Dünən Ağdam şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji tədbirlər, regionun biomüxtəlifliyi, mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, müasir texnologiyalardan istifadə olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, Ağdam şəhərində aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji”nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması istiqamətində aparılan işlər, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tezliklə həllini tapmalı olan bir neçə ekoloji məsələyə toxunub və işçi qrupdan bu məsələlərin həllini nəzarətə götürməyi xahiş edib.
İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın olduğu qeyd edib.
Eyni zamanda, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə məlumat verib.
İclasdan sonra iştirakçılar Ağdam rayonunun Kəngərli kəndinin ərazisində yaranan tikinti-söküntü tullantılarının təkrar emal olunması qurğusunun işi ilə tanış olublar.
XQ