(“Bir millət, iki dövlət” kəlamı kontekstində)
II MƏQALƏ
Heydər Əliyev, həqiqətən də, tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü Müstəqil Dövlətlər Birliyi məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir…
Çingiz AYTMATOV
Milli dövlət quruculuğunun “Naxçıvan sinerjisi”: birləşdiricilik nümunəsi kimi
Yuxarıda vurğulanan fikirlərdən fəlsəfi-sinergetik qənaətlər əldə etmək olar. Bunun üçün yeni bir anlayış daxil etməliyik: milli dövlət quruculuğunun “Naxçıvan sinerjisi”. Bu anlayış fəlsəfi və politoloji aspektlərdə nəyi ifadə edir?
a) “Sinergizm” və “sinerji”: qısa fəlsəfi-sinergetik izah
Öncə, milli dövlət quruculuğunun “Naxçıvan sinerjisi” dedikdə nəyi nəzərdə tutduğumuzu izah edək. Məsələyə fəlsəfi-sinergetik yanaşdığımızdan daxil etdiyimiz anlayışın konkret və əsaslı elmi məzmunu müəyyən edilməlidir.
“Sinerji” anlayışı sinergetikada işlənir. Bununla yanaşı, “sinergizm” anlamı da vardır. Bunlar fərqlidirlər. Sinergizm, ümumiyyətlə, mürəkkəb və özünütəşkil edə bilən sistemlərin (cəmiyyət də bura daxildir) həm real prosesləri arasında olan münasibətləri, həm də bu münasibətləri öyrənmənin sinergetik “elmi təşkiledici prinsipi”ni ifadə edir. Bir qədər sadə şəkildə ifadə etsək, “sinergizm” mürəkkəb və qeyri-xətti sistemlərin real özünütəşkil prosessuallığını və ümumelmi tədqiqat strategiyasını (M.Kastels, B.Latur, E.Moren, V.İ.Arşinov mənasında) ifadə edir. Sinergizmin əsas əlaməti sistemin elementlərinin bir-biri ilə harmoniyası, uzlaşması, həmahəngliyidir. Bu keyfiyyətdə sinergizm sistemi tamlaşdıran, bütövləşdirın və özünütəşkil edən başlıca ümumi epistemoloji prinsipdir.
“Sinerji” anlayışı sinergizmdən alınır. Sinerji artıq konkret enerji aspektində sistemdaxili elementlərin harmoniyada və vəhdətdə aktuallaşmasıdır (əyaniləşməsi, potensialın aktuallaşma sayəsində predmetləşməsi, maddi forma alması, konkret faktora çevrilməsi).
Deməli, “sinerji” abstrakt olduğu qədər də konkret məzmuna malik heterogen (qeyri-bircins, fərqli təbiətli, müxtəlif elementlərdən təşkil olunan sistem-proses və ya şəbəkə) hadisədir. Tədqiq olunan obyektin təbiətindən asılı olaraq sinerji müxtəlif formalarda əyaniləşə və ya predmetləşə bilər. Məsələn, fiziki sistemlərdə, bu, kvantların harmoniyasının predmetləşməsidirsə, bioloji sistemlərdə hüceyrələrin qarşılıqlı əlaqəsinin sintetik effektinin elmi obrazı ola bilər. Sosial-siyasi sistemlərdə isə cəmiyyəti təşkil edən subyektlərin fəaliyyətlərinin konkret məqsəd fonunda harmoniyası, bir-biri ilə uzlaşması və ahəngdarlıq yaratmasıdır.
Biz, “sinergizm” və “sinerji” anlayışlarının ümumi fəlsəfi-sinergetik anlamlarını Azərbaycanda müstəqil milli dövlət quruculuğu konsepsiyasının konseptual elmi kateqorial aparatının anlayışı olaraq “Naxçıvan sinerjisi” ifadəsinə reduksiya (məna və məzmunca konkret mövzuya “köçürürük”) edirik. Mətndəki təhlil göstərəcəkdir ki, bunun ciddi elmi əsasları mövcuddur, yəni belə reduksiyaya haqqımız vardır.
