2024-cü ilin dövlət büdcəsi layihəsi birinci oxunuşdan keçib

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Milli Məclisin payız sessiyasının plenar iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər müzakirə edilib.

Parlamentin sədri gündəliyə 14 məsələ çıxarıldığını, onlardan ­12-nin büdcə zərfinə daxil edilən qanun layihələrinin olduğu bildirilib. S.Qafarova 2024-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlərin parlament komitələrinin iclaslarında geniş müzakirə olunduğunu və Milli Məclisin plenar iclasına tövsiyə edildiyini diqqətə çatdırıb. Hesablama Palatasının da büdcə zərfi barəsində müsbət rəyi olduğu diqqətə çatdırılıb. 

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi”ni  birinci oxunuşda təqdim etdi. Komitə sədri bildirib ki,  2024-cü il üçün dövlət və icmal ­büdcəsinin layihəsi və sonrakı 3 il üçün dövlət və icmal büdcənin parametrləri, orta müddətli dövr üçün makro-iqtisadi proqnoz göstəriciləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada Milli Məclisə daxil olub.

T.Mirkişili, həmçinin cari ildə Azərbaycanda ÜDM-nin artım tempinin ilin sonuna qədər 1,9 faiz olması ilin əvvəlində baza ssenaridə təklif olunduğunu nəzərə çatdırıb.  2024-cü ildə ­ölkəmizdə artımın 2,4 faiz, neftin 1 barrelinin orta qiyməti büdcə layihəsində optimist ssenaridə 80 ABŞ dolları nəzərdə tutulub. Bu ilin sonuna inflyasiyanın ölkəmizdə 9,5 faiz, növbəti ildə 5,3 faiz olacağı planlaşdırılır.

Son 20 il ərzində ölkə iqtisadiyyatının 4 dəfədən çox, büdcə xərclərinin 30 dəfədən çox artdığını deyən T. Mirkişili onu bildirib ki, 2024-cü ilin büdcəsi əsasən 4 sütunu – real artım, məqbul inflyasiya, profisitli tədiyyə balansı, sabit məzənnə üzərində iqtisadi çərçivənin hazırlanmasını özündə ehtiva edir. Növbəti ildə ÜDM-in 2,4 faiz, qeyri-neft sektorunun 4,6 faiz artması nəzərdə tutulub. Təqdim edilmiş sənədlərdə 3 ssenari – baza, optimist və pessimist ssenarilər təklif olunur. Baza ssenaridə neftin 1 barrelinin qiymətinin 60 ABŞ dolları, optimist ssenaridə 80 ABŞ dolları, pessimist ssenaridə isə 40 ABŞ dolları ətrafında olacağı göstərilir. O qeyd edib ki,  büdcə layihəsində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 282,5 milyon manat, xərclərinin isə 138,2 milyon manat artması planlaşdırılır. Büdcə layihəsində sosial xərclərin 1 milyard 34,5 milyon manat artması planlaşdırlır və bu da insanların maddi rifah halının daha da  yaxşılaşdırılmasına xidmət edəcək.

Maliyyə naziri Samir Şərifov çıxışında  bildirib ki, növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün təsdiq olunmuş göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılmış dövlət büdcəsi xərclərindən 3 milyard, nisbətdə isə 138 milyon manat çoxdur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. O diqqətə çatdırıb ki,  2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə  müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. 

Diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi layihəsi haqqında fikirlərini bildiriblər. 

Deputatların təkilf və rəylərindən sonra 2024-cü ilin dövlət büdcəsi layihəsi və gündəlikdəki digər məsələlər  birinci oxunuşda qəbul edilib.

 

Əliqismət BƏDƏLOV
XQ

 

Son xəbərlər