Özbəkistanda Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

post-img

Azərbaycanda 2 fevral Gənclər Günü münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Daşkənddə tədbir və konsert keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, diasporumuzun üzvləri, ictimaiyyətin nümayəndələri , tələbələr iştirak ediblər. Əvvəl tədbir iştirakçıları mərkəzinin foyesində “Zəfərə gedən yol” adlı foto və kitab sərgisinə baxıblar.

Tədbiri AMM-nin direktoru Samir Abbasov açaraq əsası 1997-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verib, həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin dövlətin böyük diqqət və qayğısə ilə əhatə olunduğunu bildirib. 

S.Abbasov cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun  yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə qayğısından da danışıb. 

Özbəkistan Gənclərlə İş Agentliyinin beynəlxalq əlaqələr üzrə rəhbəri Maxfuza Artıkova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycanın gənclər siyasətinin təqdirəlayiq və uğurlu olduğunu, Özbəkistanda da bu istiqamətdə dövlət tərəfindən mühüm işlərin həyata keçirildiyini qeyd ediblər. Onlar 2024-cü ilin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə ölkədə Gənclərə və biznesə dəstək ili elan olunduğunu vurğulayıblar. 

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova son illərdə Özbəkistanla əlaqələrin inkişafından danışaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində mühüm əməkdaşlıq platformasının yaradıldığını qeyd edib. Ş. Binnətova dünya azərbaycanlılarının həmrəyliyi və diaspor sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. 

Çıxış edən azərbaycanlı gənclər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin nailiyyətləri, qazanılan uğurlar, əldə olunan zəfərlə fəxr etdiklərini bildiriblər. 

Daha sonra Gənclər Günü münasibəti ilə Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan bədii proqram təqdim olunub. 

Tədbirin bədii hissəsində Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Müdafiə Nazirliyinin nümunəvi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərli Azərbaycan musiqilərini ifa ediblər. 

Özbəkistanda yaşayan azərbaycanlı müğənni Rəna Əzizovanın ifasında mahnılarımız, AMM-nin Kövkəb Aliyeva adına rəqs ansamblının ifasında  rəsqlərimiz alqışlarla qarşılanıb.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 









Mədəniyyət