Füzulinin dağıdılmış “söz yuvası”

post-img

Bir zaman burada “Araz” qəzetinin redaksiyası yerləşirdi 

Üç il əvvəl Azərbaycan Milli Ordusu Füzulini erməni hərbi birləşmələrinin işğalından azad edəndən sonra şəhərdə vəziyyət belə idi.

Əbəs yerə deyil ki, Prezident, Ali Baş Komandan İlham Əliyev xarabaza­ra çevrilmiş şəhərdəki həmin mənzərə barədə demişdi: “Füzulidə bayraq sanc­maq üçün bir bina qalmamışdı”. Şəhər­də salamat bina olmadığından üçrəngli Azərbaycan bayrağı rayon qəzetinin re­daksiyasının yerləşdiyi binanın uçulub dağılmış giriş qapısından asılmışdı.

O bina ki...Bir dəfə tanınmış şair Vaqif Bəhmənli “Doğulduğunuz Füzuli rayonu işğaldan azad edilsə, birinci ola­raq hansı ünvana üz tutardınız?” sualı­na belə cavab verdi: “Orada mənə çox doğma olan “Araz” qəzetinin redaksiya­sı var. İlk növbədə, həmin redaksiyaya baş çəkərəm, çünki mən poeziyada ilk addımlarımı orada atmışam, şeirlərim ilk dəfə orada işıq üzü görüb...”

Bu binanın qapılarından kimlər keç­məyib? Seyran Səxavət, Bəhram Nə­sibov, Lətif Vəlizadə, Nemət Veysəlli, Mətləb Misir, Oruc Səda, Vahid Əlifoğlu, Əbülfət Mədətoğlu, Umud Rəhimoğlu...

Mən ilk dəfə bu binanın pilləkənlə­rinə ayaq basanda ürəyim uçunub. Orta məktəb illərində mil-mil şagird dəftərlə­rinə yazdığım şeir və məqalələri qəzet səhifələrində görmək arzusu ilə bu ün­vana üz tutmuş, onun qapısına ayaq basmışam. İlk dəfə imza sevincini məhz bu ünvanda işıq üzü görən qəzet va­sitəsilə yaşamışam... Sonralar adıma ilk əmək kitabçası bu ünvanda açılıb, ən doğma və unudulmaz xatirələrim bu məkanla bağlıdır...

İndi bu ünvan, xarabazarlığı xatırla­dan bu şəhərin qalıqları, dağılmış divar­lar yaddaşımda gənclik illərimin ən əziz xatirələrini yaşadır...

Artıq Füzuli şəhəri ilk sakinlərini qoynuna alıb, şəhər saatbasaat, gün­bəgün dirçəlir, yeni evlər, yeni yaşayış məntəqələri salınır, infrastuktur qurulur, kəndlər tikilir, şəhər yeni növrağına qo­vuşur.

Üzərinə bayraq sancılan bina 30 illik həsrəti özündə yaşadan xatirə ünvanı kimi bu şəhərin sakinlərinə keçmişin bir parçası təsiri bağışlayır...

Süleyman QARADAĞLI

Sosial həyat