Türkiyənin “TRT” media agentliyi ötən il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycanın yardım üçün gələn ilk ölkə olduğuna dair material yayımlayıb.
“Əsrin fəlakətində Türkiyənin yardımına ilk gələn Azərbaycan oldu” sərlövhəli yazıda Azərbaycanın axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsində sanki öz ölkəsində kimi işlədikləri vurğulanır.
Yazıda Türkiyəyə köməyə gələn azərbaycanlı axtarış-xilasetmə mütəxəssislərinin həmin günlərdə yaşadıqlarına dair müsahibələri də yer alıb.
Bildirilib ki, zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib. Komandalar fevralın 6-da Türkiyəyə gəlib və təxminən bir ay ərzində həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub.
Bununla bağlı “TRT”yə müsahibə verən nümayəndə heyətimizin üzvləri, polkovnik Elşad Zərbəliyev, Elvin İsgəndərov, Elçin İmamquliyev, yanğınsöndürmə mütəxəssisi Səxavət Həsənov və Kahramanmaraşda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaratdığı səhra xəstəxanasında həkim işləyən Nigar Pənahova bildiriblər ki, zəlzələ baş verən gün dərhal Türkiyəyə yola düşüblər və günorta saatlarında Adana hava limanına gəliblər. Heyətimiz oradan Kahramanmaraşa yollanıb.
Qeyd edilib ki, Azərbaycan qrupları dağıntılar altından 53 nəfəri xilas edib, 780 nəfərin isə cəsədini çıxarıb. Ölkəmiz tərəfindən zəlzələ zonasında iki səhra xəstəxanası yaradılıb. Bu xəstəxanalarda 3 min adam müalicə olunub. Komandamız işlərinin başladığı ilk gün bir ailənin üç üzvünü xilas etdiklərini xatırlayıblar.
“Dağıntılar altından insanları çıxaranda, sanki öz doğmalarımızı xilas edirmiş kimi sevinirdik. Türkiyə bizim qardaşımızdır və orada çox çalışdıq. Xilas etdiyimiz bir qadın azərbaycanlı olduğumuzu öyrənincə “Can qardaşlarımız gəlib” deyə səsləndi. Orada zamanla yarışırdıq və mümkün qədər çox insanı xilas etməli idik. Allaha şükür, buna nail olduq. Bununla fəxr edirik. Əfsuslar olsun ki, çoxlu cəsəd də çıxardıq. Cəsədlərin bədən bütövlüyünün pozulmamasına çalışırdıq”, - deyə bildirilib.
Həmvətənlərimiz Türkiyəyə vəzifə deyil, qardaşlıq borcunu ödəmək üçün geldiklərini vurğulayaraq ilk dəfə belə böyük zəlzələ ilə qarşılaşdıqlarını, lakin buna baxmayaraq psixoloji cəhətdən hazır olduqlarını qeyd ediblər.
Kahramanmaraşdan sonra Hataya yola düşdüklərini deyən nümayəndələrimiz Hatayda 5,4 ballıq zəlzələyə yaxalandıqlarını xatırlayıblar.
Bildirilib ki, Azərbaycan qardaş Türkiyənin yanındadır və hər zaman yanında olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Üstün Fədakarlığa görə Dövlət Medalı” ilə təltif edildiyini xatırladan E.İsgəndərov, bu medalı Azərbaycandan olan bütün komanda yoldaşları adından aldığını deyib.