Azərbaycan və İranın Baş prokurorları Tehrandakı səfirliyə terror hücumu ilə bağlı cinayət işini müzakirə edib

post-img

Dekabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə cari il yanvarın 27-də edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.

Bundan başqa, görüşdə iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.



Siyasət