Naxçıvan Şəhər Gənclik Mərkəzində şəhid Zaman Məmmədovun həyatına və döyüş yoluna həsr edilmiş “Zamana meydan oxuyan Zaman” filminin təqdimatı keçirilib.
Şəhid ailələri, qazilər, rəsmilər, ictimaiyyət nümayəndələri və gənclərin iştirak etdikləri mərasimdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud xalqımızın Vətən müharibəsində qazandığı şanlı qələbədən söz açıblar, döyüşlərdə mərdliklə iştirak edən Vətən oğullarının böyük şücaət və qəhrəmanlıqlarından danışıblar. Onlar savaş qəhrəmanlarımızın həyat və döyüş yolunun indiki və gələcək nəsillərə ali dəyərlər aşıladığını vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Bir ölər, min dirilərik” Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılması layihəsi çərçivəsində hazırlanan 3 filmdən biri Kəngərli rayonundan olan Vətən müharibəsi şəhidi Zaman Məmmədova həsr olunub. Layihə çərçivəsində Bakıda və Naxçıvanda aparılan film çəkilişlərində şəhidlərimizin ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak ediblər.
Dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıdan məmnunluğunu ifadə edən qəhrəman şəhidin atası Habil Məmmədov filmin ərsəyə gəlməsində və təqdimatında əməyi, dəstəyi keçənlərə, o cümlədən iştirakçılara minnətdarlıq edib, bu cür filmlərin digər şəhidlərimiz haqqında çəkilməsi arzusunu diqqətə çatdırıb.
Sonra iştirakçılar yeni filmi böyük maraq və həyəcanla izləyiblər.
Xatırladaq ki, şəhid Zaman Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan