Bizdə də prodüsserlik məktəbi yaradılmalıdır- VİDEO

post-img

Azərbaycan kinosu – 125

Həmsöhbətim Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezident təqaüdçüsü Həmidə Ömərovadır. Onunla yaradıcılığı və kinonun prob­lemləri barədə danışdıq. Aktrisa sənət yoluna nəzər salaraq bildirdi:

– Az.Tv-də rejissor Həsən Seyidbəyli­nin çıxışından eşitdim ki, Azərbaycan in­cəsənət tarixində ilk dəfə Moskva Dövlət Kinematoqrafiya İnstitutunda azərbaycan­lı tələbələr üçün kurs açılıb. Dedi, oxumaq istəyənlər sənədlərini bizim İncəsənət İns­titutuna təqdim etsinlər. Onda mən BDU-nun filologiya fakültəsində oxuyurdum. Ona görə Yevgeni Matveyevin qarşısında imtahan verəndə B.Vahabzadənin “Ümid ver mənə” şeirini deyə-deyə ağladım. Həsən Seyidbəyli dedi ki, qızım, sən bu gözəl gözləri niyə incidirsən, ümid istəyir­sən, biz də sənə ümid veririk. Məni qəbul etdilər. Beləcə oxudum, aktrisa oldum. 

– Qayıdaq Bakıya, Həmidə xanım, siz kinostudiyaya gələndə “Azərbay­canfilm”in vəziyyəti necə idi?

–Yaxşı, kinostudiyanın dəhlizləri də parıldayırdı. İş qaynayırdı, dublyajlar, çə­kilişlər. Kinoaktyorluq şöbəsi də fəaliyyət göstərirdi. Hər il 4 bədii film, Moskvanın sifarişi ilə 4 bədii televiziya filmi çəkilirdi. Amma məni 6 ay filmə çəkmədilər, dəvət olunmadım. Bir az da belə gözlədim. Sonra ardıcıl çəkildim. “Qızıl uçurum”da Şəfiqə, “Anlamaq istəyirəm”də Çinarə, “Yol əhvalatı”ında Zümrüd, “Babamızın babasının babası”, “Qorxma, mən sənin­ləyəm” “Üzeyir ömrü” və sair. 

– İran filmlərində də çəkilmisiniz, müstəqilliyin ilk illərində kommersi­ya filmində də çəkildiniz, “Şirbalanın məhəbbəti”ndə, amma sonra film is­tehsalı yerində saymağa başladı. Bu gün Kinematoqrafçılar İttifaqının katib­lərindən biri kimi vəziyyəti necə dəyər­ləndirirsiniz?

– Dünya kinosunun klassiklərindən biri Roman Polanski ömür boyu qara filmlər çəkmişdi, çünki uşaqlığı gestapoda keç­mişdi, dramatik həyatı vardı. Ona həmişə sual verirdilər ki, sən necə rejissorsan, necə polyaksan ki, ancaq qara hissləri təbliğ edirsən, bəşəri film çəkmirsən? Heç nə cavab vermirdi. Müharibədən neçə il sonra bir film çəkdi – “Pianoçu” və hamı­nın cavabı o filmdə var idi. O səviyyədə film çəkmək üçün maddi baza olmalıdır. Bizim kinomuzun maddi bazası yoxdur, bu da reallıqdır, amma hazırda bizə za­man lazımdır. 

Çox keçməyəcək, Azərbaycan kinosu sıçrayış edəcək, buna inanıram. Görür­sünüz, kommersiya filmləri inkişaf edir, çünki az pula bayağı film çəkmək olur. Bu mənada heç olmasa elə kommersiya filmi çəkmək olar ki, həm ideologiyaya xidmət etsin, həm də pul gətirsin. Dövlətin və­saiti ilə film çəkən hər hansı təşkilat pul qazanacaqsa, artıq özünün maddi bazası olacaq. Bu yolla Azərbaycan kinosunu ya­vaş-yavaş dalandan çıxartmaq mümkün­dür. 

Rejissorlar ancaq festival filmləri çək­mək istəyir, festival filmləri baxılmır. Mən özüm Fəcr festivalının münsiflər heyətinin üzvü olmuşam. O filmləri böyük mad­di-texniki bazası olan ölkələr çəkir. Biz prodüsserlik məktəbi yaratmalıyıq. Pro­düsserlərin film çəkməkdə maraqları olur, çünki oradan qazanc əldə edirlər. Kino ittifaqının katiblərindən biriyəm. Biz masa arxasında oturub kinonu saatlarla müza­kirə edir, problemin həlli yollarını axtarırıq. 

– Kino tarixindən dərs deyirsiniz? Bəs, öz ixtisasınız?

– Bu tale işidir. Həmin fənni tədris edən müəllim işdən çıxandan sonra mənə təklif gəldi, mən də qəbul etdim. “Retro” televi­ziya layihəsi elə kino tarixi idi deyə, möv­zu mənə yad deyildi. Arada düşündüm ki, bəlkə öz ixtisasımdan dərs deyim, amma artıq zaman keçmişdi, mən bu sahədə ix­tisaslaşmışdım. 

– Bu yaxınlarda yaradıcılıq gecəniz oldu. Təəssüratınız maraqlıdır...

– Yaradıcılıq gecəmdə gördüklərimi sözlə ifadə etməyə belə çətinlik çəkirəm. Xalq artistləri və Əməkdar artistlər, film və tamaşalardakı tərəf müqabillərim, tələbə yoldaşlarım çıxış etdilər. Əlbəttə, onlar­dan bu qədər səmimi sözlər eşitmək məni fərəhləndirdi. Salondakı tamaşaçılar ara­sında çox sayda doğmalarım, dostlarım, tələbələrim var idi. Tədbir dörd saat da­vam etdi – insanlar getmək istəmirdilər. 

– Sizə gələcəkdə də yalnız uğur ar­zulayırıq.

R.QURBANLI
XQ


Müsahibə