Şəbnəm Cəbrayıl Laçına qayıtmaq üçün Ağcabədidə məktəb direktorluğundan imtina edib
Azərbaycan gənclərinin vətənpərvərliyi, yurd sevgisi, bəlkə də dünyaya bir nümunədir. Laçınlı Mehriban ana ilə qızları Şəbnəm və Nata, kürəkəni Orxanın torpaqlarımız işğaldan azad olunandan sonra hələ tam lazımi şəraiti olmayan doğma yurda dönmələri bu baxımdan qürurverici faktdır.
Şəbnəm Uğurlu-Cəbrayılın uğur hekayəsi xüsusilə maraqlıdır. Gənc ingilis dili müəllimi Ağcabədinin Taxtakörpü qəsəbəsində məktəb direktoru idi. Amma bu vəzifəsindən imtina edərək Laçına, ata-baba ocağına qayıdış arzusunu reallaşdırıb. Hazırda oradakı yeganə təhsil ocağı olan, Prezident İlham Əliyevin açılışını etdiyi 2 nömrəli tam orta məktəbdə dərs deyir, özü də tədris işləri üzrə direktor müavinidir.
Ailə Laçın şəhərində, əvvəllər Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin adını daşıyan, indi isə “Zəfər” adı verilən küçədə əsaslı təmir edilmiş 176 nömrəli evdə yaşayır. Bura Şəbnəmgilin 31 il həsrətini çəkdikləri doğma ünvandır.
Mehriban ana hər gün eyvandan məktəbə tərəf baxıb kövrəlir. Bunun səbəbi var. Heyfsilənir ki, anası, ömür-gün dostu, digər didərginlər bu fərəhi yaşamadılar, köçkünlük əzablarına dözməyib dünyalarını dəyişdilər. Yurda qayıtmaq bir ona, bir də qardaşı Qəzənfərlə balalarına nəsib oldu.
Uzun illər Şəbnəm xanımın nənəsi Şəfiqə Baxışova və babası Tofiq Əhmədov məhz bu məktəbin müəlimləri olub, el-oba içində böyük hörmət qazanıblar. Mehriban ana özü də, uşaqları da burada oxuyublar. Bu gün rəhmətlik Şəfiqə və Tofiq müəllimin ruhları şaddır, çünki ailə estafeti uğurla davam edir, Şəbnəm müəllim doğma məktəbdə çalışır.
Qayıdış uğurunu tale töhfəsi sayan Şəbnəmin həyat yoldaşı Orxan Cəbrayıl həkimdir. Peşə karyerasını Laçında davam etdirir, mərkəzi xəstəxananın direktorudur. Övladları Dəniz və Günəş də təzə məktəbdə dərsə gedirlər. Biri 5-ci, digəri isə 2-ci sinifdə oxuyur. Uşaqların xalası Nata da onlarla birlikdədir. Bura köçənə qədər Bakıda Nəsimi Rayon Mərkəzi Kitabxana Sisteminin 4 saylı filialında çalışıb. Səbrlə Laçında da kitabxana açılmasını gözləyir ki, işini davam etdirsin. Bir sözlə, bütün ailə azad dağlar qoynunda yaşamaqdan zövq almaqdadır.
Bu yaxınlarda Laçına ezamiyyətə gedəndə onlarla yenidən görüşmək, Şəbnəmin timsalında yurda qayıdışlarına həsr etdiyim şeiri oxumaq ustədim. Amma öyrəndim ki, bir-iki günlüyə Ağcabədiyə gediblər. Sağlıq olsun, gələn dəfə görüşərik, – dedim.
Əli NƏCƏFXANLI
XQ