Ermənistan 1918-ci ildə işğal üzərində qurulub

post-img

İrəvanda bu niyyətlə min bir saxtakarlığa əl atılıb

II YAZI

(Əvvəli qəzetin 6 fevral tarixli nömrəsində) 

Hörmətli oxucular. Ötən yazıda Paşin­yanın sülh danışıqlarına Azərbaycanın 86,6 və Ermənistanın 29,8 min kvadratkilometr­lik ərazi ilə gedilməsi ilə bağlı bəyan etdiyi fikrin əsassız olduğunu bildirmişdik. Qeyd etmişdik ki, Ermənistanın 1918-1920-ci il­lərdə mövcud olmuş dövlətinin ərazisi 9 min kvadratkilometr olub və bunu o vaxtkı dövlət adamları yazdıqları əsərlərdə də təsdiq etmiş­lər. 

O dövrə aid xəritələrdə bu dövlətin sər­hədləri indiki Ermənistanın sərhədləri de­yildir, içi Paşinyan qarışıq bu ölkədə yaxşı bilirlər ki, 20 min kvadratkilometrlik ərazi Ermənistana sonradan verilib. Qoy erməni­ilər Birinci Ermənistan Respublikasının baş naziri və xarici işlər naziri olmuş Aleksandr Hatisyanın “Ermənistan Respublikasının ya­ranması və inkişafı” adlı əsərini, o dövrün digər sənədlərini açıb baxsınlar. 

Ermənilər bu ərazini genişləndirmək üçün dünyanın müxtəlif mərkəzlərinə baş vurmuşlar, o cümlədən Türkiyənin dövlət adamları ilə əlaqə qurub görüşmüşlər, amma heç bir nəticə əldə olunmayıb. Həmin dövrdə nəşr olunan ermənicə mətbuatda da bu məsələ müzakirə olunub. İrəvanda nəşr olunan “Zang” (“Zəng”) qəzetinin 7 avqust 1918 tarixli nömrəsində Ermənistanın İstan­bul konfransına gedən nümayəndə heyətinin görüşləri ilə bağlı yazı dərc olunub. Həmin yazını olduğu kimi təqdim edirik:

“İyunun 13-də [1918] Ermənistan Res­publikasının sülh nümayəndə heyəti Vehib Paşanın dəvəti ilə tələsik gəmi ilə İstanbula getdi, orada artıq bəzi dövlətlərin nümayən­dələri konfransın açılışını gözləyirdilər. Alman gəmisi “General” iyunun 19-da nü­mayəndələri Konstansa vasitəsilə İstanbula apardı. Osmanlı hökuməti Tokatlıyan otelin­də erməni heyəti üçün otaqlar hazırlamışdı. Keçmiş Afina səfiri Muxtar bəy nümayən­dələri qarşılamağa gəlmişdi. İstanbuldakı erməni nümayəndələr türklərin onlara qarşı münasibətinin əvvəlkindən daha diqqətli və mehriban olduğunu gördülər.

Ermənistan nümayəndə heyətinə aşağı­dakı şəxslər daxil edilmişdi: Avetis Aharon­yan - sədr, Aleksandr Hatisyan və Mikael Papacanyan - nümayəndələr, Korqanyan - hərbi məsləhətçi, Gevorq Hatisyan - coğra­fi - statistik müşaviri və başqaları. Az sonra İstanbula bizim və gürcü nümayəndələrindən başqa azərbaycanlılar və Qafqaz dağlıla­rından ibarət nümayəndə heyətləri gəldilər. Bu Qafqaz nümayəndələrinin bir-biri ilə nəzakətli və şəxsi səfərlərdən başqa heç bir əlaqəsi və münasibəti yox idi. İstanbulda bir neçə gün qaldıqdan sonra Gegeçkori Berlinə getdi və iyulun 20-də geri dönməli idi.

Nümayəndələrimiz əvvəlcə Tələt Paşa­nı ziyarət etdilər. Avetis Aharonyan bu fik­rin vurğulandığı Batumda (1918-ci il iyun) tez-tez fransızca bəyannaməni oxuyaraq Er­mənistanın sərhədlərinin çox dar olduğunu, Qafqazda dinc həyatı və inkişafı təmin edə bilməyəcəyini, ona görə də onların dəyişdi­rilməsinin zəruri olduğunu deyirdi. Cavabın­da Tələt Paşa bu fikirlə razılaşdığını bildirdi və dedi ki, heç vaxt ümidsizliyə qapılmaq olmaz.

Tələt Paşadan sonra nümayəndələr Ən­vər Paşanı ziyarət etdilər. Ənvər açıq şəkildə qeyd etdi ki, türk nazirlər uzun müddət Ermə­nistan yaratmaq ideyası üzərində düşünüblər, lakin sonda belə bir qərara gəliblər, çünki bu həm ermənilərə, həm də Türkiyəyə daha sərfəlidir. Ənvər istəyirdi ki, insanlar Tür­kiyənin Ermənistanın varlığını təmin etmək üçün səmimi şəkildə fəaliyyət göstərdiyinə inansınlar.

Papanın nümayəndəsi də daxil olmaq­la, bütün digər nazirlərə, səfirlərə və neytral dövlətlərin nümayəndələrinə səfərlər edi­lib, Qarşılıqlı səfərlər də olub”. (“ZANG” (“Zəng”) qəzeti, 7 avqust 1918-ci il). 

Ermənicə mətbuat orqanlarında A.Aha­ronyanın başçılıq etdiyi erməni nümayəndə heyətinin İstanbulda 3 aydan artıq bir müd­dətdə qalaraq burada çox sayda görüşlər keçirdiyi barədə də yazılar vardır. Heyət Ermənistanın Batum anlaşması ilə müəyyən olunan 9 min kvadratkilometrlik ərazisini ge­nişləndirməyə çalışırdı. 

Osmanlı dövlət böyükləri buna imkan vermədilər. Lakin ermənilərin ərazi iddiaları bitmədi. Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlubiyyətini fürsət bilən Ermənistan Batum müqaviləsini pozdu, Qars da daxil olmaqla, bir sıra Şərqi Anadolu əra­zilərini Ermənistana birləşdirməyə cəhd etdi. Lakin Mustafa Kamal Atatürkün başçılıq et­diyi Türkiyə Ordusu 1920-ci ildə Ərzurumu, Sarıqamışı, Qarsı azad edərək Gümrü şəhəri­ni də tutdu. Ermənistan kapitulayasiya aktı­na imza atdı. 1920-ci il dekabrın 2 dən 3-nə keçən gecə Türkiyə ilə Ermənistan arasında sülh müqaviləsi imzalandı. Bu, Ermənistanın ilk kapitulyasiyası idi. 

Sanki, tarix təkrar olunur. Düz 100 il sonra Ermənistan yeni bir kapitulyasiya ak­tına imza atdı. Bu gün hansısa müqavilədən söhbət gedəcəksə, Ermənistana, bu gözlə, yəni məğlub edilmiş bir dövlət gözü ilə baxılmalıdır. 

Qafar ÇAXMAQLI,
Türkiyənin Ərciyəs Universitetinin professoru

Siyasət