Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir

post-img

Azərbaycan xalqı, o cümlədən dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. 

Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayıb və onun uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirib. Ulu öndər Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Hər il böyük təntənə və qürur hissi ilə 31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi qeyd olunduğunu bildirən ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir”. 

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9u və 10-u tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, eyni zamanda, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. Müdrik rəhbərin: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Belə ki, ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III,  2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Qurultaylar həmçinin bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.

 

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini 



Sosial həyat