Gürcüstan nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasında olub.

 Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnunluq doğurduğu qeyd edilib. Vurğulanıb ki, iki ölkənin münasibətləri, eyni zamanda, ali seçki qurumları arasında da sıx əməkdaşlığın yaranmasına səbəb olub.

M.Pənahov qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin seçki sisteminin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

O qeyd edib ki, seçicilərin seçki məntəqələrinə gələrək öz iradələrini azad və sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Gürcüstan nümayəndə heyətinin rəhbəri Giorgi Kalandarişvili seçki prosesində şəffaflığın xüsusi önəm daşıdığını qeyd edib, bu sahədə təcrübə mübadiləsinin vacibliyindən danışıb. Qonaq əmin olduğunu bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçiriləcək.

Siyasət