b) Milli dövlət quruculuğunun “Naxçıvan sinerjisi”
Milli müstəqil dövlət quruculuğu konsepsiyası çərçivəsində “Naxçıvan sinerjisi” konkret məzmuna malikdir. Onun nəzəri ilə yanaşı, praktiki fəaliyyət aspektləri vardır. Burada öncə, Azərbaycanın bir konkret regionunda cəmiyyətin, rəhbərliyin və siyasilərin vahid amal uğrunda ümum-Azərbaycan miqyasında fəaliyyətinin otaq bir cəhəti ifadə olunmuşdur. O, naxçıvanlıların (vətəndaş, siyasətçi, idarəedən, ziyalılar və digər təbəqələrin) bütövlükdə Azərbaycanda müstəqil dövlət qurmaq uğrunda fəaliyyətlərini (sinergetik ifadə etsək: enerjilərini) eyni istiqamət (daha doğrusu, məqsəd) üzrə birləşdirməyi, sintez etməyi, harmoniyasına, ahəngdarlığına nail olmasını ehtiva edir. Bu keyfiyyətdə “milli dövlət quruculuğunun son hədəfi, bütövlükdə, Azərbaycanda müstəqil dövlətin qurulmasından ibarətdir. Bu tezisi təsdiq edən dörd faktı göstərə bilərik (əslində, onlar çoxdur).
Onlardan biri 1989-cu ildə İranla olan sərhədin xalq tərəfindən sökülməsi idi. Bu, naxçıvanlıların bütün dünyaya əsas məsələnin bütövlükdə Azərbaycanın müstəqil dövlətçiliyi ilə bağlı olduğu mesajını əməli fəaliyyət vasitəsi ilə göndərməsi idi. Böyük qəhrəmanlıq tariximizin bir fraqmentidir!
İkinci fakt kimi, 1990-cı ildə məhz Naxçıvanda Azərbaycan Demokratik Respublikasının şanlı üçrəngli bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsini və onun təntənəli surətdə Naxçıvan parlamentinə gətirilməsini göstərə bilərik. Eyni zamanda, Naxçıvan parlamenti Azərbaycan Ali Soveti (o zaman, Azərbaycanın qanunverici orqanı belə adlandırılırdı) qarşısında vəsatət qaldırdı ki, Azərbaycan dövləti bu bayrağı rəsmi olaraq Dövlət Bayrağı kimi təsdiq etsin!
Bayrağın rəsmi olaraq Azərbaycanın bir regionunda, bütövlükdə, Azərbaycanın Dövlət Bayrağı statusunda qəbul edilməsi olduqca əlamətdar və milli dövlət quruculuğu baxımından prinsipial əhəmiyyət daşıyan hadisə idi. Bu, faktiki olaraq Naxçıvan əhalisinin, bütövlükdə, Azərbaycanı müstəqil dövlət kimi görmək arzusu ilə “nəfəs aldığı”nı ifadə edirdi.
Siyasi kontekstdə isə bu, Azərbaycan tarixində ilk dəfə olaraq bir bölgədə dövlətçiliyin rəmzi kimi qəbul edilən bayrağın, həmin bölgənin özü tərəfindən, bütövlükdə, Azərbaycan qanunverici orqanına müraciət edərək onun rəsmi dövlət bayrağı kimi qəbul edilməsi məsələsinin qaldırılması olayı idi!
Burada Naxçıvan əhalisinin iki mühüm siyasi ismarıcı vardı: onlardan biri Naxçıvanda faktiki olaraq, bütövlükdə, Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin aparıldığının nümayişi idi. Yəni, söhbət ölkənin bir regionundan getmirdi. Digəri isə Naxçıvanda bu fəaliyyəti təşkilatlanmış şəkildə koordinasiya edən, ona yön verən və qarşıya konkret aydın vəzifələr qoyan təşkilatlanma mövcud idi!
Sərhədlərin sökülməsindən sonra məhz ADR-in bayrağının Naxçıvanda qəbul edilməsi stratejidə hədəfin Bütöv Azərbaycan olacağı mesajı idi. Bu, ümumiyyətlə, Azərbaycanın yerləşdiyi coğrafi-siyasi və geosiyasi məkanda inqilabi bir hərəkat idi. O, Naxçıvandan başlamışdı, özü də Şimali Azərbaycanda müstəqil dövlət quruculuğunun motivasiyasi kimi həyata keçirilirdi!
Üçüncü fakt. Bütün bunların fonunda 1990-cı ilin yayında Ulu Öndərin Naxçıvana gəlişi çox əhəmiyyətli hadisə kimi görünür. Bu, taleyin xoş sürprizimi idi? Yoxsa, ömrünü Vətəninə həsr etmiş bir böyük siyasi xadimin yenidən fəaliyyətə başlamasının ilk addımı?
