Şahdağdan üzübəri gələn söz

post-img

Böyük mütəfəkkir Abasqulu Ağa Bakıxanovun 1835-ci ildə “Gülüstan” ədəbi məclisi ilə təməlini qoyduğu Quba ədəbi mühiti bu gün Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi, “Ay işığı”, “Gülüstan”, “Ulduzlar” və “Marvar” məclisləriylə yaradıcılıq ənənələrini davam etdirir. 

“Gülüstan”ın əhatə dairəsi hətta Avropa ölkələrinə qədər geniş area­lı əhatə edib. Bu əlaqələr sayəsində nəinki Azərbaycanda, eləcə də bütün Şərqdə ilk qadın dramaturq olan Sə­kinə xanım Axundzadə, Mirzə Möhsün Xəyali, Xaltanlı Tağı, Xınalıqlı Əmin, Baba Buduqi, Hacı Qubalı, Yetim Emin, M.Qorkinin XX əsrin Homeri adlandır­dığı Süleyman Stalski, digər saz və söz ustaları tanınıb və milli ədəbiyyatımı­zın, mədəniyyətimizin zənginləşməsinə töhfələrini veriblər. 

Ədəbiyyat və mədəniyyət tariximi­zin bir sıra maraqlı səhifəsi bilavasitə Quba ilə bağlıdır.1830-cu illərdə Tiflis­də Azərbaycan türkcəsində 300 nüsxə­dən ibarət “Tatar-əxbari” qəzetinin qu­balılar arasında 30-dan artıq abunəçisi vardı. Bu qəzetin Qubada yayılmasına Qafqaz canişinliyinin dəftərxanasın­da tərcüməçi işləyən A.A.Bakıxanov köməklik göstərirdi. 1873-cü ildə qubalı mülkədar Abdulla ağa Bakıxanov (A.A.Bakıxanovun qardaşı) Həsən bəy Zər­dabiyə “Əkinçi” qəzetini nəşr etdirmək üçün 1000 manat pul göndərmişdi.

Qubanın yaradıcı ziyalıları milli ədə­biyyatımıza öz xidmətlərini bu gün də davam etdirirlər. Ölkəmizin Şimal böl­gəsinin folklor nümunələrinin toplanıb yayılmasında və tarixinin araşdırılma­sında, ədəbi mühitinin və tarixi keç­mişinin incəliklərinə qədər təhlil edilib gələcək nəsillərə çatdırılmasında elm və ədəbiyyat xadimləri Azad Nəbiyevin, İlyas Babayevin, Vaqif Arzumanlının, Şahin Fazilin, Ələkbər Salahzadənin, Firuzə Məmmədlinin, Nazif Qəhrəman­lının, Vaqif Musanın, Yusif Həsənbəyin, Tofiq Rüstəmovun, Qəmərşah Cavado­vun, Qiyasəddin Qeybullayevin, Cab­bar Xəlilovun, Vaqif Əlixanlının, Səd­rəddin Bədirxanovun, Vaqif Piriyevin və başqalarının böyük zəhmət payı olub. 

Şah dağından Xəzərə qədər uza­nan qədim bir ərazinin təfəkkür mərkə­zində ənənəni davam etdirmək, saf bir ədəbiyyat düşərgəsi yaratmaq məqsə­dilə 1993-cü ildə Qubada şair Ramiz Qusarçaylının təşəbbüsü ilə “Ay işığı” ədəbi məclisi yaradıldı. Quba, Qu­sar, Xaçmaz, Şabran, Siyəzən və Də­mirqapı Dərbəndi təmsil edən istedadlı qələm sahibləri bu işığa üz tutdular, əyalət tənhalığı, ədəbi nigarançılıq və narahatlıq əriyib yox oldu, mənəvi və əbədiyaşar sabahlara ümidlə baxılma­ğa başlanıldı. Tezliklə ölkənin jurnal və qəzetlərində bölgə yazarlarının əsərləri davamlı şəkildə dərc olunmağa, efirlər­də səslənməyə başladı. 1994-cü ildən etibarən “Ay işığı” ədəbi məclisinin 4 al­manaxı dərc edildi. Vaxtaşırı Azərbay­canın görkəmli sənət və elm xadimləri məclisin qonağı oldular. 

Mərhum Xalq şairi Bəxtiyar Vahab­zadə yazırdı: “Mənim çox sevdiyim, haqqında bir neçə dəfə yazdığım şair Ramiz Qusarçaylının rəhbərlik etdiyi “Ay işığı” ədəbi məclisinin fəaliyyətini yarandığı vaxtdan izləyirəm. Məclisin yaratdığı təzə səs, təzə nəfəs bu gün Azərbaycanın heç bir bölgəsində yox­dur”. AYB-nin Natəvan klubunda keçi­rilən görüşdə birliyin sədri, Xalq yazı­çısı Anar çıxışında: “Bu gün “Ay işığı” ədəbi məclisinin üzvlərinin əksəriyyəti Azərbaycan Yazıçılar Birliyinə üzv qə­bul olunmağa layiqdirlər. Odur ki, onlar hissə-hissə bizim sıralarımıza qəbul olunacaqlar,” – deyə bildirib. Xalq şairi Söhrab Tahir, Əməkdar İncəsənət xadi­mi Məmməd Aslan, görkəmli yazıçı-dra­maturq, keçmiş dövlət müşaviri, dip­lomat Hidayət Orucov da “Ay işığı”nınuğurlarını yüksək dəyərləndirib və Dər­bəndin ədəbi qüvvələri ilə mütəmadi ünsiyyəti, ardıcıl əlaqələri xüsusi qeyd ediblər. 

1994-cü ildə AYB-nin Quba bölməsi yaradılıb və bölgənin ədəbi həyatı daha sistemli şəkil alıb. Şair Yusif Həsənbəy bölməyə ilk sədr təyin olunub. 2002-ci ildən bölməyə böyük istedad sahibi olan Ramiz Qusarçaylı rəhbərlik edir. Quba ədəbi mühitinin bir çox fəalı AYB-yə üzv qəbul olunub. Onların yaradı­cılıq və çap imkanları xeyli genişlənib. Hazırda bölgə yazarlarının əsərlərin­dən ibarət “Ay işığı-30” adlı almanaxı çapa hazırlanır. Topluya yerli müəlliflə­rin sevgi, səmimiyyət və insanpərvərlik duyğulu şeirləri ilə yanaşı, əlbəttə, qalib xalqın 44 günlük “Zəfər Yürüşü”nə həsr olunan dəyərli bədii nümunələri də daxil ediləcək.

Ramiz Qusarçaylı şeirlərinin bi­rində yazır:

Mən kənddən çıxanda gecə yarıydı,

Ay örpək çəkmişdi çöllərin üstə.

Heyrətim yolunu azan arıydı,

Uyuyub qalmışdı güllərin üstə.

Doğrudan da, “Ay işığı”ndan baş­lanan yol sözün şəhdi-şirəsini çəkərək bal kimi şeirlərə çevirən və söz aləminə təqdim edən gözəl diyarın qələm sahib­lərinin bütün ölkədə tanınmasına vəsilə olub. Bu gün fəxrlə demək olar ki, Qu­badakı ədəbi mühit milli tərkibi müxtəlif olan bir bölgədə böyük ədəbiyyata, elə­cə də dostluğa, qardaşlığa, ən başlıca­sı isə bütöv Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına xidmət edir.

 

Əli NƏCƏFXANLI

XQ

Sosial həyat