Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar. Builki layihə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olundu.
Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 37 rəhbər vəzifəni icra edəcəklər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.
Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.
ADU-nun xəlifə-rektoru Nicat Quluzadə müvafiq vəzifələrə xəlifə seçilmiş tələbələrlə ümumi iclası maraqlı keçdi, qarşıda duran işlərlə bağlı müzakirələr aparıldı, tapşırıqlar verildi. Xəlifə-rektor Pakistanın ölkəmizdəki səfirinin birinci müavini Moazzam Ali Sahito ilə görüşdü. Diplomat ADU-nun “Bir günlük xəlifə” layihəsini yüksək qiymətləndirdi. Görüşdə, eyni zamanda, ADU-nun Pakistan dil və mədəniyyət mərkəzinin fəaliyyəti yüksək qiymətləndirildi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Nicat Quluzadə və Beynəlxalq əlaqələr üzrə prorektor Əli Rzayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla da görüşdülər. Səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışdı.
Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı “XQ”-yə açıqlamasında bildirdi ki, bu addım ADU-nun rəhbərliyinin tələbələrin idarəetmədə təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Tələbə, magistr və doktorantlar bir gün ərzində rektor, prorektor, dekan, mərkəz və şöbə müdirləri olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Xəlifə-rektor Nicat Quluzadə isə “XQ”-yə öz kabinetində müsahibə verdi. O bildirdi ki, 17 nəfər namizəd arasından xəlifələr səsvermə yolu ilə seçiliblər. Onun özü rektor seçilməyinə səbəb kimi universitet həyatında fəal tələbə olmasını göstərdi. Sonra isə dedi ki, gün ərzində ona yaxınlaşıb, nəsə xahiş edən tələbələr də olub. O, rektorun xidməti maşınının bir tələbəni yaşadığı evdən universitetə gətirməsinin gözəl hiss olduğunu da dilə gətirdi.
Nicat Quluzadə sonda bildirdi ki, onlara göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaqlar. O, hər bir gəncin öz imkanları daxilində dövlətinin, millətinin daha parlaq gələcəyi üçün çalışmasının vacibliyini qeyd etdi.
Rizvan FİKRƏTOĞLU
XQ