Xankəndi Zəfərinin kürdəmirli şəhidləri

post-img

Azərbaycanın Xankəndidə keçirdiyi unudulmaz Zəfər paradı dünya üçün tutarlı bir dərs olmaqla, qatil, qaniçən düşmənlərimizə və onların havadarlarına əsl qulaqburması kimi yadda qaldı. Bununla da son 2 əsrdə tuş gəldiyimiz erməni xəyanətlərinə, 30 illik hərbi təcavüzün son qalıqlarına, erməni vəhşiliyinə son qoyuldu. 

Bu tarixi qələbə həm də Ali Baş Ko­mandanımızın hər dəfə xüsusi vurğu ilə, kəskin xəbərdarlıqla xatırlatdığı “də­mir yumruğ”un gücünü dünyaya göstər­di. Düşmən üzərindəki bu tarixi qələbə­miz “Mən nəyi nə vaxt və necə etməyi özüm yaxşı bilirəm” deyən Prezident, Ali Baş Komandan, səriştəli diplomat, igid sərkərdə İlham Əliyevin öz sözlə­rinə imzası qədər necə dəyər verdiyini bir daha təsdiq etdi. 

Ali Baş Komandanımızın zəfər pa­radında böyük fəxrlə, yüksək qürur hissi ilə dediyi “Qələbəni əldə edən əs­gərlərdir, zabitlərdir” sözləri eynilə an­ti-terror tədbirlərində iştirak etmiş cəsur döyüşçülərimizə də aiddir. Bu əməliy­yat zamanı fədakarlıqla döyüşüb şəhid olmuş igidlərimizdən 6 nəfəri Kürdəmir rayonunun yetirməsidir. Onlardan 3-nü XQ-nin oxucularına təqdim edirik.

Əliyev Toğrul İlyas oğlu 17 aprel 1995-ci ildə Kürdəmir rayonunun Mu­ğanlı kəndində anadan olub. Kənd məktəbində təhsil aldıqdan sonra Kür­dəmirdəki texniki peşə məktəbində oxuyub. Hərbi xidmətini başa vuraraq Azərbaycan ordusunun təlim mərkəzin­dəki müddətdən artıq xidmət kursuna qəbul olunmuş, burada hərbi biliklərə və döyüş taktikasına yiyələnmişdir. 

Toğrul hərbi xidmət sahəsində fəa­liyyət göstərməyi özü üçün daimi peşə yolu seçmişdi. Bilirdi ki, tezliklə quduz düşmənlə üz-üzə gələcəklər. Odur ki, özünü qanlı döyüşlərə tam hazırlıqlı he­sab edirdi. Buna görə də könüllü olaraq Komando briqadasına yazılmışdı və anti-terror tədbirləri başlananda Toğrul da öndə döyüşənlərin sırasında oldu. 

...Bunu döyüş yoldaşlarından eşit­mişəm: “Toğrul həmişə deyirdi ki, biz ancaq irəli getməliyik, geridə qalmağa heç birimizin haqqı yoxdur. Biz necə olur–olsun düşmənlərin ayağını tor­paqlarımızdan birdəfəlik kəsməliyik ki, onlar bir də haçansa baş qaldıra bilmə­sinlər. Elə etməliyik ki, bizdən sonra öv­ladlarımız əziyyət çəkməsinlər...”

Döyüş yoldaşları Toğrula deyirlər­miş ki, sən bir az ehtiyatlı ol, müm­kün qədər özünü gözlə, uşaqların var. Amma o, heç kəsi eşitmirdi, öz bildiyi kimi də hərəkət edirdi, daim ön cəb-həyə can atırdı.

Döyüş yoldaşları deyir ki, Toğrul ol­duqca mərd, cəsur, xüsusilə də ölümlə qarşılaşanda soyuqqanlı idi. Bədəncə nisbətən zəif olmasına baxmayaraq, çox dözümlü idi. İdmançılara xas olan xarakteri vardı. Qorxu nə olduğunu bilmirdi. O, axıra qədər döyüşdü, qələ­bəyə lap az qalmış şəhid oldu. 

Toğrul Xocavənd, Xankəndi uğrun­da gedən döyüşlərdə şəhid oldu. Özün­dən sonra vətən üçün 3 oğul, gələcəyin 3 əsgərini yadigar qoyub getdi. 

Toğrul Qızılgül ananın gözünün ağı-qarası bircə övladı idi. Ana onun haqqında ürəkdolusu danışır, ürəyində yaşatdığı xatirələri yada salır, oğlunun lap uşaq yaşlarından zəhmətsevər olduğundan, narçılıq təsərrüfatında çalışdığından danışır, deyir ki, Toğrul ağlı kəsəndən, əli iş tutandan torpağa, əkin-biçinə, bağ-bağata həvəs göstə­rib, yaddaşlarda işgüzar bir gənc kimi qalıb.

Toğrulun yadigar qoyub getdiyi öv­ladlar ana üçün yeganə təsəllidir.

Əhmədov Vüsal İlqar oğlu 24 yan­var 1993-cü ildə Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. Azərbaycan ordusunun təlim-tədris mərkəzində müddətdən artıq xidmət kursunu bitirərək yenidən hərbi xidmətə başlayıb və 2022-ci ilin sentyabr döyüşlərində də iştirak edib.

