Zahid Oruc: Qarabağ Universitetini beynəlxalq elmi tədqiqatlar məkanına çevirmək lazımdır

post-img

“Ölkəmizdə 2005-ci ildə təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi mütəxəssisi hazırlığına başlanılıb. Hazırda respublikamızın 10-dan çox ali təhsil ocağında sosial işçi proqramı yerinə yetirilir. Müvafiq hüquqi bazada - “Sosial xidmət haqqında” qanunda mütəxəssis hazırlığı 4 illik ali təhsillə aparılır”. 

XQ xəbər verir ki, bunu Sosial İş və Sosial Tədqiqat beynəlxalq elmi konfransında çıxışı zamanı Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc deyib.

“İndi Böyük Qayıdış qarşısındayıq. 30 ildən sonra doğma torpaqlarına dönən hər bir ailə ilə yaxından çalışmaq, onların dayanıqlı məskunluğunu təmin etmək və dağıdılmış ərazilərdə həyatı canlandırmaq ordumuzun işi qədər müqəddəs vəzifədir. Biz postmüharibə sindromunu-amansız savaşdan sabit həyata dönüşün çətinliiyni yaşayan Birləşmiş Ştatlar, yaxud Almaniyanın təcrübəsində olduğu kimi, ölkəmizdə də özünə qəsd edən hər bir əsgər və zabiti necə qoruyacağımızın yollarını tapmalıyıq. İndi ata-baba yurduna qayıdan insanları müxtəlif mənəvi-psixolji, o cümlədən mədəni və sosial qayğı ilə əhatə etməsək, düşmən hər gün mina, məmur diqqətsilziyi, kommunikasiya boşluğunu ələ alıb  Qayıdışa qarşı təxribatlarını gücləndirəcəklər. Universitetlərimiz, ali təhsil ocaqlarımız millətimizin qabaqcıl qüvvələridir. Uzun on illər təkcə ölkəmizdə deyil, həm də beynəlxalq miqyasda Heydər Əliyev Fondu ən böyük sosial xidmətçi olduğunu sübuta yetirib”, - deyə Z.Oruc qeyd edib.

Deputat vurğulayıb ki, yaxın gələcəkdə yaradılacaq Qarabağ Universitetini beynəlxalq elmi tədqiqatlar məkanına çevirmək və aparıcı xarici universitetlərin elmi potensialından istifadə etməklə Qafqazın Harvardı statusuna yüksəltmək üçün qərarların qəbulu vacibdir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Sosial həyat