Əhməd bəy Ağaoğlu Azərbaycanın və bütöv türk dünyasının fenomenal şəxsiyyətlərindən biridir. O, həyatı, fəaliyyəti, çoxşaxəli və zəngin yaradıcılığı ilə xalqımızın ədəbi-mədəni, ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixində nadir simalarındandır.
Turançılığın böyük ideoloqlarından olan Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığına diqqət və maraq heç vaxt azalmayıb. Bakı Slavyan Universitetinin professoru Şahbaz Şamıoğlu fədakar millət fədaisinin zəngin irsinin ən sanballı tədqiqatçılarındandır. Onunla söhbətimiz bu böyük tarixi şəxsiyyət barədədir.
– Əhməd bəyin adını çəkmək, onun haqqında düşünmək belə xoşdur, deyilmi? Əvvəlcə “Böyük Turançı”nın xalqımızın, eləcə də bütün türk dünyasının mədəni inkişafı və intibahındakı yeri və rolu barədə qısa məlumat verməyinizi xahiş edirəm.
– Böyük məmnuniyyətlə. Əhməd bəy Ağaoğlu Azərbaycan ədəbi-mədəni, elmi-fəlsəfi, ictimai-siyasi fikir tarixinin təkrarsız nümayəndələrindəndir. O, XIX əsrdə Avropa təhsili görmüş çox az sayda ziyalılardan, geniş elmi biliyə və zəngin dünyagörüşünə malik yazıçı-mütəfəkkirlərdəndir.
Şərq və Qərb mədəniyyətinə dərindən bələd olan Ə.Ağaoğlu zəngin yaradıcılığı və çoxşaxəli fəaliyyətilə yalnız Vətəni Azərbaycana və ikinci Vətəni Türkiyəyə deyil, bütöv türk-islam aləminə layiqli xidmətlər göstərmiş, böyük bir coğrafiyada yaşayan türklərin müasirləşməsi, sivil dünya xalqları səviyyəsinə qalxması üçün əlindən gələni etmiş, eyni zamanda, türkün şanlı tarixinin öyrənilməsi və təbliği istiqamətində yorulmadan çalışmışdır.
Ə.Ağaoğlu canından çox sevdiyi Vətəninin əsarətdən qurtularaq istiqlala qovuşması üçün bir fədai və yazıçı-mütəfəkkir kimi inadlı mübarizə aparmış, xalqın erməni daşnaklarına qarşı təşkilatlanması və Bakının bolşevik-erməni birləşmələrindən azad edilməsində yaxından iştirak etmişdir. Onun Azərbaycanın siyasi mühacirəti tarixində müstəsna yeri vardır.
– Səhv etmirəmsə, Əhməd bəyin parlaq publisistik yaradıcılığında Şuşa, Vətən həsrəti mövzusu qırmızı xətlə keçir...
– Elədir. Təəssüf ki, tale bu böyük şəxsiyyətə qarşı bəzən çox qəddar olmuşdur. Sonuncu dəfə 1918-ci ildə Azərbaycanda olan Ə.Ağaoğlu dekabrın 8-də İstanbula -- ailəsinin yanına gedərkən ağlına da gətirməzdi ki, qarşıda onu məşəqqətlərlə dolu həbs və sürgün, ömrünün yerdə qalan illərini Azərbaycanı, doğma Qarabağı, doğulduğu Şuşanı ancaq xəyallarda, xatirələrdə, ailə üzvləri və dostları ilə söhbətlərində, yazışmalarında yaşada biləcək kövrək bir həyat, üzücü bir həsrət gözləyir.
Ə.Ağaoğlu “türk dünyasının bir planeti” idi, həyatın mürəkkəbliyindən, qədərin yazısından sovet dönəmində Azərbaycandan baxanda bu planetin bəzən “qaranlıq” tərəfi axtarılır, Türkiyədən boylananda işıqlı, nurlu, tükənməz enerji ilə dolu yönü görünürdü.
Xoşbəxtlikdən, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Ə.Ağaoğlu irsinə münasibət tamam dəyişdi. Bu gün hər kəs başa düşür ki, Əhməd bəy kimi şəxsiyyətlər bu xalqın sərvəti, dəyəridir.
– Ə.Ağaoğlu böyük mütəfəkkir M.F.Axundov irsinin davamçısı sayılır. Sizin bu barədə düşüncələriniz oxucularımız üçün maraqlı olardı...
– Ə.Ağaoğlu cəmiyyətin müasirləşməsi, ədəbiyyat və sənətin zaman kontekstində vəzifələri məsələsində, heç şübhəsiz, Mirzə Fətəli Axundzadənin davamçısı idi. Ə.Ağaoğlu da M.F.Axundzadə kimi, C.Milton, C.Lokk, Volter, Ş.Monteskyö, J.J.Russo, C.S.Mill və başqa Qərbi Avropa mütəfəkkirlərindən bəhrələnmişdi, azad cəmiyyət, ideya və söz azadlığı, fikir plüralizmi kimi dəyərlərin bərqərar olunmasına çalışırdı.
