Küveytdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

post-img

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirminci ildönümündə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində anım mərasimi təşkil edilib.

Səfirlikdən  bildiriblər ki, tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, Küveyt ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan türkdilli dövlətlərin vətəndaşları iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş nitq söyləyib. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edilib və böyük liderin anadan olmasının 100 illiyi bütün ölkə ərazisində və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub. Diplomat 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəldiyi vaxtda ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğunu, torpaqlarımızın işğal edildiyini, ölkədə hərc-mərcliyin hökm sürdüyünü, habelə iqtisadiyyatın tənəzzülə uğradığını və hakimiyyət uğrunda mübarizə getdiyini, lakin onun uzaqgörənliyi və əzmi sayəsində Azərbaycanın bu çətin sınaqlardan çıxdığını və sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.

E.Kərimov vurğulayıb ki, Ümummilli Lider xalqımızın başına gətirilən 20 Yanvar və Xocalı soyqırımı kimi faciələrə hüquqi-siyasi qiymət verilməsində müstəsna rol oynayıb. O, Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın hərtərəfli inkişafının əsasını təşkil edən neft strategiyasının bu gün də uğurla həyata keçirildiyini və Azərbaycanın hal-hazırda dünyaya təkcə neft deyil, eyni zamanda təbii qaz ixrac edən etibarlı tərəfdaş kimi tanındığını söyləyib.

Diplomat Ulu Öndərin siyasətinin uğurlu davamı olaraq Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində 30 illik həsrətdən sonra Qarabağ torpaqlarının işğaldan azad edilməsindən çox şad olduğumuzu dilə gətirərək, Heydər Əliyev irsinin, zəngin mədəniyyətimizin təbliğində və tarixi abidələrimizin bərpasında mühüm rol oynayan, eləcə də dünya mədəniyyətinin bir sıra incilərinin təmir və bərpasında iştirak etməklə humanitar diplomatiyaya rəhbərlik edən Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da misilsiz xidmətlərini qeyd edib və Fondun geniş fəaliyyət sahəsinə malik olduğunu, ölkəmizdə təhsil və səhiyyə sahələrinin də inkişafına böyük töhfələr verdiyini bəyan edib.

Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycanla İslam ölkələri arasında əlaqələrin qurulmasında və inkişaf etdirilməsində müstəsna rol oynadığı barədə iştirakçılara məlumat verib. O bildirib ki, 1994-cü il dekabrın 13-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev İslam Konfransı Təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabahla görüşüb və bununla da iki ölkə arasında əlaqələrin bünövrəsi qoyulub. Səfir dövlət başçıları arasında daha sonra 1995-ci ilin mart ayında Kopenhagendə və həmin ilin oktyabr ayında ABŞ-da səmimi görüşlərin baş tutduğunu və müzakirələr aparıldığını diqqətə çatdıraraq, Küveyt Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin ilk illərində azərbaycanlı qaçqınlara humanitar yardımlar göndərdiyini və Azərbaycanda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində iştirak etdiyini bildirib. O, Azərbaycan Respublikası və Küveyt Dövləti arasında həm ikitərəfli əsasda, həm də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, OPEC+ kimi təşkilatlar çərçivəsində yaxından əməkdaşlığın mövcud olduğunu dilə gətirib.

Həmçinin səfir 2024-cü ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olacağını və bununla bağlı bir sıra qarşılıqlı səfərlərin həyata keçiriləcəyini, habelə səfirlik tərəfindən təntənəli tədbirin təşkil olunacağını bildirib.

Diplomat işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq və bərpa işləri aparıldığını və Prezident İlham Əliyevin bu il oktyabr ayınının 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda 22 min insanın Füzuli rayonunda yaşayacağını, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın məskunlaşacağını söylədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək Azərbaycanın müstəqillik əldə etməsindən sonra Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 1993-cü ildə diaspor quruculuğu işində əsaslı dönüşün yaranması, onun bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşü, onların problem və qayğıları ilə maraqlanması, soydaşlarımızı yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırması barədə iştirakçılara məlumat verib. O, dünyanın hər bir guşəsində formalaşmış Azərbaycan diasporunun məhz Heydər Əliyevin diaspor quruculuğu siyasətinin bəhrəsi olduğunu bildirib. K.Hacızadə Ümummilli Lider Heydər Əliyevin “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanının Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olduğunu vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyev barədə sənədli film nümayiş olunub.

Bununla yanaşı, səfirliyin yerli media ilə fəaliyyəti çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə məlumatlar Küveytin ərəbdilli "Bobiannews.net”, “Dasman news” və “q8-press.com” elektron xəbər portallarında və həmin KİV-lərin sosial şəbəkələrində geniş işıqlandırılıb.







Sosial həyat