Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanında dəyişiklik edib.
Fərmana əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsinin icrası ilə əlaqədar üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Mülki Məcəlləyə uyğun olaraq, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.