Bu gün, dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasından 105 il keçir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan qurum bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin güclü sosial siyasətinin formalaşması və ildən-ilə təkmilləşməsini təmin etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin də canlanmasına, nazirik tərəfindən fəaliyyət istiqamətləri üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə imkan yaradıb. Ulu Öndərin təşəbbüsü və tapşırığı ilə ölkədə sosial müdafiə sistemi ildən-ilə gücləndirilərək həssas qrupların rifahında mühüm rola, mühüm sosial proqramların icrasına başlanılıb, məşğulluq imkanlarının artırılması, əmək bazarında müsbət trendlər davamlı xarakter alıb.
Ötən 20 ildə Ümummilli Lider Heydər Əliyevin uğurlu sosial siyasəti Prezident İlham Əliyev tərəfindən sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilib. İqtisadi və hərbi gücünü daim artıran, Cənubi Qafqazın ən sürətlə inkişaf edən, qüdrətli, lider dövlətinə çevrilən Azərbaycan, eyni zamanda, sosial dövlət olaraq vətəndaş rifahının təminatı istiqamətində mühüm uğurlara nail olub. İllik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox artıb.
Xüsusilə son beş ildə dövlət başçısının uğurlu sosial siyasətinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində ardıcıl və genişmiqyaslı islahatlar reallaşdırılıb, 4 sosial islahat paketi həyata keçirilib. Nəticədə həmin dövrdə minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq pensiya 2,1 dəfə artaraq 208 manatdan 437 manata, yaşa görə orta aylıq pensiya 2 dəfə artaraq 234 manatdan 467 manata, orta aylıq əməkhaqqı 70 faiz artaraq 545 manatdan 920 manata çatıb. Median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artım əldə edilib. 10 yeni sosial ödəniş növü təsis edilərək nazirlik tərəfindən sosial təminatı həyata keçirilən vətəndaşların əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib, qanunvericiliyə bir çox əlavə və dəyişikliklər edilməklə pensiya təminatına əlçatanlığın daha da artırılması, pensiya sistemində humanist yanaşmaların tətbiqi sahəsində mühüm addımlar atılıb.
Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında nazirliyin tabeliyində DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında 7 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, ölkəmizin yeni brendinə çevrilən və beynəlxalq səviyyədə 20-dən çox xüsusi mükafat və sertifikatla təltif olunan, 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunduğu DOST mərkəzlərində ötən dövrdə 2 milyonadək vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,1 faizdir. DOST Konsepsiyasının əhatə dairəsi daha da genişləndirilərək 2021-ci ilin oktyabr ayında kimi əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, bu ilin noyabr ayında həmin Mərkəzin İsmayıllı rayonunda “DOST EVİ” filialı açılıb.
Nazirliyin fəaliyyətində mühüm uğurlardan biri kimi, dövlət başçısının tapşırıqlarına uyğun olaraq son beş ildə sosial xidmətlərin geniş elektronlaşdırılması proqramı icra olunub: qurumun 159 xidmətindən 140-dan və ya 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən çox proaktiv xidmət yaradılıb. Ölkənin sosial reyestri olan, vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət etmək, 31 növ elektron arayışı rəqəmsal platforma vasitəsilə almaq imkanı verən e-sosial.az portalı, ölkə üzrə əmək münasibətlərinin vahid e-sistemdə cəmləşməsini, əmək müqavilələrinin e-qaydada bağlanması imkanını, əmək münasibətləri üzrə rəqəmsal kadr uçotuna keçidi təmin edən "Əmək və Məşğulluq" altsistemi və s. istifadəyə verilib.
Nazirliyin son illər həmin sosial islahat tədbirləri, o cümlədən DOST Konsepsiyası, sosial müdafiə sistemində innovativ həllərin tətbiqi, sosial xidmətlərin rəqəmsal müstəvidə qurulması beynəlxalq səviyyədə də yüksək qiymət alaraq dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilib və təkcə son iki ildə 44 beynəlxalq mükafat və sertifikatla təltif edilib.
2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketinin icrası nazirliyin başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilib. Ötən dövrdə 126 min şəxsə həmin paket çərçivəsində dəstəkyönümlü 322 min xidmət göstərilib. Onlardan 104 min nəfərə 117 min sosial ödəniş təyin olunub, 11 min nəfərə 54,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 453 hərbçi 472 yüksək texnologiyalı son nəsil protezlə, müharibə ilə əlaqədar əlilliyi olan 2058 şəxs 48 min reabilitasiya vasitəsi ilə, 21,9 min şəxs birdəfəlik ödəmə ilə təmin olunub. 20,5 min nəfərin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.
İkinci Qarabağ müharibəsindən sonra həmin sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 5800, ümumilikdə ötən dövrdə 14 600 mənzil və fərdi ev verilib. Həmçinin postmüharibə dövründə 424, ümumilikdə ötən dövrdə 7600 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Ölkə Prezidentinin tapşırıqlarına əsasən nazirlik eyni zamanda son illərdə 1997-ci il avqustun 2-dək olan dövr üzrə şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin, habelə həmin dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramını icra edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1 milyondan çox şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub, özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 15 dəfəyədək artırılıb və həmin dövrdə 80 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb.
Məşğulluğun artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər əmək müqavilələrinin sayının da son 5 ildə 38 faiz və ya 460 mindən çox artaraq 1,8 milyona çatmasına imkan verib.
Reabilitasiya infrastrukturunun müasirləşdirilməsi prioritetinə uyğun olaraq son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi açılıb. Beləliklə, reabilitasiya xidmətləri ilə təmin olunanların illik sayı dəfələrlə artıb. Bu ilin 11 ayında da 78,9 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib, 9,7 min şəxsə 80,8 min reabilitasiya vasitəsi verilib. Yaxın vaxtlarda Şəmkir rayonunda da nazirliyin Uşaq Reabilitasiya Mərkəzi açılacaq, habelə Quba, Ağcabədi, Kəlbəcər, Şamaxı rayonlarında da yeni reabilitasiya mərkəzlərinin açılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həmin ərazilərə qayıdan sakinlərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunması nazirliyin başlıca fəaliyyət istiqamətlərindən biridir. Həmin ərazilərə qayıdan sakinlərlə görüşlər keçirilərək onların məşğulluq imkanları qiymətləndirilir və məşğulluqlarının təmin olunması üçün müvafiq ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq şəraitində dəstək tədbirləri həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı üzrə nazirlik tərəfindən 2023–2026-cı illərdə Cəbrayıl rayonunda Regional DOST Mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filiallarının, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub.
Məlumatda bildirilir ki, dövlət başçısının vətəndaş rifahı və məmnunluğunun təminatına hədəflənən sosial islahatlar proqramının uğurlu icrası qarşıdakı dövrdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək səviyyədə həyata keçiriləcək.