Odur ki, valideynlər peyvənd təqviminə əməl etməlidirlər
Ölkə ərazisində qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. Bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd edilib ki, xəstəlik uşaqlarla bərabər, 40 yaşdan yuxarı əhali arasında da müşahidə olunduğuna görə təqvimdənkənar peyvənd kampaniyalarına başlanılıb.
Açıqlamada deyilir ki, qızılca xəstəliyinə yoluxmalarda belə artımlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də proqnozlaşdırılıb. Avropa regionunda yoluxma payız–qış aylarında artıb. Buna səbəb uşaqların peyvənd yaş dövrünün COVID–19 pandemiyasına təsadüf etməsi olub, məhdudlaşdırma tədbirləri ilə bağlı olaraq onlara vaksin vurulmayıb.
Hazırda yoluxmalar məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Qızılca uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəlidir, özüsağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xaraktercə stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya şərti ilə müalicə edilən xəstəlikdir. Bu xəstələri Ailə sağlamlıq mərkəzlərinin və ərazi üzrə poliklinikaların həkimləri nəzarətə götürürlər. Ağırlaşma hallarında isə onlar TƏBİB-in müəssisələrində müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir. Bu günə olan məlumata əsasən, paytaxt ərazisində, Sumqayıtda və bütün regionlarda yoluxma sayları nəzarət altındadır, müvafiq şöbələrdə kifayət qədər boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. TƏBİB-in açıqlamasında o da bildirilir ki, ağırlaşma halları ilə müraciət edən xəstələrin əksəriyyəti qızılca əleyhinə peyvənd olunmayanlardır.
Bakı şəhəri, 22 saylı şəhər poliklinikasının pediatrı Əsmər Məmmədova yaranmış vəziyyətlə bağlı bildirdi:
– Qızılca xəstəliyinə qarşı spesifik vaksin var və milli peyvənd təqviminə daxil edilib. Həmin peyvənd uşaqlara 12 aylığında və 6 yaşında vurulur. Bütün valideynlər uşaqlıqda bu mərhələni özləri də keçdiklərindən dəqiq bilirlər ki, xəstəliyə yoluxmadan, baş verə biləcək ağırlaşmalardan, onun gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil edilib və həmin vaxtdan başlayaraq, bütün Ailə sağlamlıq mərkəzlərində, ərazi üzrə poliklinikalarda dövlət hesabına, ödənişsiz həyata keçirilir.
Özəl klinikalar Fransa, Kanada və digər ölkələrdən gətirilən peyvəndlərə üstünlük verirlər. Vaksinlərin bəzisi ya qrip törədicisidir, ya da zəiflədilmiş törədici. Yad zülal olduğuna görə orqanizmdə müxtəlif reaksiyalar verə bilər. Qızılca sətəlcəm və beyin iltihabı kimi ağırlaşmalara da yol aça bilir və əsasən, uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir.
Qeyd edək ki, rəsmi statistikaya görə, son 3 ildə Azərbaycanda qızılcaya yoluxanların sayı minimuma enib. Dövlət Statistika Komitəsi 2019-cu ildə 337 xəstədə qızılca diaqnozu qeydə alındığını göstərmişdi. 2021-ci ildə qızılca qeydə alınmayıb, ötən il isə ölkədə cəmi bir yoluxma olub. 2020–2022-ci illərdə 3 nəfərə qızılca diaqnozu qoyulub. Statistika da göstərir ki, adətən, qızılca geniş yayılmır, lakin bəzən çox sayda yoluxma qeydə alınır. Bu, adıçəkilən xəstəliyin yoluxucu xarakteri ilə bağlıdır.
Ötən ay Zaqatala və Kürdəmir rayonlarında qızılcaya yoluxma ilə bağlı xəbərlər yayıldı. Bəzi saytlarda reallığı düzgün əks etdirməyən, qızılca alovlanmaları barədə “şok” informasiyalara rast gəlmək mümkün idi. İnsanların narahatlığını aradan qaldırmaq üçün TƏBİB mövzu ilə bağlı açıqlama verdi: “Zaqatala rayon Mərkəzi Xəstəxanasına 2023-cü il oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə edilərək ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8-i uşaq olub. Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10-u artıq evə buraxılıb, 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”. Bu açıqlamadan az sonra həmin xəstələr də sağalıb və evlərinə yola salınıblar.
Rəsmi məlumatlara istinadən deyə bilərik ki, hazırda xəstəliyə Zaqatala şəhərində, rayonun Kebeloba, Car, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax, Əliabad kəndlərində uşaqlar və orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir. Kürdəmirdə də qızılcaya yoluxanların sayında artım var. Oradakı Ailə Sağlamlıq Mərkəzinə 60-a yaxın sakin xəstəliyə yoluxma şübhəsi ilə müraciət edib, onlardan 9-u stasionara yerləşdirilib. Yoluxma halları rayonun Pirili, Ərəb Qubalı, Şilyan, Qarasaqqal və Sor kəndlərində qeydə alınıb. Noyabrın 23-də bildirilib ki, bir həftəyə yaxın qızılcaya yoluxan və qızdırması düşməyən, Qağacılı kənd sakini 4 yaşlı Rüfət Qəribli xəstəxanaya gətirilərkən dünyasını dəyişib. Qeyd edək ki, bu 2 rayondan öncə oktyabrın sonunda Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdlərində də qızılca aşkarlanmışdı.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Gülafət Azadəliyeva 2 ay öncə mediaya açıqlamasında qeydə alınan qızılca hallarını miqrasiya və peyvənd olunmamaqla əlaqələndirdi:
– Sentyabr ayında qızılcaya yoluxan 24 nəfərin 84 faizi peyvend olunmayanlardır. Yoluxma halları, əsasən, qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. İndi xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılır, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca–parotit–məxmərək əleyhinə) vaksini ilə buna cəlb olunurlar.
Statistikaya görə, hər il uşaqların 95–96 faizi qızılcaya qarşı peyvənd edilir. Hesablama Palatasının audit çərçivəsində tibb işçiləri arasında keçirdiyi sorğuda vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri araşdırılıb. Sorğularda vətəndaşların imtina səbəbləri kimi peyvəndlərin mənşə ölkəsi, həmçinin yerli reaksiyalar və qısamüddətli qızdırma halları, bundan əlavə, uşaqlarda autizmə səbəb olmasına dair elmi əsassız qənaətlərin göstərildiyi üzə çıxıb. Ölkədə vurulan peyvəndlərin, orta hesabla, 44,6 faizi profilaktik peyvənd təqvimindən kənarlaşmaqla, özəl klinikalarda gerçəkləşdirilib.
Yekunda qeyd edək ki, valideynlər ərazi poliklinikaları və Ailə sağlamlıq mərkəzləri ilə sıx əlaqədə olmalı, peyvənd təqviminə ciddi əməl etməlidirlər ki, sonradan uşaqlarda daha ciddi ağırlaşmalar baş verməsin.
Z.HÜSEYNOVA
XQ