Ağdam məscidləri vandallıq izlərindən təmizlənir

post-img

Qədim ibadətxanalarımız ən müasir üsullarla həyata qaytarılır

Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Ağdam Cümə məscidi işğal dövründə erməni vandalizminə məruz qalan yüzlərlə tarixi-dini abidələrimizdən biridir. Məbədin minarələri daxildən qismən sökülmüş, məscidin tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınmışdı. İslam xüsusiyyətlərini əks etdirən nə varsa məhv edilmişdi. Eyni zamanda, işğal dövründə ermənilər məsciddə mal-qara, donuz saxlamış, ondan müşahidə məntəqəsi kimi istifadə etmişdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində tarixi qələbə əldə edildikdən sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdam Cümə məscidindən başladı, Məkkədən gətirdiyi “Qurani-Kərim”i  məbədə bağışladı. Bu, ölkə başçısının dini abidələrə verdiyi önəmin bariz nümunəsi idi.  

Hazırda Cümə məscidində Heydər Əliyev Fondunun dəstəyi ilə təmir-bərpa işləri həyata keçirilir və bu layihə yekunlaşmaq üzrədir. Bu barədə Ağdam rayonunda tikinti-bərpa işlərində fəal iştirak edən iş icraçısı Telman Ağayev dedi:

– Ağdam Cümə məscidi xüsusi daşlardan, binanın fasad hissələrinin künclərindən qalxan minarələri isə kərpicdən inşa edilib. Aparılan təmir-bərpa işlərində əsas məqsəd məscidi əvvəlki görkəminə, tarixi abidələr sırasına qaytarmaqdan ibarətdir. Burada hər bir daş belə yerində olmalıdır. Bu səbəbdən də məscidinin bərpa prosesinə həssaslıqla yanaşılır. Əvvəlcə məscidin örtük və sement birləşmələri tamamilə çıxarılıb.

 Həyata keçirilən bütün işlər tarixi kərpiclərin zədələnməməsi üçün əl ilə həyata keçirilib. Bərpa prosesi zamanı fasadlar təmizlənib, zədələnmiş və ya qırılmış kərpiclər bərpa edilib, karxana daşı hörgüsü əhəng əsaslı birləşmiş məhlul ilə yenidən işlənilib. Qübbələr üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılıb. Sonra əvvəlki görkəmində bərpa edilib. Konservasiya zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü və tonoz konstruksiyaları yenilənib.

Oxşar işlər minarələrdə də tətbiq olunub. Hər iki minarənin yuxarı dəmir örtüyü (günbəzi) bərpa edilib. Onu da deyək ki, bu dəmir örtük köhnə örtüyün əsasında hazırlanıb. Köhnə günbəz isə məscidin həyətində saxlanılır. Minarənin bərpasında təbii boyalardan istifadə olunub. Artıq minarələr və məscidin fasadı hazırdır. Cümə məscidinin daxilində təmir-bərpa işləri davam edir. Namaz zalında əsas kərpicdən başqa, gips tamamilə çıxarılaraq bura sonrakı mərhələ üçün hazırlanıb. Bütün otaqlarda əhəng əsasında yeni, üçqatlı suvaq sistemi tətbiq edilir, son qatda ilk versiyaya uyğun mineral boya tətbiq olunur. İslama aid dini-mənəvi atributlar, divar rəsmləri, ornamentlər bərpa olunur. Məscidin qəzalı vəziyyətdə olan mehrabı da bütövlükdə tarixi görünüşə xələl gəlmədən əvvəlki vəziyyətinə qaytarılıb.

Bu məqamda maraqlı bir faktı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Mehrab taxçasının üzərində binanın dekor tərtibçisi Məhəmməd Nəqqaş Təbrizinin adı və təmir olunduğu hicri təqvim ilə 1331-ci il (miladi 1913) həkk olunub. Ağdam Cümə məscidinin divar rəsmlərini isə Nəqqaş Məhəmməd Şükuhi işləyib. 

Qeyd edim ki, məscid indiyədək bir çox tarixi hadisələrin, müsibətlərin, faciələrin şahididir. Ağdam şəhidlərinin kəfn-dəfn işləri bu məsciddə həyata keçirilib. Məscid həm də Xocalı faciəsinin dəhşətlərinin şahididir.

Telman Ağayev sonda bildirdi ki, təmir-bərpa işləri bu ilin sonu və ya gələn ilin əvvəlində başa çatacaq. Bir aydır ki, Qiyaslı məscidində də təmir-bərpa işlərinə başlamışıq. Layihə yüksək səviyyədə
icra olunur. Tezliklə buradan azan səsi eşidiləcək, namaz qılınacaq. 

 Əlavə edək ki, erməni vandallar kəndi tamamilə dağıdıblar, sağlam bir bina belə saxlamayıblar. Kənd sakini Musa Allahverdiyev bildirdi:

– 27 illik işğal dövründə kəndin yaşayış evləri, məktəb, uşaq bağçası, klub, kitabxana və tibb məntəqəsi talan edilib, yandırılıb. Düşmən kənd qəbiristanlığını da dağıdıb. Vətən müharibəsində Qiyaslı kəndi 63 şəhid verib. Onlardan biri də mənim qardaşım Rəsul Allahverdiyevdir. Şəhidlərimizin qəbirlərini ziyarət etdik, ətrafı ot və kol-kosdan təmizlədik, dualarımızı etdik. Eybi yoxdur, qoy hələlik evsiz-eşiksiz qalaq, amma öz torpağımızın üstündə gəzək. Yaxın illərdə evimiz də olacaq, kəndimizə qayıdacaq, onu yenidən dirçəldəcəyik. O gün yaxındır. Artıq bu işlərə məsciddən başlanılıb.

Musa Allahverdiyev məscid barədə bəzi maraqlı məlumatlar da verdi: 

– Qiyaslı məscidi XVIII əsrə aiddir və kəndin imkanlı şəxsləri tərəfindən inşa edilib. Vaxtilə məbəddə iki minarə olub. Uzun illər ibadət ocağı kimi istifadə edilib. Sovet dövründə isə vəziyyət dəyişib. Ondan başqa məqsədlər üçün istifadə edilib. 1929–1932-ci illərdə ibadət evi kolxozun inzibati binası olub. 1960–1970-ci illərdə bura kənd mağazası, 1985–1989-cu
illərdə isə “Yaşıl aptek” kimi fəaliyyət göstərib. Nəhayət, 1989-cu ildə məscidin fəaliyyəti yenidən bərpa edilib. Həmin dönəmdə məscid kənd sakinləri tərəfindən təmir olunub. Bir neçə gün ərzində isə ora 18 ədəd qədim xalça bağışlanıb. 

Məscid 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən qarət olunaraq tamamilə dağıdılıb. Buradan inək və donuz tövləsi kimi istifadə olunub. İkinci Qarabağ müharibəsindən sonra isə işğalçılar rayonu tərk edərkən məscidi yandırıblar. İnanıram ki, məscidin öz tarixi görünüşü bərpa olunacaq.

 

Pünhan ƏFƏNDİYEV 
XQ 

Ağdam

 









Sosial həyat