Kosmosun azərbaycanlı əfsanəsi

post-img

Yaxud “Tamamilə məxfi general”

34 il əvvəlin həmin günlərdə uçan laboratoriyaya çevrilən “Mİ-8” həm də “Naxçıvan-90” aerokosmik eksperimentində iştirak edən jurnalistlərinin müxbir məntəqəsi olmuşdu. Muxtar respublikanın paytaxtından qalxan vertolyotda gizli bir şöhrət zirvəsinə yüksəlmiş soydaşımız – görkəmli alim-konustruktor, sovet kosmik proqramının banilərindən biri, general-leytenant Kərim Kərimov da var idi.

O, Kərim Kərimov ki, SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri kimi Baykonur kosmodromunda özü foto, kino və videoçəkilişlərə düşməsə də kos­mik səfər barədə ona məruzə edirdilər. Uzun illər kosmik gəmilərin ekipajlarını yola salan və qarşılayan, amma şəxsi həyatı gizlində saxlanılan, KİV üçün qa­palı persona olan məşhur azərbaycanlı ilə üzbəüz idik. “Azərinform”un (indki AZƏRTAC) şöbə müdiri Natan Barski və “Molodyoj Azerbaydjana” qəzetinin müx­biri Salatın Əsgərovanın addımbaşı ver­dikləri sualları özü və Kosmik Tədqiqatlar Elm-İstehsal Birliyinin baş direktoru Tofiq İsmayılov (sonra Azərbaycan Respubli­kasının Dövlət katibi oldu) cavablandırır­dı. 

İndi mərhum həmkarım “Azərin­form”un fotomüxbiri Oktay Bayramo­vun çəkdiyi fotolar qalsa da, təəssüf ki, haqqında danışdığım o insanların heç biri həyatda yoxdur. SSRİ-nin süqutun­dan sonra bu dövlətin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş Kərim Kərimovun gizli həyatına da işıq düşdü, onun parlaq bioqrafiyası “azadlı­ğa çıxdı”. 

1917-ci il noyabrın 14-də Bakıda do­ğulan Kərim Kərimov Azərbaycan Səna­ye İnstitutunda (indiki ADNSU) ali təhsii alıb, sonra Silahların Dövlət Qəbulu Baş İdarəsində xidmətə göndərilib. Sovet – alman müharibəsi illərində “Katyuşa” tipli qurğuların qəbulu ilə məşğul olub. Sonra 20 il SSRİ Müdafiə Nazirliyinin aparatın­da xidmət edib. Dünyada ilk dəfə insanın kosmosa göndərilməsində xidmətlərinə görə və ilk kosmonavt Yuri Qaqarinin ta­rixi uçuşu uğurla başa çatdığına görə SS­Rİ-nin ən yüksək ordeni – “Lenin” ordeni ilə təltif olunub. 

1966-cı ildə o, məşhur konstruktor-a­lim Sergey Korolyovun təkidi ilə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin olunub və 25 il bu vəzifədə çalışıb. 1967-ci ilin oktyabrında general-leyte­nant rütbəsi alıb. Sonra “Soyuz–Apollon” Sovet – Amerika birgə uçuşunun hazır­lanmasına rəhbərlik edib və buna görə SSRİ Dövlət mükafatına layiq görülüb. 

1987-ci ildə “Mir” orbital kompleksinin işə salınması kimi məsuliyyətli işin öhdə­sindən bacarıqla gələn Kərim Kərimova Sosialist Əməyi Qəhrəmanı adı verilib və 2-ci Lenin ordeni ilə təltif edilib. Sonrakı mükafatları sırasında iki “Qırmızı Əmək Bayrağı” ordeni və çoxsaylı medallar da var. 

“Naxçıvan-90” aerokosmik eksperi­mentindən bir il sonra – 1991-ci ildə, 74 yaşında təqaüdə çıxsa da, kosmonavti­ka ilə əlaqələri kəsilməyib və Uçuşların İdarəetmə Mərkəzində məsləhətçi və­zifəsində çalışıb. Rus kosmonavtikası və raketqayırma sənayesinin inkişafındakı xidmətlərinə görə 2001-ci ildə Prezident Vladimir Putinin fərmanı ilə “Vətən qarşı­sında xidmətlərə görə” ordeni ilə müka­fatlandırılıb.

