Qlobal qızılca – uşaqları qoruyun!

post-img

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı (ÜST) məlumatda bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, son 2 ildə dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb. Bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 faiz, ölüm halları isə 43 faiz artıb. 

ÜST və ABŞ-nin Xəstəliklərə Nəzarət və Pro­filaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət uşaqlar arasında çoxluq təşkil et­məklə, təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 minə çatması deməkdir. Hazırda qızılcaya yoluxma halları pey­vəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. 

Məlumatda qızılcaya yoluxma hallarının ge­niş yayılmasının qarşısının alınmasında peyvəndin əvəzsiz rolundan bəhs edilir. Bildirilir ki, təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı pey­vənd qlobal miqyasda 57 milyon insanın bu xəstə­likdən həyatını itirməsinin qarşısını almışdır.

Qızılca peyvəndi immunizasiya proqramları­nın əsas komponentlərindən biridir. Qızılcaya qarşı peyvəndlənmə əhatəsinin 95 faizdən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxır. Cari dövrdə qızılca əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayına qədərki dövrdə ÜST-nin Avropa region ölkələrində 30 min­dən çox qızılcaya yoluxma halı qeydə alınmışdır. 

ÜST-nın Bakı ofisindən bildiriblər ki, təşkilat bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səylə­ri artırmağa çağırır. Bundan əlavə, epidemiyaların qarşısının alınmasına kömək etmək üçün qlobal, regional, milli və yerli səviyyələrdə bütün səhiyyə tərəfdaşları güclü nəzarət sistemləri tətbiq etməklə, epidemiyaya cavab tədbirlərinin gücləndirilməsinə çalışmalıdır. Çünki uşaqlar peyvənd edilməzsə, qlobal qızılca təhlükəsi qalmağa davam edəcək. 

Z. HÜSEYNOVA
XQ

Sosial həyat