Növrəs İmanın nisgilləri və sevgi gülləri...

post-img

Haqqında söhbət açdığımız Növrəs İman Aşıq Ələsgərin qardaşı oğlu olub. 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub, mollaxanada təhsil alıb. Amma o dövr üçün çox sanballı bədii və tarixi kitablar oxuyub. 

Çar hökuməti devrilib, şura hökuməti qurulanda İman Göyçədən Azərbaycana gəlir. Kəlbəcərdə, Seyidlər kənd sovet­liyinin katibi vəzifəsində işləməyə başlayır. Çox çəkmir ki, dövrünün haqsızlıqlarını görür, quruluşa etiraz əlaməti olaraq, vəzifəsindən istefa verir.

Saz-söz sənətinə daha mükəm­məl yiyələnməyə başlayır. O, " Növ­rəs" təxəllüsü ilə şeirlər yazırdı. Nakam şairin şeirləri hamı tərəfin­dən sevilir, dillər əzbəri olurdu. Növ­rəs İmanın 4 min misradan ibarət müxtəlif şeir şəkillərində külliyyatı günümüzə gəlib çatıb. Bu şeirlərin əksəriyyəti Tovuzun Aşağı Əyyublu kəndindən tapılan şeir dəftərində toplanıb. Şeirlərin hamısını Növrəs İman öz dəst - xətti ilə yazıb.

Yanmaz, gecə çox çıraqlar qaralar,

Gərdiş eli bir - birindən aralar,

Pozular bağçalar, güllər saralar,

Səfər edib biyabana deyərsiz. 

Və yaxud:

Arif olan, huş ver sən bu sözlərə,

Namərd hər bəlanı gətirər sərə,

Kimdi səyyah olub, düşə çöllərə,

İman kimi gəzə dəryada?!

O, dillər əzbəri olan şeirlərindən birində yazırdı:

Yaralı gəlmişəm fani dünyaya,

Mənim sağalmağa dərmanımmı var?

Əzrayıl gələndə canım almağa,

Onu verməməyə fərmanımmı var?

Həm quruluş – dövran, həm ailə fa­ciəsi, həm də nakam məhəbbəti İmanı qəlbən ağrıdırdı:

Növrəs İman, günün gəldi nə qara,

Bad əsdi zimistan, oldu nə qara,

Çərx-gərdiş yenə çaldı nağara,

Ay, gün kəmənd atdı, qurdu Sənəm, al...

Göründüyü kimi, o, Ələsgər ocağının nadir istedad sahiblərindən idi. Aşıq sənəti tarixində özünəməxsus yeri vardı. 

Dünən axşam Nizami Kino Mərkəzin­də Dədə Ələsgər ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan aşıq poeziya­sının görkəmli nümayəndələrindən olan Növrəs İmanın 120 illik yubileyinə həsr olunmuş tədbirdə onun yaradıcılıq mə­ziyyətlərinə işıq tutuldu, şeirlərindən nü­munələr səsləndirildi.

Tədbiri Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli açdı. Pro­fessor İbadulla Ağayev, akademik Muxtar İmanov, başqa alim və ziyalılar Növrəs İmanın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verdilər. Məc­lisdə çıxış edən tanınmış aşıqlar Növrəs İmanın şeirlərindən nümunələri saz üstün­də ifa etdilər.

Həzi HƏSƏNLİ,
şair-publisist

Sosial həyat