Əslində, bu cür sualların ritorikadan və emosiyaları “yoxlamaq”dan başqa mənası yoxdur. Çünki Heydər Əliyevin fəaliyyəti göstərdi ki, Ulu Öndərin bir siyasətçi və dövlət xadimi kimi, ən böyük amalı xalqa və dövlətə xidmət etməkdən ibarətdir. Ümummilli lider bu barədə açıq demişdir. Hətta “əgər müstəqillik yolunda mənə və ailəmə terror belə etsələr, müstəqillik yolundan çəkilmək yoxdur” məzmununda fikrini bəyan etmişdi. Ona görə də 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi dönüş nöqtəsi, Azərbaycanda müstəqil dövlət quruculuğuna yeni güc, təkan verilməsi hadisəsi kimi qəbul edilməlidir. Məsələ ondan ibarət idi ki, həmin mərhələdə həm Naxçıvan muxtar qurum olaraq çətin vəziyyətdə idi, həm də müstəqillik yolunda işləri mükəmməl aparmaq üçün təcrübəli, iradəli, mahir diplomat olan bir liderə ehtiyac yaranmışdı. Proseslər naxçıvanlıların düzgün seçim etdiklərini çox tez bir zamanda göstərdi.
Ulu Öndər həmin hadisə ilə bağlı demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Həmrəylik: “Naxçıvan sinerji”si elementi kimi
Dördüncü fakt. Artıq 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisi bütün Azərbaycan üçün tarixi əhəmiyyəti olan bir qərar qəbul etdi. Bu, 31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında qərarı idi. Bu, Ulu Öndərin dəfələrə xalqı və siyasətçiləri birləşməyə səsləyişinin birbaşa məntiqi nəticəsi idi! 31 dekabr tarixi də təsadüfən seçilməmişdi: məhz dekabrın 31-də sərhədlər sökülmüşdü!
Bununla Heydər Əliyev Azərbaycanın müstəqil dövlət ola bilməsi üçün iki hadisəni üzvi surətdə bir-biri ilə vahid siyasi məntiq daxilində sintez etmişdir: ümumi müstəqil dövlət qurmaq konsepsiyası ilə xalqın praktiki fəaliyyətinin nəticələrini birləşdirmişdi! Bu, sinergetik terminlərlə milli dövlət quruculuğu konsepsiyasının “Naxçıvan sinerji”sinin mühüm əlamətlərindən biridir! Bu kontekstdə araşdırmaçıların “1991-ci il dekabrın 16-da Naxçıvanda qəbul olunan qərar azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır” fikri tamamilə əsaslıdır.
Bir qədər də dərindən məsələyə yanaşanda Heydər Əliyevin müstəqil dövlət quruculuğunu eksklüziv reallaşdırmaq üçün azərbaycançılıq ideologiyasının ilk sınağını Naxçıvanda həyata keçirdiyi fikrini irəli sürə bilərik. Bu, böyük ideoloji addım, tətbiqi baxımdan yenilik idi. Çünki Avrasiya məkanında bir regionda bütövlükdə ölkə üçün uğurlu ola bilən ideologiyanı konkret hüquqi sənəddə konkret mövzu üzrə hamının qəbul edəcəyi formada ifadə etməyin ikinci nümunəsi yoxdur. Həmin sənəd əsasında dünya azərbaycanlılarının müstəqil dövlət amalı uğrunda sıx birləşməsi məqsədləri aydın görünürdü. Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı keçirilən qurultaylarda göstərdikləri fövqəladə aktiv fəaliyyət də təsdiq edir ki, Ulu öndərin “həmrəylik” anlayışına verdiyi nəzəri məna və real-praktiki məzmun güclü təsiretmə və birləşdirmə potensialına malikdir. Sosial-siyasi həmrəylik xilas olmanın əsas təminedici faktorudur. Cəmiyyətin məqsədyönlü birliyi olmasa, kollektiv olaraq qalıcı uğur əldə etmək mümkün deyildir.
Bundan başqa, həmrəyliyin fəlsəfi-sinergetik anlamı Heydər Əliyevin nümunəsində Azərbacan üçün konkret məzmun kəsb etmişdir. Ulu öndər məsələni bu aspektdə aktuallaşdırmışdır: müstəqilliyə aparan yol həmrəylikdən keçir, həmrəylik isə konkret olaraq vahid məqsəd uğrunda fəaliyyət birliyini tələb edir! Bu baxımdan, həmrəylik milli dövlət quruculuğunun Naxçıvan mərhələsinin sinerjisinin əsas əlamətlərindən biridir! Eyni zamanda, “Naxçıvan sinerji”sinin sonrakı mərhələdə “Azərbaycan sinerjisi”nə çevrilməsinin başlıca mexanizmidir!
Məslənin bu aspektinin təhlilinə keçməzdən öncə milli dövlət quruculuğunun mühüm bir özəlliyini vurğulayaq. Biz, “Naxçıvan sinerjisi”nin konkret bir mərhələdəki bir neçə takiki və strateji xarakterli funksiyasını nəzərdə tuturuq.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru