“İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri”

post-img

Dövlətimiz tərəfindən həyata keçirilən İslam dünyasına yönələn, müsəlman ölkələri arasında birliyin daha da gücləndirilməsini, sülh və əməkdaşlığın də­rinləşdirilməsini özündə ehtiva edən siyasət Azərbaycanın hər bir müsəlman ölkəsinə olan münasibətində özünü açıq şəkildə göstərir. Həm də ona görə ki, Azərbaycanın çoxəsrlik tarixi, mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən, müsəlman dünyasında gedən proseslərlə sıx bağlıdır. 

Artıq demokratik dünyaya inteqrasiya et­miş respublikamız yeni sistemə məhz tarixən formalaşmış mənəvi dəyərlərlə daxil olub. Mövcud çoxəsrlik mədəniyyətinin kökündə ümumşərq, ümumislam amili xüsusi yer tu­tan Azərbaycanın İslam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin ölkəmizə olan diqqəti təbiidir. Bu mənada Azərbaycanın İs­lam dünyasına olan diqqəti həm də ölkəmizin müsəlman dövlətləri arasında əməkdaşlığa verdiyi töhfələrlə müşayiət olunur.

Bununla yanaşı, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəy­liyi ili” elan edilməsi humanist və sülhsevər təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin daha bir göstə­ricisidir. Belə təşəbbüslər dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahə­sində əməli addımların atılmasına, o cümlə­dən, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfə­sini verməkdədir. 

Bütün dövrlərdə sülhpərvər siyasət yürü­dən, müsəlman həmrəyliyinə diqqətlə yana­şan Azərbaycan hər zaman dövlətlər arasında münasibətlərin daha da canlandırılmasına çalışıb və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. Müasir dünya reallıqları da sübut edir ki, İslam alə­minin birliyə böyük ehtiyacı var. Çünki ha­zırda İslam dünyasında, ümumilikdə, Yaxın Şərq regionunda cərəyan edən proseslər, müharibələr, hərbi-siyasi çəkişmələr nəticə­sində bir qisim dövlətlərin iqtisadiyyatı da­ğılıb, tənəzzülə uğrayıb. Qərb ölkələrində isə islamofobiya yayılır, bəzi qərb dairələri məqsədyönlü şəkildə sülh, barışıq, bərabərlik dini olan İslamı terrora bağlayırlar. Belə bir vaxtda iqtisadi əməkdaşlığın gücləndirilməsi, ümumilikdə, İslam maliyyə sisteminin yara­dılması və inkişafı xüsusi önəm kəsb edir və dövrün çağırışlarından irəli gəlir. 

Bu mənada, Azərbaycan İlahiyyat İnsti­tutu ilə İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin birgə layihəsinin nəticəsi olaraq nəşr edilmiş “İslam maliyyə sistemi və onun Azərbaycandakı perspek­tivləri” adlı dərs vəsaiti mühüm aktuallığa malikdir. Dərs vəsaiti İslam maliyyə siste­minin formalaşdırılmasının tarixi və nəzəri məsələlərini geniş izah etməklə, ölkəmizdəki perspektivləri barədə ətraflı məlumatları da özündə əks etdirir. 

İslam maliyyə aktivləri hələ 2020-ci il­dəki 3,4 trilyon ABŞ dollarından 7,8 faiz artaraq 2021-ci ildə 3,6 trilyon dollara çatıb, eləcə də dinamik olaraq artmaqdadır. İslam maliyyəsi nəinki müsəlman ölkələrini, bütün dövlətləri əhatə etməkdədir. Mərkəzi Asiya, Şimali Amerika, Sakit okean hövzəsi və Af­rika bölgəsi də daxil olmaqla, dünyanın 135 ölkəsində İslam bankçılığı tətbiq olunur.

Azərbaycanda İslam maliyyəsi üzrə kadr hazırlığı, institusional inkişaf, qanunvercili­yin təkmilləşdirilməsi, dünyada aparıcı İslam maliyyə qurumları ilə əməkdaşlığın güclən­dirilməsi və İslam maliyyə kanalları vasitə­silə sərmayə cəlbi, xüsusən də postkonflikt quruculuğunda İslam maliyyə imkanlarından istifadə məsələləri kitabın aktual müzakirə mövzularıdır. 

“İslam maliyyə sistemi və Azərbaycan­da perspektivləri” adlı kitab, ümumilikdə, altı fəsildən ibarətdir. Əsərin “İslam iqtisa­diyyatının nəzəri əsasları və tarixi inkişafı” adlı birinci fəslində İslam iqtisadiyyatının dini-nəzəri əsasları və prinsipləri izah edi­lir, din və iqtisadiyyat arasındakı əlaqələr şərh olunur, İslam iqtisadiyyatının elastiklik, ümumbəşərilik, tədricilik kimi xüsusiyyətlə­rinin nəzəri aspketləri açıqlanır. İslam iqti­sadiyyatının qaydaları aydın şəkildə verilir, mənbələri göstərilir. Kitabda qeyd olunur ki, İslam iqtisadiyyatında hüquqi mənbə və metodlardan istifadə edilməsinin səbəbi iqti­sadiyyata hüququn bir parçası kimi yanaşıl­masından irəli gəlir. 

İslam bankçılığında maliyyə tədarükü, bank məhsulları, sistemin cari vəziyyəti, habelə icarə, sosial alətlər, kapital bazarı, sahənin inkişafında təkafülün rolu və s. is­tiqamətlərdə elmi-nəzəri məsələlərə kitabın “İslam maliyyə mexanizmləri” adlanan ikinci fəslində baxılır. Bu fəsildə şəriklik (ortaqlıq), ticarət, icarə və sosial model əsaslı İslam ma­liyyə mexanizmləri nəzərdən keçirilir, mü­darəbə, özəl müdarəbə, müştərək müdarəbə, muşarəkə və s. kimi bank məhsullarının geniş nəzəri izahı verilir və müdarəbədə pul axını sxematik təsvir edilir. 

