Zəhranın uğur zirvəsi

post-img

O, qəbul imtahanlarında ölkə birincisi olub

Özünə inamı və yorulmadan çalışmağı əsas uğur düsturu hesab edən gənclərimizdən biri də Zəhra Hüseynovadır.

Ölkəmizdə inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilmiş sahələrdən biri də təhsil sistemidir. Fərəhli haldır ki, bu diqqətdən ruhlanan gəncləri­mizin əksəriyyəti bilik marafonlarında öz zəkaları ilə fərqlənməkdə qərarlı olur. 

Həyatda ilk böyük uğurlara imza atanların arasında bölgə məktəblilərinin də sayı durmadan artır. Bunu Saatlı rayo­nundakı Ə.Şüküroğlu adına Varxan kənd tam orta məktəbin məzunu Zəhra Hüsey­novanın timsalında daha aydın görmək olar. Zəhra ötən tədris ili üzrə qəbul im­tahanlarında respublika birincisi olmaqla seçilməyi bacarmış gəncdir. 

Hələ kiçik yaşlarından oxumaq, hər şeyi öyrənib bilmək həvəsi onu yaşıdla­rından fərqləndirirdi. Məhz daim seçilmək istəyi onun uğurlarını şərtləndirən əsas amil idi. Buna görə də müəllimlərinin qayğısı, valideynlərinin dəstəyi, ən əsası, özünəi­nam hissi Zəhranın arzularını reallaşdırdı, uğurlarını sıraladı. Respublika Fənn Olim­piadalarında iştirakı məktəbli qızın böyük hədəflərinə yelkən açdı, ona əlavə moti­vasiya verdi. Zəhra fənn olimpiadalarında əvvəlcə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə gümüş, növbəti ildə isə tarix fənni üzrə bürünc medallar qazanaraq adını Saatlı ra­yon təhsil sisteminin “Şərəf lövhəsi”nə yaz­dırdı. Bilik yarışlarında, eləcə də rayonun ictimai həyatında fəallığı yerli sakinlərin ona olan sevgisini daha da artırdı, Zəhranı rayonda tanış simaya çevirdi. 

Onun qazandığı uğurlar diqqətdən kənarda qalmayıb. Zəhra Hüseynova Saatlı Rayon İcra Hakimiyyəti, Mil-Mu­ğan Regional Təhsil İdarəsi tərəfindən dəfələrlə fəxri fərmanlara layiq görülüb. Elm və Təhsil Nazirliyi də istedalı şagirdə öz “təşəkkürünü” bildirib – sinəsinə “qızıl nişan” taxıb. 

Çətin abituriyentlik dövrü onu əsl sına­ğa çəkdi. Yüksək nəticə əldə etmək istəyi bacardığı qədər sosial məşğuliyyətlərdən uzaq durmasına səbəb oldu. Günün 8-10 saatını, hətta son aylarda 12 saatını yo­rulmadan çalışdı. 2023-cü il 8-9 iyul ta­rixlərində keçirilmiş qəbul imtahalarının yekunu isə onu bütün respublikaya tanıt­dı. Zəhra Hüseynova 675,2 balla respub­likada III qrup üzrə ən yüksək nəticənin sahibi oldu. Və arzusunu reallaşdıraraq Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını (tədris ingilis dilində) seçdi. Bakı Dövlət Universitetinin rektoru Elçin Baba­yevin 2023–2024-cü tədris ili üzrə qəbul imtahanlarında 670-dən yuxarı bal topla­yan tələbələrlə görüşü zamanı Zəhra Hü­seynovanın da uğurunu dəyərləndirməsi onun istedadının növbəti təsdiqi idi. 

Şübhəsiz, istedadlı şagird və tələ­bələrin qazandıqları uğurları, ümumilikdə, dövlətin təhsilin inkişafına göstərdiyi qay­ğının nəticəsi kimi dəyərləndirilir. Ulu ön­dərin müəyyənləşdirdiyi təhsil siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Bilikli, istedadlı gənclərə göstərilən diqqət və qayğının növbəti bariz nümunələrindən biri də Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələr üçün Prezident təqaüdünün təsis edilməsidir. 2001-ci ildən verilməyə başlayan bu təqa­üd çoxları üçün bir xəyal olsa da, Zəhra bunu da bacarıb. O, indiyədək Saatlı ra­yonundan bu böyük şərəfə layiq görülmüş 3-cü gəncdir. O, bütün tələbəlik illəri ər­zində “Prezident təqaüdçüsü” adını şərəf­lə daşıyacağına söz verib. Qısa müddət ərzində universitetdə çalışqanlığı və fəallı­ğı ilə müəllimlərin sevimlisinə çevrilib. 

Zəhra Hüseynovanın arzusu seç­diyi ixtisas üzrə xaricdə magistr təhsili almaq və daha sonra Vətəninə qayıdıb haqqın, ədalətin keşiyində dayanmaq­dır... O haqqın, ədalətin ki, 30 ildən artıq müddətdə beynəlxalq arenada Azərbay­canla bir “addımladı”. O haqqın, ədalətin ki, Azərbaycan dövləti tərəfindən 44 gün ərzində dünyaya təqdim edildi və bu gün dövlətimizi irəliyə aparır. 

Mahir ALLAHYARLI,
“Dönüş” qəzetinin redaktoru

Saatlı

Sosial həyat