STM sədri: Xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxəssis gərəkdir

post-img

“Zəfər ayında-noyabrda ölkəmizin həyatında parlaq hadisələrin, təntənəli hərbi parad və mərasimlərin, silsilə tədbir və görüşlərin, o cümlədən, beynəlxalq elmi konfransların keçirilməsi Vətən müharibəsində Qələbəmizin möhkəmlənməsinə xidmət edən mühüm milli hadisələrdir. Biz xalqımızla birlikdə yeni siyasi təqvimin unudulmaz günlərini yaşayırıq və son 30 ildə Azərbaycanın apardığı haqq savaşında elm xadimlərimiz, görkəmli alim və ziyalılarımız, düşüncə və fikir adamlarımız qələmlərilə, zəkaları ilə mübarizənin ön cəbhəsində gedərək, millətimizin mənəvi və intellektual səfərbərliyində mühüm rol oynayıblar”. 

XQ xəbər verir ki, bunu Sosial İş və Sosial Tədqiqat beynəlxalq elmi konfransında çıxışı zamanı Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc deyib.

Deputat bildirib ki, 3 il əvvəl aparılan 44 günlük müharibə elmi-texniki tərəqqinin son nailiyyətləri, 5-ci nəsil texnologiyalarının həlledici rolu ilə gerçəkləşib. 90-cı illərdən fərqli olaraq, azərbaycanlı alimlər düşmənin mifologiya, ədəbiyyat, kitab arsenalı və işğalçılığı ideologiyalaşdıran təhsil ocaqlarına qalib gəldilər. Elmi və tarixi həqiqətlərdən məhrum olan “Ocaq” əsərinin məğlubiyyətinin səbəbi budur.

STM sədri qeyd edib ki, ölkəmizdə Vətən müharibəsi iştirakçıları, yaralılar, şəhid və aztəminatlı ailələrə qulluğa qədər geniş spektrdə fəaliyyət göstərən sosial işçilərə dərin ehtiyac var. Hərbi sosial işçilərin hazırlanması dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir. 30 ildə iki müharibədən keçən xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxəssis gərəkdir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Sosial həyat