Muxtar respublikada sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib.
Bu münasibətlə təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, Muxtar Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təhsil nazirinin müavini Elxan Nəcəfov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev və Həmkarlar İttifaqları Şurası sədrinin müavini Ramiz Cəfərov muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələri haqqında məlumat veriblər.
Bildirilib ki, bu gün bütün kateqoriyalardan olan uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Onların hüquqlarının və sağlamlıqlarının qorunması, sosial müdafiəsinin, asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər, o cümlədən monitorinqlər, seminarlar keçirilir.
Mərasimdə sosial qayğıya ehtiyacı olan bir qrup uşağa qış geyimləri təqdim edilib. Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, tək valideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla, 40 uşağa Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, 264 uşağa Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının, 150 uşağa isə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından qış geyimi verilib. Ümumilikdə, 454 xüsusi qayğıya ehtiyacı
Sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Turanə Tağıyeva uşaqlara göstərilən bu diqqətə görə dövlət rəhbərliyinə minnətdarlığını bildirib.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan