Cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında səhiyyənin rolu böyükdür. Bir neçə ildir ki, Azərbaycan səhiyyəsi həm dövlət, həm də özəl sektorun inkişafı ilə yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə ötən 10 ilə yaxın dövrdə iqtisadi irəliləyiş səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.
Ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Sənəddə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davamı nəzərdə tutulub. Ötən illərdə bu sahədə əhalinin narahatlığına səbəb olan xeyli problem artıq öz həllini tapıb.
Müasir Azərbaycan səhiyyəsində ardıcıl olaraq həyata keçirilən islahatlar dövlətin birbaşa dəstəyi və hazırladığı proqramlar əsasında reallaşır. Əhalinin, xüsusilə, aztəminatlı təbəqənin son illərə qədər səhiyyə xidmətlərinə əlçatanlığı aşağı olsa da, həyata keçirilən proqramlar, reallaşdırılan layihələr, nəzərdə tutulan irimiqyaslı işlər bu sahədə vəziyyəti xeyli dəyişib. Səhiyyədə irimiqyaslı islahatların aparılması üçün dövlətin iqtisadi imkanlarının artması vacib idi. Bu baxımdan ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə paralel səhiyyə islahatları 2004-cü ildən etibarən daha da genişlənib.
Bu gün Azərbaycanın səhiyyə müəssisələrində istifadə edilən avadanlıqlar dünyanın aparıcı klinikalarındakından geri qalmır. Xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni tikilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən müayinə cihazları gətirilir. Təbii ki, bütün bunlar tibb təhsili sistemində də uyğun dəyişiklikləri, həmin avadanlıqlarla işləyə bilən həkimlərin peşəkarlığının artırılmasını tələb edir.
Son illər dünya miqyasında tibb elminin sürətlə inkişafı təhsil sistemində belə dəyişiklikləri labüd edib. Son 20–30 ildə dünya tibb elminin inkişafı nəticəsində əldə olunan böyük elmi nailiyyətlər sırasına xəstəliklərin yaranma səbəblərinin aşkarlanmasına müasir baxışlar, yeni diaqnostika, müalicə üsulları və vasitələri əlavə edilib. 30 il öncə aparıcı müayinə rentgen idisə, indi USM, KT, MRT və digər müayinə üsullarından istifadə olunur.
Dövlət başçısının səhiyyə sahəsindəki islahatlara stimul verən “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncamında ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara çatdırılmasına, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsinə əlverişli zəmin yaratdığı bildirilir. Səhiyyə sahəsində əsas xəstəliklərin profilaktikası üzrə bir sıra dövlət proqramları qəbul edilib və onların icrasının maliyyə təminatı məsələləri həll olunub.
Həmçinin sənəddə qeyd edilir ki, səhiyyə sisteminin maliyyələşdirilməsi prinsipləri üzrə köklü islahatlar həyata keçirilmədən, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin arzuolunan səviyyəyə çatdırılması mümkün deyil. Buna görə də ölkəmizin səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarını yaratmaq, bu sahənin idarə olunmasını təkmilləşdirmək, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və icbari tibbi sığortanın tətbiqinə başlamaq barədə qərar qəbul edilib.
Konsepsiyada tibbin bütün sahələri əhatə edilməklə, ictimaiyyətin maraqlarına da önəm verilib. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 11 dəfədən çox artıb. Böyük əksəriyyəti respublikanın bölgələrində olan, müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib, yoluxucu xəstəliklərlə mübarizə işində mühüm nəticələr əldə olunub. Hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır. Ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıb. Belə ki, 2013-cü illə müqayisədə 5 yaşadək uşaq ölümü 2234-dən 1256-ya, ana ölümü 25 nəfərdən 18-ə düşüb.
Koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı, həkimlərimizin bacarığı və fədakarlığı bir daha təsdiqləndi. Həmin dövrdə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar və ləvazimatlar ölkəyə gətirildi. Testlərin aparılması üçün çoxsaylı laboratoriya fəaliyyətə başladı. Azərbaycan 80-dən çox xarici ölkəyə maliyyə və humanitar yardım göstərdi, eyni zamanda beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verdi. Ölkəyə ən etibarlı vaksinlər gətirildi və 14 milyona yaxın peyvənd istifadə edildi.
Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, tibbi idarə və müəssisələrini müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu, Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları və digər qurumlar ilə fəal əməkdaşlıq edir.
Dünyanın əksər ölkələrinin səhiyyə sistemi qarşısında duran vəzifə, həyata keçirilən islahat və dəyişikliklərin başlıca məqsədi tibbi yardımın keyfiyyətinin dünyada qəbul edilmiş yanaşma–standartlara uyğun yüksəldilməsidir. Keyfiyyətli tibbi yardım bir tərəfdən köhnəlikdən yaxa qurtarmağı, bütün dünyanın artıq çoxdan imtina etdiyi müalicə üsullarından əl çəkərək, innovasiyalara yol açmağı, digər tərəfdən isə, düşünülmüş addımlar atmağı nəzərdə tutur. 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsinə başlanıb və standartların sayı ilbəil artırılır.
Standartlar davamlı tibbi qayğı xidmətinin dəstəklənməsi üçün anlayışlar sistemidir, tibbi yardım göstərilməsi sahəsində qaydaları müəyyən edən bir vasitətdir. Səhiyyə sisteminin fəaliyyətinin planlaşdırılması və maliyyələşdirilməsi, dövlət, səhiyyə sistemi və pasiyentlər arasında əlaqələr məhz bu əsas üzərində qurulmalıdır. Ölkə üçün müəyyən edilən tibbi yardım standartları ilə yanaşı, milli klinik protokollar da tərtib edilir. Bu protokollar hər hansı sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Milli klinik protokollar həkimlərə hər hansı klinik situasiyada necə hərəkət etməyə istiqamət verir.
Tibbi standartların tətbiqinin əsas məqsədi ölkə əhalisinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir. Yəni ölkənin istənilən nöqtəsində dövlət və ya özəl tibb müəssisəsinə müraciət etmiş vətəndaş zəmanətli şəkildə keyfiyyətli tibbi xidmətlə təmin olunmalıdır. Digər tərəfdən, bu standartlar lüzumsuz olaraq təyin edilən diaqnostik prosedurlar və dərman vasitələrinin həcmini minimuma endirməli, səhiyyəyə sərf olunan vəsaitlərin daha effektiv və səmərəli şəkildə istifadəsini təmin etməlidir. Hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturu qurulub, İTS-nin məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılıb və geniş tətbiq edilir. Tibb müəssisələri kompüterlə təchiz olunub. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə 16 indikator tətbiq edilib. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyir. Səhiyyə sistemində aparılan islahatlara Avropa Komissiyasının Azərbaycana dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində hazırlanan tərəqqi hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq müsbət rəy verilir.
Səhiyyə sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Bu məqsədlə beynəlxalq praktika öyrənilib, qanunvericilik bazası hazırlanıb. Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədi ilə icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. İcbari tibbi sığorta sisteminə əsasən, pensiyaçılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətəndaşlar və sosial yardım alanlar üçün isə dövlət ödəyir. Nəticədə ölkə əhalisinin bütün təbəqələri tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb edilib və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunub.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir. Bu gün ölkəmizdə Mərkəzi Klinika, Talassemiya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Qafqazda ən böyük tibb müəssisəsi–Yeni Klinika, Tibb Universitetinin klinikaları, paytaxtda və bölgələrdə ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, digər çoxsaylı dövlət və özəl tibb müəssisələri əhaliyə lazımi tibbi xidmət göstərir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin və əməkhaqlarının yüksəlməsinə təsir edir.
Zərifə HÜSEYNOVA
XQ
Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.