Jurnalistlər Ağdərədə minaların təmizlənməsi prosesi ilə tanış olublar

post-img

İşğaldan azad edilən Ağdərəyə mediatur təşkil olunub. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.

Jurnalistlər əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış əraziyə gəliblər. Ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub. Məlumat verilib ki, antiterror tədbirlərinə qədər bu yolun üzərində və ətrafında Ermənistan silahlı bölmələrinin döyüş mövqeləri yerləşdirilib. Ərazidə tank əleyhinə xəndək və metal kirpilər, tikanlı məftillər, qarışıq tipli mina sahələri və döyüş mövqeləri bir-birini əvəz edir.

Sonra media nümayəndələri əllə və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxış keçiriblər. Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov aparılan minatəmizləmə əməliyyatı barədə məlumat verib. Bildirib ki, hazırda həm minaaxtaran itlər vasitəsilə, həm də əllə həyata keçirilən axtarışla istehkam bölməsinin mina sahəsində ərazinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işi aparılır. İşğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6800 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib. Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatları mərhələli şəkildə Ağdərənin "Gödəkburun” təlim sahəsi ərazisində partlatma və yandırma üsulları ilə zərərsizləşdirilir.

Anar Kərimov qeyd edib ki, ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan ordusu qardaş Türkiyədən “Memat” mina təmizləmə texnikaları da alıb. “Xidmətli itlərdən də istifadə olunur. Avadanlıqlarımız müasirdir. Ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində dünyanın ən aparıcı avadanlıqlarından istifadə edilir” – deyə idarə rəisi bildirib.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov jurnalistlərə bildirib ki, Ermənistan hərb elmində nəzərdə tutulan standartlara əməl etməyib və minaları kütləvi şəkildə ərazilərə basdırıb: “Elə ərazilər var ki, bir kvadratmetrdə piyada əleyhinə 6-8 mina tapılıb. Bu onu göstərir ki, Ermənistan özü istehsal etdiyi minaları Azərbaycan ərazilərində kütləvi şəkildə basdırıb. İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra verilən məlumatlar onu göstərir ki, Azərbaycan ərazilərində milyon yarımdan artıq mina və partlamamış hərbi sursat var. Bu bir daha onu göstərir ki, ərazilərimiz mina və partlamamış hərbi sursatlarla külli miqdarda çirkləndirilib. Bunu nəzərə alaraq ikinci Qarabağ müharibəsi bitən kimi Azərbaycan dərhal minaların təmizlənməsini prioritet sahə elan etdi və arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəltdi. ANAMA, Müdafiə Nazirliyinin Mühəndis İstehkam Qoşunları, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri minalarınn təmizlənməsinə cəlb olunub. Bundan başqa ərazilərin minalardan təmizləməsi məqsədilə dörd kommersiya qurumu yaradılıb. Bir qeyri-hökumət təşkilatı uzun müddətdir bu istiqamətdə fəaliyyət göstərir. Məsafədən idarə olunan robot texnikalar, həmçinin minaaxtaran itlər, siçovullar ölkəyə gətirilir. Artıq Azərbaycan özü əraziləri minalardan təmizlənməsini həyata keçirən maşınlar istehsal edir. Qadın minatəmizləmə komandası da yaradılıb. Azərbaycan hökuməti arsenalında olan bütün qüvvələri minaların təmizlənməsinə yönəldib”.

Media nümayəndələri mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesini izləyiblər.

Sosial həyat