Naxçıvan Muxtar Respublikasında ilk dəfə ümumtəhsil məktəblərində boş olan direktor vəzifələrinə təyinatlar olub. Direktor vəzifəsi üzrə namizədlərin müəyyən oluması iki formada təşkil edilib:
Yerdəyişmə qaydalarına uyğun olaraq hazırda direktor, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrində çalışan namizədlərin müsahibəyə cəlb olunması; məktəbin növbədənkənar pedaqoji şura iclasında pedaqoji heyətin rəyi əsasında seçilən 2-3 namizədin müsahibəyə cəlb edilməsi. Namizədlər yaradılmış komissiya tərəfindən qanunvericilik üzrə nəzəri, peşə üzrə texniki biliklər və idarəetmə bacarıqları olmaqla müsahibə olunub. Müsahibədə, ümumilikdə, 25 vakant yer üçün 55 namizəd iştirak edib.
Namizədlər 5 ballıq sistemlə qiymətləndirilib və yekun orta balı 2,5 və daha yüksək olan namizədlər vəzifəyə uyğun hesab edilib. Ümumilikdə, müsahibənin nəticəsinə uyğun olaraq 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.
Yeni təyin olunan direktorlarla görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı və Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Elxan Nəcəfov yeni təyin olunan direktorları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan