Medalın arxa üzü

post-img

Vaxtında həll edilməmiş problemlər sonradan qlobal fəlakətlərə səbəb olur

Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən azalmağa başlayıb və hazırda kritik həddə çatıb. Bu ilk növbədə iqlim dəyişikliyi ilə bağlıdır: havanın temperaturunun artması, yağıntıların və çayların axınının azalması. Bu 3 amil Xəzər dənizinin səviyyəsinin aşağı düşməsində əsas rol oynayır. Məsələn, havanın temperaturunun artması onun səthindən buxarlanmanı artırır. Digər tərəfdən dənizin suyunun bir hissəsi Türkmənistan ərazisində yerləşən Qara-Boğaz-Göl körfəzinə axıdılır. Körfəzdə suyun buxarılması daha çoxdur. Son illərdə havanın quraq keçməsi suyun dəniz səthindən illik yağıntının miqdarından çox buxarlanmasına səbəb olur.

İkincisi, Xəzər dənizinə su axını da azalıb. Dənizə 130-a yaxın çay axır, onlardan ən böyüyü Volqa və Uraldır ki, dənizə illik axının əsas hissəsini təmin edir. Volqa çayının illik axını 2021 və 2022-ci illərdə orta uzunmüddətli göstəricidən xeyli aşağı olub. 250 kubkilometrə qarşı müvafiq olaraq cəmi 216 və 215 kubkilometr təşkil edib. 2023-cü ildə bu göstərici daha aşağı idi. Deməli, təkcə Volqadan Xəzərə hər il 30-35 kubkilometr az su daxil olur. Bu böyüklükdə kəsiri doldurmaq ya real deyil, ya da onu doldurmaq üsulları çox səmərəsizdir. Bu, çoxlu mənfi nəticələr yaradır. Onlarla kubkilometr suyun müntəzəm olaraq dənizə daxil olmaması dənizin həcmini azaldır, yəni səviyyəsinin düşməsinə səbəb olur.

Eyni vəziyyət Ural (Jayk) çayında da müşahidə olunur. Jayk çayı hövzəsində sulu illərin az olması səbəbindən su axını az olub. Başqa bir səbəb isə çayların üzərində tikilən su anbarlarıdır. Beləliklə, Xəzərə axan suyun həcminin azalmasına bir tərəfdən yağıntılı günlərin az olması, digər tərəfdən həm Volqa, həm də Ural (Jayk) çaylarının üzərində tikilən coxsaylı su anbarlarıdır. İnsanlar su anbarlarından müxtəlif məqsədlər üçün istifadə edir. Bu barədə “Kaz Eco Patrol” assosiasiyasının sədri Timur Eleusizov deyir: Xəzər dənizinin dayazlaşmasına ən çox ona axan çaylardan gələn suyun həcminin azalması təsir edir. Bu bir tərəfdən iqlim dəyişikliyi ilə, digər tərəfdən insanların sudan kənd təsərrüfatı, cənaye və məişətdə istifadəsi ilə bağlıdır. Resursların həddən artıq çox xərclənməsi var.

İnsanlar Xəzər dənizinə axan çaylardan, o cümlədən Qazaxıstan və Rusiyada suyu idarə edəndə dənizin taleyi barədə düşünmürlər. Bəndlər tikirlər, resursları suvarmağa, kənd təsərrüfatına yönəldirlər. Hər il müəssisələr milyonlarla kubmetr su sərf edirlər”.

Onun sözlərinə görə, Uralın yuxarı axarında 300-ə yaxın, Volqada isə 11 su anbarı var.  Bu anbarlarda hər il suyun səviyyəsi aşağı düşür. Məsələn, 2021-ci ilin payızında Kuybışev su anbarında (Jiqulevskaya SES) kritik dərəcədə aşağı su səviyyəsi müşahidə edilib. O, Baltik sisteminə görə 52-53 metrdən 49,92 metrə enib.  Ötən ilin göstəriciləiİ daha aşağı olub və bütün müşahidə dövrü üçün yeni rekorda çevrilib. Nəticədə su anbarlarından Xəzər dənizinə axıdılan suyun azlmasına səbəb olub. 

Eyni vəziyyət Azərbaycanda da müşahidə olunur. Azərbaycanın ən böyük çayı Kür də Xəzər dənizinə axır. Onun bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır və üzərlərində su anbarları tikilib (Kürün üstündə təkcə respublikamızda 5-6 nəhəng su anbarı tikilib), əkin sahələrinə çoxsayda kanallar şəkilib. Həmin respublikalarda, o cümlədən Azərbaycanda çayın suyundan kənd təsərrüfatı, sənaye və məişətdə istifadə olunur.

 Azərbaycanda ən çox suvarılan ərazilər isə taxıl və pambıq sahələridir. Hər il onların sahələri genişlənsə də, təəssüf ki, müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Suyun çox hissəsi itkiyə gedir və torpaq sahələrinin soranlaşmasına səbəb olur. Oxşar vəziyyət Araz çayı üçüm də xarakterikdir. Bu iki çay həm də Azərbaycanda şirin suyun əsas təchizatçılarıdır. Onlardan səmərəsiz istifadə isə Kürün aşağı axınında suyun azalmasına, dayazlaşmasına gətirib çıxarır. Aşağı axarlarda Kür çayının səviyyəsi o qədər aşağı düşrb ki, çayda şirin su ehtiyatı tükənir və Xəzərdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaradrb. Ümumiyyətlə, bu məsələ 10 ildən çoxdur ki, aktuallaşıb. Təbii ki, Kür çayının qurumasında təbiətin də bilavasitə rolu danılmazdır. Yağış suyu və qar azaldığından, ekoloji tarazlıq pozulub. Bu səbəblərdən Kür çayı Xəzər dənizinə çatmır.

Son illər qlobal istiləşmə fonunda Kür çayının doluluğu 27 faiz azalıb. Bu göstərici Araz çayında 34,58 faiz, Samur çayında 21,8 faiz, Qanıx çayında isə 9,17 faiz təşkil edib. Eyni vəziyət digər çaylarımıza da aiddir. Qafqazın şərq yamacından tökülən xırda çayların suyu o qədər azalıb ki, Xəzərə gedib çatmır. 

Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur. “Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən azalmağa başlayıb və ötən il kritik həddə çatıb. Dünyanın ən böyük qapalı su hövzəsinin (Dünya Okeanından təcrid olunmuş) dayazlaşması iqlim dəyişikliyi ilə bağlıdır. Dəniz səviyyəsi son 5 il ərzində 69, son 10 ildə isə 114 santimetr enib”.

Qeyd edək ki, dənizin səviyyəsinin aşağı düşməsi isə onun Qazaxıstan sahillərində daha aydın nəzərə çarpır. Çünki Xəzər dənizinin Qazaxıstan hissəsi ən dayazdır, ona görə də nəticələrini ilk növbədə burada göstərir. Son illər bəzi yerlərdə su sahildən 30-60 metr, bəzi yerlərdə isə 100-200 metr uzaqlaşıb. Bunu NASA-nın 2006 və 2022-ci illərdə çəkdiyi fotoşəkillər də təsdiqləyir

Azərbaycanda da dənizin səviyyəsinin aşağı düşməsini müşahidə etmək mümkündür. Bunun üçün bulvara getmək kifayətdir. Hətta Bakı buxtasında kiçik ada da əmələ gəlib.

Dayazlaşma isə ekoloji təhlükə yaradır. Bitki və heyvan aləminə ciddi ziyan vurur. Torpağın səhralaşması, suitilərin, nərə və nadir balıq növlərinin sayının kəskin azalması baş verir. Bu barədə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib: Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli enməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır... Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir".

Göründüyü kimi dayazlaşma bitki və heyvan aləminə ciddi ziyan vurur. Torpağın səhralaşması, suitilərin, nərə və nadir balıq növlərinin sayının kəskin azalması baş verir. Əgər bir vaxtlar Bakının balıq mağazalarında (Okean mağazaları) nərə balıqları sərbəst satılırdısa, bu gün onlara demək olar ki rast gəlinmir. Xəzər suitisinin nəsli isə kəsilmək üzrədir. Qırmızı Kitaba daxil olan bu heyvanların cəsədləri hər il sahilə çıxır. Bu, Xəzər dənizinin biomüxtəlifliyinin vəziyyətini göstərir.

Beləliklə, Xəzər dənizinin səviyyəsinin enmə dinamikası ciddi narahatlıq doğurur. Bu problemin həlli Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

... Xəzər dənizi ətrafında vəziyyətin ciddiliyinə baxmayaraq, onun gələcək taleyi ilə bağlı ekspertlərin fikirləri çox vaxt fərqlidir. Bəziləri hesab edir ki, dənizin quruması əvvəllər dəfələrlə baş vermiş təbii prosesdir və zaman keçdikcə o yenidən dolacaq. Alimlər bunu uzun illərdir Xəzər dənizinin səviyyə rejimini öyrənmələri və gəldikləri nəticələrə əsasən deyirlər. Bu sahədə ilk müşahidələr 1837-ci ildə Bakıda başlamışdır. İndi belə ölçmələr dənizin bir neçə nöqtəsində aparılır. Alimlərə görə, Xəzər dənizinin səviyyə rejimində dövrilik mövcuddur. Yəni onun səviyyəsi dəfələrlə dəyişib: Gah dənizin səviyyəsi aşağı düşüb, gah da yüksəlib. Məlumatlara görə Xəzər dənizinin ən yüksək səviyyəsi 1862-ci ildə qeydə alınıb. 

