İsmayıllı və Hacıqabulda pirotexniki vasitələrin satıldığı aşkarlanıb

post-img

Baş İctimai Təhlükəsizlik  İdarəsi əməkdaşlarının İsmayıllı şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər müəyyən edilib.

Bu barədə “XQ”-yə DİN Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, onlardan ümumilikdə 11860 ədəd müxtəlif növ pirotexniki vasitə götürülüb. Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmçinin Hacıqabulda pirotexniki vasitələrin satışını təşkil edən 2 nəfər məsuliyyətə cəlb edilib. Belə ki, keçirilən tədbirlər zamanı rayonun Qarasu kəndi ərazisində yerləşən 2 mağazada gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub. Onlardan müxtəlif növ partlayıcı maddələr və pirotexniki vasitələr aşkar edilərək götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Rizvan FİKRƏTOĞLU
XQ



Sosial həyat