Şəmkirlilər xarici bazara çıxmaqla ölkəyə valyuta gətirir, yaxşı da dolanırlar
Hara baxırsan irili-xırdalı istixanalar, meyvə bağları, taxıl zəmiləri, tərəvəz sahələridir… Başqa rayonlarla müqayisədə Şəmkir xarici bazara, xüsusilə Rusiya bazarlarına daha çox çıxmaqla son illər əməlli-başlı barlı-bərəkətli, varlı rayonlardan birinə çevrilib. Hər il ucaldılan bir-birindən yaraşıqlı fərdi yaşayış binalarını, bahalı avtomobilləri şəmkirlilər halal zəhmətlə, alın təri ilə qazanıblar. Burada çox nadir hallarda gününü çayxanalarda keçirən, boş-bekar gəzən insana rast gələ bilərsən. Çünki torpaqla, onun əkib-becərilməsi ilə məşğuldurlar və bilirlər ki, bin-bərəkət də torpaqdadır. Onlar heç vaxt “iş yoxdur, nə edək?” deyə gileylənməzlər.
Rayon rəhbərliyi, digər qurumlar tərəfindən də şəmkirlilərə diqqət, kömək həmişə var. Kənar, əsassız müdaxilələr qətiyyən yoxdur. Digər tərəfdən şəmkirlilər öz hüquqlarını yaxşı bilən, qanunlardan hərtərəfli istifadə etməyi bacaran insanlardır. Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə bir dəfə bu mövzuda söhbət edərkən dedi ki, Şəmkir camaatının bu keyfiyyəti çox xoşuna gəlir. Çünki onlar ölkədə kəndliyə, torpaq sahibinə, sahibkara, digər iş adamına yaradılan geniş və hərtəfli imkanlardan maksimum yararlanmağı bacarırlar. Belə olmasaydı yetişdirdikləri xiyar-pomidor, xurma Sibirədək gedib çıxardımı?!
İndi budur, Şəmkirin xurma bağlarında məhsul yığımı sona çatmaq üzrədir. Havaların əlverişli keçməsi və göstərilən aqrotexniki qulluq nəticəsində, demək olar ki, Şəmkirin hər yerində bol məhsul yetişdirilib.
Əsasən fərdi təsərrüfatlarda yetişdirilən xurma iş adamları tərəfindən kənd sakinlərindən münasib qiymətə alınır, qablaşdırılır və Rusiyaya ixrac edilir.
Təsərrüfat sahibləri bu il rayonun 1800 hektardan çox bar verən xurma bağlarından, orta hesabla, 150-170 sentner məhsul götürüblər. Onlar alıcı sarıdan da korluq çəkmirlər. Bağbanlar məhsulu elə yerindəcə, yəni meyvə bağındaca müştərilərə satırlar.
Cari ildə Şəmkirdə mövcud olan 1842 hektar xurma bağlarından 32 min 461 tondan çox məhsul yığılıb. Ən diqqətçəkən və başqa rayonlara nümunə olan cəhət isə məhsulların əhəmiyyətli hissəsinin xarici bazarlara ixrac olunmasıdır ki, bu da ölkəyə valyuta axınına səbəb olur.
Qeyd edək ki, rayonda, ümumiyyətlə, aqrar sektorun mühüm sahələrindən olan meyvəçiliyə maraq ilbəil artır. Hazırda Şəmkirdə 5 min hektardan çox meyvə və giləmeyvə bağları var. Lakin görünür, bu də son hədd olmayacaq. Çünki rayon rəhbərliyi innovativ texnologiyanın Şəmkirə gətirilməsində maraqlıdır. Müxtəlif tədbirlər, razılaşmalar, nazirliklər və şirkətlərlə əlaqələr bu məqsədə yönəlib. Suvarma sistemindəki yeniliklər, şitilliklərin becərilməsi, məhsuldar toxumların gətirilməsi, dərman peraparatlarının alınması işindəki problemlər tədricən aradan qaldırılır ki, bu da adamların torpağa daha çox bağlanmasına gətirib çıxarır.
Vacib sahəyə maraq yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir. Ayrı-ayrı fərdi təsərrüfat rəhbərləri, sahibkarlar yuxarıda adlarını çəkdiyimiz məhsulların yetişdirilməsi, yığılması və daşınması üçün minlərlə adamı işə cəlb edirlər. Yəni özləri də dolanır, həmyerliləri də.
…Şəmkirin bu günü gözəldir, sabahı daha işıqlıdır. Çünki bu yerlərin adamları torpağı ram etməyi bacarıblar…
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Şəmkir.



