Şuşanın su qıtlığı arxada qalır...

post-img

Azərbaycanda infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilir. 

Həyata keçirilən tədbirlər hesabı­na su təsərrüfatı sisteminin inkişafı sürətlənib. İşğaldan azad edilmiş əra­zilərdə əhalinin fasiləsiz içməli su ilə təminatı əhəmiyyətli dərəcədə yaxşıla­şib. Bunu Şuşa şəhərində daha aydın görmək olar. Bu barədə əslən şuşalı olan Tahirə Məmmədova dedi:

– Şuşa şəhəri salındıqdan sonra onun əhalisi sürətlə artmış və o Azərbay­canın mühüm, strateji əhəmiyyətli şəhər­lərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın hakimiyyəti dövründə (1747-1763) şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə (1763-1806-cı illər) isə Qarabağ xanlığı daha da güclənmiş, əhalinin sayı artmışdı. 

Şəhər çar Rusiyasının işğalı döv­ründə də genişlənmiş, ətraf ərazilərdən şəhərə köçənlərin sayı artmışdı. Bu dövrdə əhali içməli suya olan tələbatını həyətlərdə qazılmış quyular vasitəsilə təmin etməyə çalışırdı. Lakin bu suların əksəriyyəti duzlu olduğu üçün içməyə yararlı deyildi. Şəhərdə yalnız iki içməli su quyusu var idi. Bu isə şəhərin suya tələbatını ödəmirdi. Buna görə də in­sanlar suya olan ehtiyaclarını şəhərdən 3-4 kilometr uzaqlıqda olan dağlardan, Daşaltı və Xələfli çaylarının sahillərin­dəki çeşmələrdən təmin edirdilər. Onlar bu çeşmələrdən tuluqlara su doldurub şəhərə daşıyırdılar. Əhalinin sayı artıqca onların içməli su təminatı da çətinləşirdi. Şəhərin varlıları çıxış yolunu müxtəlif su bulaqlarının tikilməsində görürdülər. On­ların arasında Xurşidbanu Natəvan da vardı. Onun tikdirdiyi “Xan qızı” bulağı daha məşhur idi. 1873-cü ildə istifadəyə verilmiş bu bulağa su saxsı borularla Sa­rıbaba dağının ətəyindən gətirilmişdi. 

Şuşada içməli suyu ilə fərqlənən digər bulağı 1899-cu ildə Hacı Nəsir Rza oğlu Çöl qala məhəllə məscidinin qarşısındakı açıq meydanda daşdan tikdirmişdi. Daha bir bulağın suyu da şuşalılar arasında məşhur idi. Bu, “İsa bulağı”dır. Şuşa şəhərindən 2 kilometr aralıda, meşədə yerləşən bulaq Azərbaycan təbiətinin na­dir incilərindən sayılır. Yerli əhalinin mə­lumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. 

Şuşadakı bulaqların əksəriyyətinin suyu şorluğu ilə seçilib. Hətta onlardan biri “Şor bulaq” adlanır. Bulaq 1854-cü ildə Şuşanın varlı şəxslərindən olan Rə­sibala Zəkəriyyə tərəfindən çəkilib. Suyu bir qədər şor olduğundan əhali arasında ona belə ad verilib. 

Şuşada olarkən dəfələrlə Çuxur məhəllə bulağını da ziyarət etmişəm. Bu bulağın tarixi daha qədimdir. İkigözlü bulaq 1791-ci ildə məhəllənin varlı, tanın­mış insanları tərəfindən inşa edilib.

Ümumiyyətlə, Şuşanın işğalından əv­vəl 17 məhəllənin hər birində bulaq var idi. Onlar şəhər əhalisinin suya olan tələ­batının təmin edilməsində müəyyən rol oynayırdı. Lakin Şuşa erməni işğalı altın­da olduğu 30 il müddətində onlar baxım­sız qalıb, əksəriyyətinin suyu quruyub. 