Həyatını hərbi xidmətə bağlayan Vüsal bu il sentyabrın 19-da keçirilən anti-terror tədbirlərində də ən fəal dö­yüşçülərdən biri kimi iştirak edib və Ağ­dərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Vüsalla eyni bölükdə xidmət etmiş kəşfiyyat qrupunun komandiri gizir Sa­kit Aslanov döyüş yoldaşı haqqında fəxrlə, ağızdolusu danışdı. Dedi ki, bir xeyli müddət Vüsalla bir yerdə xidmət etmişik, birlikdə döyüşmüşük. Vüsal ən çətin, ən təhlükəli kəşfiyyat və dö­yüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi fədakarlıq göstərirdi. Məsələn, bilirsən ki, bir-iki yüz metr qarşıda səni mütləq ölüm gözləyir. Bunu bilə-bilə ölümə doğru gedən adamın gör nə boyda ürəyi var! Bax, Vüsal belə igid, mərd, qorxmaz döyüçülərdən idi. Bir şəxsiyyət kimi də, bir döyüşçü kimi də Vüsal çox ləyaqətli, dosta, yolda­şa sadiq, vətənpərvər bir insan idi. O, nümunəvi hərbi xidmətinə görə 2 dəfə Fəxri fərmanla təltif olunmuşdu.

Atası dedi: Vüsal çox ağıllı, zirək, qətiyyətli uşaq idi. Zəhmətə uşaq yaşla­rından alışmışdı. Elə o vaxtdan mənim yaxın köməkçim olmuşdu. Diqqətindən heç nə yayınmazdı. Həyət-bacada, bağ-bağatda bir iş görəndə həmişə yanımda olurdu. Uşaq da olsa, mənə ağıllı məsləhətlər verirdi. Məsələn, de­yirdi bunu elə yox, belə etmək lazımdı. Görürdüm ki, düz deyir. O, evimizin ti­kintisində də mənə çox kömək edib. Elə buna görədir ki, evimizdə, həyət-ba­cada, bağ-bağçada nələrə baxırıqsa, onun əllərinin izlərini görürük. Ağac­lara calaq vurmağı xoşlayırdı. Vaxtilə əkib-becərdiyi neçə-neçə meyvə ağac­ları ondan yadigar qalıb. 

Vüsalın yaşyarımlıq bir oğul övladı var. İlqar onu da dedi ki, uşağı tez-tez atası Vüsalın əkdiyi meyvə ağacları­nın yanına aparıb orada gəzdirirəm. Uşaq ləhcəsi ilə ona başa salıram ki, bu ağacları ata sənin üçün əkib. O da ağaclara əl vura-vura “ata-ata” deyib, dili dolaşa-dolaşa mənim sözlərimi tək­rarlayır...

Vüsal şəhadətə qovuşdu. Onun əvəzində bu ailədə Eşqin adlı bir oğlan uşağı, gələcəyin bir mərd əsgəri böyü­yür. Uşağın adını Vüsal özü qoymuş­du: “Eşqin”. Bu sətirlərin müəllifi olaraq mən belə fikirləşirəm ki, Vüsal övladına “Eşqin” adını təsadüfən yox, bilərəkdən qoyub. Yəni o, vətənə, həyata, ata-anaya, övlada, el-obaya olan sevgisini, istəyini oğlunun adında həm ümumiləş­dirib, həm də əbədiləşdirib...

Əkbərov Şahid Natiq oğlu 22 okt­yabr 1996-cı ildə Kürdəmir rayonunun Məhərrəmli kəndində anadan olub. Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsindəki 64 nömrəli orta məktəb­də oxuyub. Sonra Kürdəmirdəki texniki peşə məktəbini bitirib. Hərbi xidməti­ni başa vurduqdan sonra Azərbaycan ordusunun təlim-tədris mərkəzindəki müddətdən artıq hərbi xidmət kursunda oxuyub. Sonra Komando briqadasına yazılıb və ön cəbhəyə yollanıb. Sent­yabrın 19-da keçirilən anti-terror tədbir­lərində fədakarlıqla döyüşüb. Xüsusilə də tank əleyhinə olan döyüşlərdə mərd­liklə şəhid olub.

Atası deyir ki, Şahid çox sakit, meh­riban, ata–ana qədri bilən, sözeşidən, ümumiyyətlə, yaxşı mənada qeyri-adi xasiyyətləri olan bir gənc idi.

...Söhbət etdiyim şəhid valideynləri­nin hamısı eyni sözü deyirdilər. Bildir­dilər ki, övlad itkisi nə qədər ağır olsa da, təsəlliləri övladlarının Vətən, xalqı­mızın əmin-amanlığı yolunda canlarını qurban vermələri, şəhidlik zivrvəsində əbədiyyət qazanmalarıdır: “Bizi səbirli, qürurlu edən də budur. Qəddar düş­mənlərdən azad edilmiş torpaqlarımız­da ucalan bayraqlarımız onların hünə­rini və mənəvi ömürlərini təcəssüm etdirir”.

 

Tofiq ABDULLAYEV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Kürdəmir





Sosial həyat