Zahid Oruc: Qazandığımız Qələbə həm də xalqımızın vətən, torpaq ruhunu oyatdı

post-img

Millətimizin tarixinə siyasi bütövlük bəxş edən 2023-cü il başa çatır. Vətən müharibəsində parlaq Qələbənin misilsiz nəticələrindən biri olan Xankəndi zirvəsi təkcə 32 il hökm sürən separatçı bir qurumun varlığına son qoymadı, həm də əsrlərlə davam edən köçkünlük, humanitar və iqtisadi sarsıntılar, xarici asılılıq və imperiya mənafelərini həyata keçiriən qüvvələrin daimi hökmranlığına səbəb olan Qarabağ münaqişəsinə son qoydu. 

Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc "Qərbi Azərbaycan yolunda" konfransında çıxışı zamanı dedi.

Deputat dedi ki, qlobal təhülkəsizlik şəraitində yalnız bizim regionda, nəhayət, bərqərar olan ədalət və sülh perspektivi indi dünyada mövcud olan qaynar savaşların, kütləvi qətliamların bitməsi, yeni nizam və siyasi arxitektura üçün alternativsiz modellərdən biri ola bilər.

Z.Oruc diqqətə çatdırdı ki, Qərbi Azərbaycan idealının gündəlikdə ön yerə çıxması mütəşəkkil, sistemli və koordinasiyalı olmaqla əvvəlki illərdən kəskin fərqlənir. Onun parlaq yekunu olaraq, Azərbaycanın müstəqillik tarixində ilk dəfə milli parlamentin plenar iclasında Qərbi Azərbaycana qayıdış məsələsinin rəsmən müzakirələrə çıxarılması mühüm siyasi hadisə oldu. Son iki gündə Ermənistanın diplomatik-siyasi dairələrində həyəcan, qorxu və narahatlıq bir daha sübut etdi ki,  Vətən müharibəsində qazanılan qələbə yalnız 30 ilik işğalı aradan qaldırmadı, eləcə də bütün tarixi torpaqlara aparan yolları, zəkaları açdı, xalqımızın əsrlərdən gələn vətən və torpaq ruhunu oyatdı. Gündəliyin birinci məsələsi kimi doğma torpaqlara dönüşün müəyyənləşməsi millətimizin ideallarına cavab verən mühüm tarixi qərardır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat