Adına “Zəfər ağacı” deyilir
Nəvələri Sumqayıt Şəhidlər xiyabanına ziyarətə aparmışdım. Balaca Əli şüşə qoruyucunun içərisində boyu 3 metrə qədər olan memorial ağacı göstərib soruşdu:
– Baba, ağacı niyə bura qoyublar? Budaqlarından niyə dəmir yarpaqlar asılıb?
Cavab verdim ki, bu, solmaz “Zəfər ağacı”dır. Budaqlarından sallananlar isə metal hərbi lövhəciklərdir. Hərəsi bir şəhidin adını yaşadır. Bu, solmayan ağacdır.
Bəli, ölkəmizdə bir ilk olan, budaqlarından hərəsi bir şəhidin adına olan 3 min yarpaq-lövhəcik asılmış “Zəfər ağacı” bu müqəddəs məkana gələn hər kəsin diqqətini çəkir. Burada Tovuz döyüşlərinin şəhid generalı, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovdan tutmuş, Şuşa uğrunda döyüşlərdə həlak olan sonuncu şəhidimiz – XTQ baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevə qədər ölməz Vətən oğullarının hamısının öz “yarpağı” var. Qarabağ uğrunda müqəddəs savaşda həlak olmuş qəhrəmanlarımızın adının əbədiləşdirildiyi “Zəfər ağacı” abidəsi “Sumqayıt Texnologiyalar Parkı” (STP) Şirkətlər Qrupu tərəfindən ərsəyə gətirilib. Xiyabana ziyarətə gələnlər, toy edən cütlüklər bu qəhrəmanlıq rəmzinin fonunda ehtiramla şəkil çəkdirirlər.
İnişil “Zəfər ağacı” Bakı Bulvarı ərazisində keçirilən “Qarabağ qəhrəmanlarının izi ilə” adlı yarmarkada nümayiş etdirilib və böyük marağa səbəb olub. Həmin yarmarkadan əldə olunaraq “Yaşat” Fonduna ianə edilən vəsaitdə bu ağacın da payı var. “Zəfər ağacı” sonra Sumqayıta gətirilərək, buradakı Şəhidlər xiyabanında özünə əbədi ünvan tapıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanın, Milli Qəhrəman Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazovun, həmçinin Vətən Müharibəsi Qəhrəmanları Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsmayılov və Mehrab Niftəliyevin ailə üzvlərinin şəhidlərimizin əziz xatirəsinə ucaldılmış “Qalib Azərbaycan əsgəri” abidəsi ilə bərabər “Zəfər ağacı”nın da açılışında necə kövrək və qürurlu anlar yaşadıqları yadımdadır.
“Zəfər ağacı”nın bir özəlliyi də budur ki, başqa abidələr kimi postament üzərində qurulmayıb, birbaşa müqəddəs Vətən torpağından boy göstərir. Abidə paslanmaya davamlı metaldan hazırlanıb.
Solmaz ağacın ətrafı daim qələbəlik olur. Hər kəs onun qarşısında dayanıb yarpaq lövhəciklərdə yazılmış şəhid adlarını oxuyur, ölməz qəhrəmanlara uca Tanrıdan rəhmət diləyir və nadir abidəni yaradanlara alqış deyir.
Ə.ƏLİYEV
XQ