Uzun illər həyatı və fəaliyyəti cəmiy­yətdən gizlədilən generalın Azərbaycan­la əlaqələri haqqında ətraflı məlumat olmasa da, bu, onun doğma vətənindən uzaq olması kimi dəyərləndirilmir. Ək­sinə, bir çox azərbaycanlı alimin kosmik sahədə fəaliyyəti, Azərbaycanda Kosmik Tədqiqatlar İnstitutunun yaradılması və “Naxçıvan-90” aerokosmik eksperimenti­nin onun rəhbərliyi ilə ölkəmizdə keçiril­məsi bu böyük insanın öz Vətəninə bağ­lılığının kiçik bir göstəricisidir. 

Kərim Kərimov Azərbaycan Respub­likasının “Şöhrət” ordeni ilə təltif edilib, AMEA-nın fəxri üzvü seçilib. Azərbay­canda onun haqqında rus dilində “Kos­mosa gedən yol” avtobioqrafik kitabı nəşr edilib. Ona həsr olunmuş “Tamamilə məxfi general” kitabı da işıq üzü görüb, adına poçt markası buraxılıb. Şöhrəti kosmik ucalıqda dolaşan soydaşımızın həyatı barədə “Yüksəliş” adlı tammetrajlı sənədli film çəkilib. 

Xalq artisti, 40-a yaxın sənədli filmin müəllifi və rejissoru olan Vasif Babayevin SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komis­siyasının sədri, general-leytenant Kərim Kərimovdan bəhs edən həmin tammet­rajlı filmi onun həyatının çanlı səlnaməsi­dir. Bu barədə danışan qocaman rejissor deyir: 

– İdeya müəllifi akademik Arif Paşa­yev olan bu film Kərim Kərimovun içti­maiyyətə təqdimatında böyük rol oynadı, onun uzun illər gizli saxlanılan həyat və fəaliyyətini cəmiyyətə təqdim etdi. Fil­min çox gərgin keçən çəkiliş proseslərini uğurla tamamladıq. Biz o dövrdə təkcə Bakı çəkilişləri ilə kifayətlənmədik. Filmin bəzi səhnələri Moskvada, Baykonurda çəkildi. Bu, Kərim müəllimin həyatının önəmli səhnələrinin cərəyan etdiyi mə­kanlar idi. 

Açığını deym, filmin təqdimatları göz­lədiyimizdən də möhtəşəm oldu. Bakıda “Nizami” Kino Mərkəzində təşkil edilən, Mədəniyyət və Turizm Nazirliyinin Azər­baycanın Rusiyadakı səfirliyi ilə birgə Moskvada Kosmonavtika Müzeyində keçirdiyi təqdimatlar filmə böyük uğur gə­tirdi, sənət bayramı oldu. Mərasimlərdə SSRİ kosmonavtikasının banisi Sergey Korolyovun qızı – professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyovanın Kərim Kərimov haqqında xatirələri hədsiz maraqla qarşılandı. Filmin Bakı təqdima­tında Rusiyadan gəlmiş kosmonavtlar da iştirak etdilər.

Kosmik aparatların yaradılmasında və SSRİ adlı bir imperiyanın kosmo­sun fəthi uğrunda həyata keçirdiyi qlo­bal layihələrə rəhbərlik edən iki məsul şəxsdən biri Sergey Korolyov, digəri isə həmyerlimiz Kərim Kərimov olmuş­dur. Film kosmonavtikanın inkişafında əvəzsiz xidmətləri olmuş alim-konstruk­tor, general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunan sənət nümunəsi­dir. Sovet kosmonavtikasının əfsanəsi Kərim Kərimov 2003-cü ildə Moskvada vəfat edib.

Hazırladı:
Namiq QƏDİMOĞLU
XQ





Sosial həyat