Şirvan gənclərinin vətəndaş fəallığı

post-img

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi əhatə etdiyi bölgələrdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün ciddi səylər göstərir. Əlamətdar günlər və tarixi hadisələrin ildönümləri, idman yarışları və gənclər arasında müxtəlif maraqlı müsabiqələrin keçirilirməsi ənənə halını alıb. 

Hər il 2 Fevral Azərbaycan Gəncləri Günü ilə bağlı təşkil olunan tədbirlər də bu qəbildəndir. Bu bayramda keçilən yola nəzər salınır, uğurlar xatırlanır, fəal gənclər mükafatlandırılırlar. Bütün bun­lar sabahımızın sahibləri olan gənclərin inkişafına stimul verir, onları daha parlaq nailiyyətlərə ruhlandırır. 

Ötən il region gənclərinin ictimai həyatda fəallığı daha da yüksək olub. “Heydər Əliyev İli” çərçivəsində keçirilən esse, rəsm, bədii qiraət müsabiqələri, gənclər üçün əyləncəli proqramlar, həm­çinin soyqırımı və faciə qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə təşkil olunan fləşmoblar, sənədli filmlərin nü­mayişi yaddaqalan tədbirlərdəndir. İl ər­zində “Şahin” hərbi-idman oyunları üzrə respublika birinciliyində İsmayıllı rayon Diyallı kənd tam orta məktəbi koman­dasının qalibiyyət əldə edərək 1-ci yeri qazanması rayon gənclərinin ən uğurlu nəticələrindən hesab edilə bilər. 

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə region gənclərinin cəmiyyət həyatına fəal inteq­rasiyası, sosiallaşması məqsədilə Qo­bustan rayonunda “Region Gənclərinin Festivalı” keçirilib. Cari ildə Bakı şəhərin­də keçirilən “GəncFest”, “Həmrəylik” kimi festivallarda region gənclərinin iştirakı təmin edilib və onlar layiqli şəkildə təmsil olunublar. 

Gənclər arasında maarifləndirmə və təbliğat işləri mütəmadi olaraq aparılıb, asudə vaxtın səmərəli təşkili məqsə­dilə günərzi yay düşərgələri təşkil edilib. Həmçinin ağacəkmə aksiyası çərçivəsin­də sağlam həyat tərzinin təbliği işinə də xüsusi diqqət ayrılıb. 

Region gəncləri idman sahəsində də sanballı uğurları ilə fərqləniblər. Belə ki, 2023-cü ildə Belarusda keçirilən II MDB oyunlarında İsmayıllı cüdoçusu Ayxan Mirzəzadə və qobustanlı gənc ağırlıqqal­dıran Dadaş Dadaşbəyli qızıl medallar qazanıblar. Qeyd edək ki, idman yarış­larında tək oğlanların deyil, qızların da fərəhli nailiyyətləri var. İsmayıllı rayonu­nun gənc atletləri Selcan Qarayeva və Mələk Hüseynli ötən il ağır atletika üzrə gənclər arasında ölkə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin kollektivi öz bayramını belə gözəl nailiyyətlərlə qarşılayıb. Ötən illərdə əldə edilən uğurlar məhz idarənin yüksək təşkilatçılığının və öz vətənpər­vərlikləri ilə seçilən bölgə gənclərinin əz­mkarlığının nəticəsidir. 

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

İsmayıllı



Sosial həyat