Şuşa ikinci Qarabağ müharibəsi döv­ründə azad edildikdən sonra bulaqlarda təmir işləri aparılıb və bəziləri yenidən in­sanların istifadəsinə verilib. Onlardan biri də “Xan qızı” bulağıdır. Prezident İlham Əliyev və ailə üzvləri Şuşada olarkən bulağın suyundan da içiblər. Dövlətimi­zin başçısı həmin vaxt deyib: “Natəvan bulağından yenə su gəlir. Natəvan bula­ğını bərpa etmişik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuş­du. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib”. 

Bərpa edilən bulaqlardan biri də “İsa bulağı”dır. Amma “Şor bulaq” barədə bunu demək olmur. Şəhər azad edil­dikdən sonra bulağın məhv edildiyi bəlli olub. 

Tahirə Məmmədovanın sözlərinə görə, şəhərdə əhalinin sayı artıqca yeni içməli su mənbələrinə ehtiyac yarana­caq. Bu barədə Azərbaycan Respublika­sı Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Şuşa şəhərində 23 binadan ibarət ya­şayış kompleksində aparılan tikinti işləri sürətlə davam etdirilir.

– Yaşayış kompleksinin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdı­rılır. Gələn ilin birinci rübündən isə əhali­nin Şuşaya köçürülməsinə başlanılacaq. Bu, 400-ə yaxın ailəni əhatə edəcək. Şuşa şəhərinin yeni Baş planına uyğun olaraq şəhərdə 20-25 min insanın məs­kunlaşması nəzərdə tutulur.

Bəs şəhərin içməli su təmiminatı necə həll olunur? Qeyd edək ki, Şuşa şəhərinin içməli su təchizatını təmin et­mək üçün 1980-ci illərdə Kiçik Kirs–Şuşa magistral su kəməri istifadəyə verilib. Bu kəmər şəhərin içməli su probleminin həl­lində önəmli rol oynayıb. Vətən mühari­bəsi dövründə düşmən qüvvələri şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarıblar. 

Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda su­doldurucu məntəqə yaradılıb. Kiçik Kirs və Zarıslı mənbələrində, eləcə də Kiçik Kirs – Şuşa və Zarıslı – Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib və bundan sonra hər iki mənbədən şəhərə suyun verilməsi təmin edilib. Eyni zamanda, şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlı­ğın kəskin azalması səbəbindən alterna­tiv su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kub­metr olan sutoplayıcı anbar, nasos stan­siyası və 2,9 kilometr uzunluğunda yeni təzyiqli kəmər inşa edilib və 2022-ci ilin dekabrında yeni mənbədən şəhərə su­yun verilməsi təmin olunub. 

Dövlət Su Ehtiyatları Agentliyinin mə­lumatına görə, qurum tərəfindən icra olu­nan Şuşa şəhərinin su təchizatı, kanali­zasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə alınmaqla 25 min nəfər faydala­nacaq. Layihəyə əsasən, şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara veril­miş Zarıslıçay su anbarı hesabına ödə­niləcək. Bu mənbələrdən götürülən sula­rın toplanaraq optimal paylanması, eləcə də şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələn­dirilib. Artıq birinci anbarın tikintisi yekun­laşıb və anbarın giriş-çıxış xətləri quraş­dırılıb. Hazırda su anbarında izolyasiya işləri aparılır və yardımçı binaların tikintisi davam etdirilir. Ümumilikdə su anbarının inşasının cari ilin sonuna qədər yekun­laşdırılması planlaşdırılıb. Şuşa şəhərin­də yaradılan yeni infrastruktur isə “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Su­yun mənbədən götürülməsi, nəqli, anbar­ların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

Bu barədə “Azərsu” ASC-nin mətbu­at katibi Anar Cəbrayıllı dedi ki, işğaldan azad edilmiş ərazilərdə içməli su mən­bələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mən­bələri var: – Keyfiyyət də tam standart­lara uyğundur. Ona görə də əlavə bir çətinliyimizin olacağını düşünmürük. Su Şuşaya həyat, bolluq gətirəcək

 

Pünhan ƏFƏNDİYEV
XQ





Sosial həyat