Ə.Ağaoğlunun bədii-fəlsəfi əsərlərinin leytmotivini xalq və millət, milli kimlik və milli yaddaş problemləri təşkil edirdi və onu düşündürən məsələlər bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Yeri gəlmişkən, müstəqil Azərbaycanın öz torpaqlarını azğın erməni işğalçılarından azad etməsində vaxtilə Ə.Ağaoğlunun öz əsərlərində böyük önəm verdiyi tarixi milli kimliyə bağlılıq amili xüsusi rol oynadı. Böyük mənada Ə.Ağaoğlu ideyaları bu günümüzlə və sabahımızla həmahəng səsləşir.
– Şahbaz müəllim, sizin Ə.Ağaoğlu ilə bağlı bir çox elmi məqalə və monoqrafiyalarınızı diqqətlə oxumuşam. Böyük publisistin memuarları barədə fikirləriniz məndə xüsusilə böyük maraq doğurdu...
– Ə.Ağaoğlunun bir şəxsiyyət kimi gerçək obrazının qavranılmasında onun müxtəlif illərdə qələmə aldığı memuarların müstəsna əhəmiyyəti var. Memuarlar həm də yazıçı-mütəfəkkirin bioqrafiyasının hazırlanmasında etibarlı mənbələr kimi diqqəti cəlb edir. Yazılış tarixinə görə, xronoloji ardıcıllığı pozsaq da, qeyd edək ki, “Altmış yeddi il sonra” əsərində Şuşanın, ümumən Qarabağın mədəniyyəti və etnoqrafiyası, elat həyatı, ədibin uşaqlıq və yeniyetməlik illəri, adamların məşğuliyyəti və psixologiyası; “Malta xatirələri”ndə dövrün ictimai-siyasi tarixi, müəllifin xarakterinin bütün yönləri, əqidəsindən dönməzliyi, haqq-ədalət uğrunda mübarizəsi; “Sərbəst firqə xatirələri”ndə siyasi baxışları və düşüncələri, Atatürk və dövrün tanınmış simaları ilə münasibətləri geniş planda, əlvan lövhələrlə təqdim olunmuşdur.
Ə.Ağaoğlunun bədii-sənədli irsini – memuarlarını bu ardıcıllıqla düzmək olar ki, onun ömür yolunu bəzən xırda detallarına qədər izləyə biləsən. Memuarlar Ə.Ağaoğlunun bədənnüma güzgüsüdür, onu necə varsa, eləcə də göstərməyə tamamilə qadirdir, bu “güzgü”dən Ə.Ağaoğlunun bəzəksiz-düzəksiz bütöv həyatı boylanır.
– Ə.Ağaoğlu milli jurnalistika tariximizdə epistolyar janrın ən parlaq nümayəndələrindən sayılır. Onun zəngin irsindən daha nələri əxz etməyimizi vacib hesab edirsiniz?
– Ə.Ağaoğlunun epistolyar irsini çəkinmədən onun yaradıcılığının ən mühüm tərkib hissəsi hesab etmək olar. Maltadan ailə üzvlərinə, sürgündən azad ediləndən az sonra Nəriman Nərimanova və Əli bəy Hüseynzadəyə göndərdiyi məktublar Ə.Ağaoğlunun xarakterini, zövqünü, cəmiyyətə baxışlarını, siyasi dünyagörüşünü dəyərləndirmək baxımından etibarlı mənbələrdir.
Bəzən özüm-özümə sual verirəm ki, bu sahədə tədqiqatları davam etdirməyə ehtiyac varmı? Dərhal cavab verirəm: Əlbəttə, var! Ə.Ağaoğlunun həyatı, mühiti, müasirləri ilə əlaqələri və zəngin, çoxşaxəli bədii və elmi yaradıcılığının dərindən öyrənilməsi günümüzün ən aktual məsələlərindəndir.
Çünki Ə.Ağaoğlu ədəbi-mədəni, ictimai-siyasi, elmi-fəlsəfi fikir tariximizə yazıçı, mətbuat xadimi, tarixçi, siyasətçi, dinşünas, pedaqoq kimi daxil olduğundan onun irsinə kompleks yanaşma tələb olunur.
Ümid edirəm ki, Ə.Ağaoğlunun zəngin elmi, bədii və publisistik irsi bundan sonra da geniş tətqiq edilərək öyrəniləcək. Böyük Turançı öz ölməz fikir və düşüncələri ilə daim müasirimiz olaraq qalacaq.
– Professor, maraqlı və dolğun cavablarınıza görə təşəkkür edirəm.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