidir. Mina təhlükəli yolları filmin mənfi obrazı da saymaq olar. “ANAMA”da  Bolqarıstanın “Miramar” kinostudiyasının da iştirakı onun birgə beynəlxalq layihə kimi təqdimatına əsas verir. 

Kinokadrlar bir daha göstərir ki, ­Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş Azərbaycan torpaqlarına Böyük qayıdış” Dövlət Proqramının bir avanqardı da məhz ANAMA-dır. Əlbəttə, ermənilərin minalanmış ərazilərin dəqiq xəritələrini vermədikləri bir vaxtda supermüasir təchizata, çöldə çalışan işçilərin xüsusi geyimlərinin olmasına baxmayaraq, onların risk amili çox böyükdür. Deməli, minaaxtaranlar böyük cəsarət tələb edən peşənin daşıyıcılarıdır. Buna görə də 
“ANAMA”nı inamla qəhrəmanlıq haqqında film də adlandıra bilərik.     

Ə.DOSTƏLİ 
XQ

 

Sosial həyat