Abbas Səhhət təbəssümü

post-img

Nikolayın borşuna xidmət

Abbas Səhhətin yaxın dostu Mirzə Ələkbər Sabir Bakı məktəbləri­nin birində müəllimlik etmək istəyirmiş. A.Səhhət onun işə düzəlməsi üçün oza­mankı maarif məmuruna müraciət edir. Təhsil müfəttişi acıqlı halda deyir:

– Xahiş edirəm, mənim üçün mil­lət-filan söhbətini açmayasınız. Mən Nikolayın borşu ilə kotletinə qulluq edirəm.

A.Səhhət əsəbiləşir və ikibaşlı de­yir:

– Biz sizin nələr yediyinizi yaxşı bili­rik. Xatırlatmasanız da olar. 

“Qeyrətli” quldurlar

1911-ci ildə Şamaxıda maddi çətin­lik ucbatından 7-ci sinfin şagirdləri mək­təbə getmir. Dövlət də yardım etməyi üzərindən atır. A.Səhhət məsələni bilib bir neçə dostu ilə pul toplamaq məqsə­dilə ətraf kəndlərə çıxır. Bir xeyli pul toplayıb qayıdanda Şərəddin meşəli­yində 4 nəfər əlitüfəngli onların yolunu kəsir və faytondan düşürürlər. Onlar­dan kim olduqlarını soruşurlar.

Şair deyir ki, biz burada sizin ixtiya­rınızdayıq. Amma icazə verin, məqsə­dimizi deyək. Sonra o, kim olduqlarını, nə məqsədlə kəndləri dolaşdıqlarını deyir:

– Mən həkiməm, yoldaşlarım da hörmətli adamlardır. Oxumaq istəyən uşaqlar üçün bu yola çıxmışıq. Onların ehtiyaclarını ödəyəcək qədər pul topla­mışıq. İstəyirik ki, onlar oxuyub elmli olsunlar, el-obanın dərdinə qalsınlar. İndi necə istəyirsiniz, elə edin.

Bu sözdən sonra yolkəsənlər utanır və deyirlər:

– Həkim, sözləriniz bəsdir. Üzr istə­yirik, yolunuza davam edin. 

A.Səhhət və dostları təzədən fayto­na əyləşir və Şamaxıya yollanırlar.

“Dua yazmaq neylər yağa?”

Abbas Səhhətin atası Molla Əliab­bas da şair imiş. “Əfşan” təxəllüsü ilə şeirlər yazırmış. Bir dəfə yaxın dost­larından birinin xanımı nehrədə yağ çalxalaya bilməməsindən şikayətlənib ondan dua yazmağı xahiş edir. Molla Əliabbas ona dua əvəzinə, kağıza bir beyt şeir yazıb göndərir:

Anam-bacım, xanım ağa, 

Dua yazmaq neylər yağa?

Sən özünü bərk bas yerə, 

Otur nehrə çalxalamağa.

 

Z.HÜSEYNLİ
XQ





Sosial həyat