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi Baltik dənizinin səviyyəsindən 28 metr aşağıdır. 1977-ci ildə səviyyə 28 metrdən 1 metr aşağı idi. 1978-ci ildən 1995-ci ilə qədər suyun 2,5 metr qalxması müşahidə olunub ki, bu da əsasən iqlim faktorları ilə bağlı olub. 1995-ci ildən bu günə qədər suyun səviyyəsi təxminən 1,5 metr aşağı düşüb. Onlara görə, dənizin səviyyəsi sonra yenidən qalxacaq. Yəni, bu proses tsiklik xarakter daşıyır. Bu versiyanın tərəfdarlarından biri də ekoloq Telman Zeynalovdur. O qeyd edir ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi heç bir şəkildə iqlim dəyişikliyi ilə bağlı deyil, təbii və tsiklik xarakter daşıyır. “Sübut olunub ki, Xəzər dənizinin səviyyəsinin qalxması və ya enməsi yalnız tsiklik xarakter daşıyır. İqlim dəyişikliyi səbəbindən temperaturun artması Xəzər dənizinin səviyyəsinə mütləq təsir edir, lakin bu, dənizin dayazlaşması üçün kifayət etmir”.

Beləliklə, Azərbaycan alimləri Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi ilə bağlı mülayim, qeyri-kritik ssenariyə meyllidirlər, lakin dənizdə suyun səviyyəsinin dəyişməsini daim izləmək üçün beynəlxalq elmi proqnozlar mərkəzinin yaradılmasına çağırırlar.

Bu versiyadan fərqli düşünənlər də var. Onlar əmindirlər ki, Xəzərin suyunun səviyyəsinin dəyişməsi tsiklik olsa da, onun əvvəlki səviyyəsini bərpa edilməsi mümkün deyil. Hər dəfə onun təqribən 50 faizi bərpa olunur. Xəzərin su böhranından qaçmaq üçün isə təcili müdaxilə edilməlidir. Hollandiyanın Naturalis Biomüxtəliflik Mərkəzinin alimləri bildiriblər ki, qlobal istiləşmə dəniz səviyyəsinin qalxmasına səbəb olduğu halda, temperaturun artması ilə əlaqədar Xəzər dənizində suyun həcmi kəskin şəkildə azalır. İstixana effektindən asılı olaraq, Xəzər dənizi əsrin sonuna qədər 34 faiz kiçilə və 2100-cü ilə qədər suyun səviyyəsi 9-19 metr azala bilər.

Bunlar fəqli versiyalardır.Amma  Xəzər dənizini qorumaq üçün müasir tədqiqatlar aparmaq lazımdır. Belə bir şəraitdə Xəzəryanı dövlətlər tərəfindən dayazlaşmanın səbəblərini, nəticələrini öyrənmək, habelə dəymiş ziyanı azaltmaq üçün bütün mümkün tədbirlərin görülməsi üçün dövlətlərarası Monitorinq Mərkəzi yaradılmalıdır. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də unikal ekosistemin qorunması ilə bağlı regional əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir eyni zamanda, problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib. Azərbaycan tərəfi həmin problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Sevindirici haldır ki, Xəzəryanı ölkələr də həmin təşəbbüsə qoşulublar. Hazırda  Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyadan ibarət işçi qrupu yaradılıb. Ekspert qrupunun əsas məqsədi Xəzər dənizinin səviyyəsinə təsir edən amillərin tədqiqi, bu mühüm su hövzəsinin davamlı idarə olunması üçün tövsiyələrin formalaşdırılmasıdır. 

Bundan başqa, Qazaxıstan və Rusiya transsərhəd çayların, xüsusən də Xəzər dənizinə qolu təşkil edən Jayk çayı hövzəsinin mühafizəsi üçün tədbirlər görür. Çay hövzəsində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün “2021-2024-cü illər üçün Transsərhəd çay hövzəsinin ekosisteminin mühafizəsi və bərpası üzrə Qazaxıstan-Rusiya əməkdaşlığı Proqramı” imzalanıb.

Deməli, bütün beş Xəzəryanı ölkənin elmi bazasını cəlb etməklə nəinki problemin tam tədqiqi, həm də cəmiyyətin ekoloji maarifləndirilməsi ilə məşğul olmaq vacibdir.

Pünhan ƏFƏNDİYEV

XQ

Sosial həyat