Kitabda İslam maliyyəsi üzrə ölkələrin reytinqi, tənzimləmə sisteminə görə qabaq­cıl ölkələr, qlobal İslam maliyyə mənzərəsi, mövcud maliyyə sisteminin başlıca alətlər üzrə bölgüsü, müxtəlif ölkələr üzrə İslam maliyyə aktivlərinə dair statistik göstəricilər əsasında İslam maliyyəsinin cari vəziyyəti, sukuk bazarının formalaşması, təkaful əmə­liyyatları və s. geniş təhlil olunur. 

Kitabın islam ticarət qanunları, İslamda müqavilənin növləri və hüququ, İslam ma­liyyə institutlarında şəriət komitələri, sözü­gedən maliyyə sistemində uçot və korporativ idarəetmə kimi məsələləri əhatə edən üçün­cü fəsili “İslam ticarət qanunları və İslam maliyyə institutlarında korporativ idarəet­mə standartları” adlanır. Bu fəsildə İslamda təbərru, ibra, bey satış, əmanət, müsavəmə, hüquqların ötürülməsi, habelə əməkdaşlıq müqavilələrinin nəzəri-praktiki aspektləri izah edilir, şəriət komitələrinin rolu və və­zifələri, onların fəaliyyətində tətbiq olunan tənzimlənmə, muhasibat və audit standartları ətraflı təhlil olunur. 

Kitabda bildirilir ki, İslam Maliyyə İns­titutunda (İMİ) şəriət nəzarəti qaydalarının tənzimlənməsi, muhasibat və audit stan­dartlarının tərtibi və tətbiq olunmasına nə­zarət İMİ-nin Muhasibat və Audit Təşkilatı (AAOIFI) tərəfindən həyata keçirilir. Şəriət təftişinin əhatə dairəsi, şəriət nəzarət komitə­si ilə daxili şəriət təftişinin fərqləndirici xü­susiyyətləri, AAOİFİ maliyyə hesabatlarının səciyyəvi cəhətləri, audit və idarəetmə ko­mitəsinin funksiyaları və s. kimi məsələlərə də üçüncü fəsildə aydınlıq gətirilir. 

Kitabın “Qlobal maliyyə sisteminin in­kişafında islam maliyyəsinin rolu” adlı dör­düncü fəslində İslam maliyyə xidmətlərinin müasir vəziyyəti geniş təhlil olunur, İslam maliyyə sisteminin davamlılığı araşdırılır, maliyyə xidmətləri sahəsində qlobal imkanlar tədqiq olunur. Bu fəsildə statistik məlumat­ların əsasında İslam maliyyə xidmətlərinin müasir vəziyyəti araşdırılır, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, İndoneziya, Misir və Səudiyyə Ərəbistanının timsalında bu sahəyə investisiya qoyuluşu, maliyyə xidmətlərinin inkişaf dinamikası və miqyası təhlil olunur. Ənənəvi maliyyələşmə ilə İslam maliyyəsi arasında müqayisəli paralellik aparılır, İslam maliyyə sistemində səmərəlilik, risk, risklə­rin idarə edilməsi və s. istiqamətlərdə nəzəri əsaslar və prinsiplər verilir. 

Kitabda qeyd edilir ki, müsəlmanların şə­riətə uyğun maliyyə sisteminə artan ehtiyacı İslam maliyyəsinin böyüməsinə təkan verir. Bir çox müsəlman qeyri-islam ölkələrində yaşasa da, ənənəvi bankçılıqda faiz ödənişlə­rinin qadağan olunmuş riba ilə ziddiyyət təş­kil etdiyini başa düşdükdən sonra təbii olaraq alternativ maliyyələşdirmə üsulları axtarır ki, bu da İslam maliyyə sisteminin inkişaf dray­veri kimi çıxış edir.

Kitabın bu fəslində, həm də dünyada İslam maliyyə xidmətlərinin inkişaf imkan­ları Səudiyyə Ərəbistanı, Mərakeş, Yəmən və İraqda İslam maliyyəsinə üstünlük verən kiçik və orta sahibkarların (KOS) timsalın­da təhlil olunur. Konkret rəqəmlərlə təsvir edilən dinamika əsasında İslam maliyyə xid­mətlərinin qlobal perspektivləri izah edilir. 

“Azərbaycanın bank sisteminə baxış və islam maliyyə sisteminin perspektivləri” adlı beşinci fəsildə isə Azərbaycanın bank siste­mi zəngin statistik məlumatlar əsasında təhlil olunur və bu sistemin perspektivləri göstəri­lir. Bu fəsildə İslam bankçılığı ilə Mərkəzi Bankın funksiyaları araşdırılır, İslam bankçı­lığının tətbiqi imkanları izah edilir. 

Ümumilikdə, kitabda verilmiş zəngin informasiyalar, İslam maliyyəsinin mövcud vəziyyəti və perspektivləri istiqamətində apa­rılan geniş əhatəli təhlillər praktiki və nəzəri cəhətdən əhəmiyyətli hesab olunur. İslam maliyyə sisteminin fundamental əsaslarını öyrədən dərs vəsaiti ali təhsil müəssisələrin­də əhəmiyyətli tədris vasitəsi olmaqla yanaşı, həm də bu sahədə araşdırma aparan tədqiqat­çılar, habelə müvafiq qərarların qəbulu üçün zəngin və dəyərli bir mənbə rolunda çıxış edir. 

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı

Sosial həyat