Azərbaycan futbolu da Xankəndiyə qayıdır!

post-img

Üç məqam bu tarixə xüsusi rövnəq verir. Əvvəla, Azərbaycan Kuboku tur­nirinin “Qarabağ” (Ağdam) – MOİK səkkizdəbir final görüşü erməni tapdağın­dan azad edilib, müasir standartlara uyğun təmir işlərindən sonra yenilənmiş, milli rəmzlərimizlə göz oxşayan, şübhəsiz, bundan sonra da hələ çox dəyişib, ən yüksək tələblər səviyyəsinə çatdırılacaq Xankəndi şəhər stadionunda keçi­riləcəkdir.

İkincisi, çox dərin rəmzi məna daşı­yır ki, şahidi olmağa tələsdiyimiz oyun­da təqvimin hökmü və ya səxavəti ilə rəqiblərdən biri “Qarabağ” adını şərəflə, fəxarətlə daşıyan klub, digəri isə əra­zilərimizi işğaldan azad etmiş qəhrəman hərbçilərimizin komandası – Mərkəzi Ordu İdman Klubudur.

Üçüncü məqam. Hər bir azərbaycan­lının qürur duyduğu “Qarabağ” Xankən­diyə tarixi zəfərlə gedib. Bir həftə əv­vəl bütün Azərbaycanı böyük nailiyyət – UEFA Avropa Liqası turnirinin 1/16 fi­nalına və ya bahar sınaqlarına vəsiqə ilə ürəkdən sevindirmiş bu qoçaq komanda çox mötəbər yarışda qrupdan çıxıb, pley-off mərhələsinə yüksələn ilk klubumuz olması ilə haqlı olaraq fəxr edə bilər.

Bir daha Ağdam komandasına təşək­kürümüzü bildirək. Onun oyunçuları so­yuq 14 dekabr axşamında İsveçin Gete­borq şəhərinin “Hekken” komandasına son iki ayda ikinci dəfə qalib gəlməklə “Tofiq Bəhramov” stadionunun tribunala­rına toplaşan on minlərlə azarkeşi, eləcə də oyunu teleekran qarşısında izləyən milyonlarla həmvətənimizi bir andaca ha­mılıqla ayağa qaldırdılar. Ölkənin sevinci hədsiz idi! 

Avroliqa mövzusunda qeydlərimi­zi davam etdirib, onu da xatırladaq ki, dekabrın 18-də İsveçrənin Nyon şəhə­rində keçirilmiş püşkatma mərasimində Azərbaycan çempionunun bəxtinə Por­tuqaliyanın “Braqa” klubu düşmüşdür. Kriştianu Ronaldunun həmvətənləri ilə qarşılaşacağıq. Olsun! Oyundan-oyu­na böyüyən “Qarabağ”ın da hər hansı komandaya layiqli rəqib olduğunu artıq Avropada bilməyən futbol adamı yox­dur. Gələn il fevralın 15-də Portuqaliya­da, 22-də isə Azərbaycanda keçiriləcək oyunlardan sonra bu iki klubdan biri sək­kizdəbir final sevinci yaşayacaq. Erkən baharın astanasında tale hansı xoşbəxt komandanın üzünə güləcək? “Qarabağ” bir daha sağ olsun ki, onun qitəmizin sa­yılıb-seçilən komandalarından biri oldu­ğuna heç kimdə şəkk-şübhə qalmayıb. Deməli, imkanlar bərabərdir.

Ölkə çempionumuz təxminən 35 ildir ki, Azərbaycan futbolçularının ayağı dəy­məyən stadionun meydançasına çıxdıq­da tribunaları necə gurultulu alqış səda­larının bürüyəcəyini təsəvvür etmək çətin deyil. Futbolumuzu beynəlxalq meydan­da ləyaqətlə təmsil edən komandaya azarkeş rəğbəti gündən-günə artır. Bö­yük xoşbəxtlikdir. Gözləntilərimiz də get­dikcə böyüyür. Qarşıda hələ çox uğurlara şahidlik edəcəyik. Bizdə bu inamı “Qara­bağ”yaratmışdır.

Futbol ictimaiyyətimiz üç gün əvvəl püşkatma mərasimini böyük maraq və həyəcanla izlədi. İndi isə hamı “Braqa” ilə iki raunddan ibarət döyüşü səbirsizliklə gözləyəcək. Həm də, təkrar edək, böyük ümidlə.

Hələlik isə “Qarabağ” Xankəndidə­dir. Komanda bu tarixi səfərə Azərbay­can Premyer Liqasının turnir cədvəlində vahid lider kimi yola düşmüş və növbəti dəfə çempionluğa doğru inamla irəliləyir.

Bu gün futbol həvəskarlarına dost-rəqiblərin görüşündən zövq alma­ğı arzulayaq. Saat 14-də hakimin “Qa­rabağ” və MOİK komandaları arasında Azərbaycan Kuboku yarışının səkkizdə­bir final görüşünün başlandığını bildirən işarəsindən sonra Xankəndi şəhər sta­dionu, onun yaşıl meydanı yeni həyatla nəfəs alacaq.

Günün mübarək, Azərbaycan futbolu!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman