Şirvanda 55 nəfərlə bağlı təhqiqata başlanılıb

post-img

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki ay ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, xuliqanlıq və digər cinayət əməllərini törədən ümumilikdə 55 nəfər saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Həmin şəxslərdən 28-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən müxtəlif çəkidə heroin, metamfetamin və marixuana çıxarılıb.

Həmçinin, qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 10, oğurluq edən 3, xuliqanlıq edən 9 və digər cinayətlər edən 5 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

XQ



Sosial həyat