Daşkənddə Azərbaycanın Xalq şairi ilə görüş

post-img

Özbəkistan Yazıçılar İttifaqının rəhbərliyinin dəvəti ilə Daşkənddə olan Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş keçirilib. Özbəkistan Yazıçılar İttifaqında baş tutan tədbirdə ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, oxucular iştirak ediblər. 

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid qo­naqları salamlayaraq, Azərbaycanın Xalq şairi Vahid Əzizin Özbəkista­na səfərinin bütün poeziyasevərlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Zəngin ənənələrə malik Azərbaycan poeziyasının Özbəkis­tanda bu gün də çox sevildiyini qeyd edən natiq belə görüşlərin ədə­bi əlaqələrin genişlənməsinə təsir göstərdiyini vurğulayıb.

Professor Nurbay Cabbarov, Özbəkistanın tanınmış şairəsi Xasiyyət Rüstəm iki ölkə arasın­da ədəbi əlaqələrdən söz açaraq ruhən yaxın olan bu iki xalqın po­etik zövqlərinin də eyni olduğunu vurğulayıblar. 

Alim və tərcüməçi Babaxan Şə­rif iki qardaş xalqın poeziyası ara­sında oxşar cəhətlərdən söz aça­raq, qarşılıqlı tərcümələrin, xüsusi ilə də ikidilli nəşrlərin hər iki poezi­yada yeni üslub, məna rəngarəngli­yinə səbəb olduğunu qeyd edib. 

Tanınmış yazıçı-dramaturq Kuç­kar Norkabil iki ölkə arasında ədəbi əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin, tərcümələrin, birgə konfrans, seminar, simpozium, forum­ların keçirilməsinin faydalı olduğunu bildirib. Özbəkistanda Azərbaycan ədəbiyyatına, poeziyasına böyük sevgi və rəğbətin olduğunu deyən natiq özbəkistanlı şair və yazıçıla­rın Azərbaycanda da eyni coşqu ilə qarşılandığını vurğulayıb. 

Xalq şairi Vahid Əziz görüşün təşkili üçün Özbəkistan Yazıçılar İttifaqına öz təşəkkürünü bildirib. Sonuncu dəfə təxminən qırx il bun­dan öncə Özbəkistanda olduğunu söyləyən şair bu səfərdən məmnun qaldığını deyib, özbək poeziya­sevərləri ilə görüşün əhəmiyyətli ol­duğunu qeyd edib, belə görüşlərin müntəzəm olaraq həm Daşkənddə, həm də Bakıda keçirilməsinin va­cibliyini diqqətə çatdırıb. 

 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Sosial həyat