Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 63 Bakı şəhəri, 31 yanvar 2024-cü il

“Malların risk qruplarının təyin edilməsi meyarları”nın təsdiq edilmə­si haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Texniki tənzim­ləmə haqqında” Azərbaycan Respublika­sının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. “Malların risk qruplarının təyin edil­məsi meyarları” təsdiq edilsin (əlavə olu­nur).

2. Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 63 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

  

Malların risk qruplarının təyin edilməsi

MEYARLARI

1.    Ümumi müddəalar

1.1. Bu sənəd “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.14-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və malların risk qruplarının təyin edilməsi meyarlarını müəyyən edir.

1.2. Bu sənədin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi akt;

1.2.2. risk - malların insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalı;

1.2.3. malların risk qrupları - malların insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq yüksək, orta, aşağı qrupları;

1.2.4. meyar - malın risk qrupunun müəyyən olunması məqsədilə maldan yarana biləcək təhlükənin qiymətləndirilməsi üçün əsas göstərici;

1.2.5. maldan yarana biləcək təhlükə - malın insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vura biləcək xassə və xüsusiyyətləri;

1.2.6. təhlükənin ağırlıq dərəcəsi - maldan yarana biləcək təhlükənin və ya zərərin miqyası;

1.2.7. həssas istehlakçı qrupu - körpələr (1 yaşınadək), erkən yaşlı uşaqlar (1 yaşından 3 yaşınadək), 3 yaşından 8 yaşınadək olan uşaqlar, 8 yaşından 14 yaşınadək olan uşaqlar, əlilliyi olan şəxslər, hamilə qadınlar, kəskin xroniki xəstəliyi olan şəxslər və yaşı 65-dən yuxarı da daxil olmaqla yaşlılar;

1.2.8. zədə ssenarisi - təhlükədən yarana biləcək zədələr barədə ehtimalların toplusu.

1.3. Bu sənəddə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

2.    Meyarlar

2.1. Malların risk qrupları maldan yarana biləcək təhlükələr nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında təyin edilir:

2.1.1. mexaniki təhlükə;

2.1.2. boğulma təhlükəsi;

2.1.3. elektrik cərəyanının vurma təhlükəsi;

2.1.4. istilik və ya yanğın təhlükəsi;

2.1.5. yanığa səbəb ola biləcək termal təhlükə;

2.1.6. kimyəvi təhlükə;

2.1.7. mikrobioloji təhlükə;

2.1.8. səs və ultrasəs təzyiqi nəticəsində yarana biləcək təhlükə;

2.1.9. radiasiya təhlükəsi;

2.1.10. partlayış təhlükəsi;

2.1.11. malın növündən (funksional təyinatından) asılı olaraq yarana biləcək təhlükə;

2.1.12. maye təzyiqi nəticəsində yarana biləcək təhlükə;

2.1.13. lazer mənbələrindən yarana biləcək təhlükə;

2.1.14. emal texnologiyalarının son istifadə müddəti;

2.1.15. malın son istifadə müddəti;  

2.1.16. təhlükənin zərər vura biləcəyi obyektlər;

2.1.17. obyektlərə vurula biləcək zərərin təsviri;

2.1.18. zədə ssenarisi.

2.2. Meyarların tətbiqi zamanı aşağıdakılar nəzərə alınır:

2.2.1. malın yarada biləcəyi təhlükə ilə bağlı elmi-texniki məlumatlar;

2.2.2. həssas istehlakçı qrupları nəzərə alınmaqla, maldan yarana biləcək təhlükənin ağırlıq dərəcəsi; 

2.2.3. maldan yarana biləcək təhlükə barədə dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən daxil olan məlumatlar;

2.2.4. malın qablaşdırılmasından yarana biləcək təhlükə; 

2.2.5. Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlər qüvvəyə minənədək həmin reqlamentlərin əhatə etdiyi mallara dair standartların, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələbləri.

Nazirlər kabinetinin qərarları