Qoca, uca Ərzurum...

post-img

I Yazı

 Gürcüstandan Türkiyənin məşhur və qədim şəhərlərindən olan Ərzuruma, xüsusən də azərbaycanlılar üçün çox doğma sayılan Ərzuruma Türkközü gömrük məntəqəsindən də getmək olardı. Amma uzun illər qardaş Türkiyənin barajlar, sonra da tünellər məmləkəti kimi tanınan Artivin, Ərdahan haqqında eşitdiklərim məni bu fikirdən daşındırdı və gördüklərim seçimimin əziyyətli olmasına baxmayaraq doğruluğunu təsdiqlədi... 

Ərzuruma gedən yollar

Hopa-Artivin yolu boyunca Çoruh çayı üzərindəki Muratlı, Borçka, Dərinər, Yusifeli və Artvin bəndlərinin yaratdığı gözəllikləri ilə yadda qaldığı kimi, həm də Su Elektrik Stansiyaları kimi ölkə iqtisadiyyatına töhfə verməkdədir. "Çoruh boyunbağıları" adlandırılan bu SES-lərdə istifadəyə verildiyi gündən, ümumilikdə 42 milyard 144 milyon kilovat-saat enerji istehsal edilib. Məlumat üçün bildirək ki, açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də  Çoruh çayı üzərində gərçekləşdirilən Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır. Çoruh çayı üzərində qurulan və kateqoriyasında Türkiyənin birinci, dünyanın isə beşinci ən yüksək bəndi olan Yusufeli anbarında elektrik istehsalının başlaması, ölkə iqtisadiyyatına hər il təxminən 6 milyard dollar gəlir gətirir.  

Yol uzandıqca gördüklərim sözün həqiqi mənasında heyrətimi artırmaqda davam edir. İlk qənaətim budur ki, Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bir bölgədir. Birinci Borçka tunelinə girəndə qərara aldım ki, keçdiyim tunelləri sayım...artıq uzunluğu 200 metr olan tunelləri bir göz qırpımında keçdiyimdən yarım saat sonra tunul saymaqdan yoruldum və əslində təqribən 25-dən sonra sayı da itirdim. Və rahatca keçdiyim bu iki tərəfli tunel yollar yadıma Zəngəzur dəhlizini salır, doğma Naxçıvanı Azərbaycanla birləşdirən məsafənin bir ekvator uzunluğu qədər uzun olmadığını təsdiqləyir,  40 km-lik məsafəni də elə kiçilirdi ki...

Sonra statistik məlumatlardan oyrəndim ki, Qara dənizi Şərqi Anadolu üzərindən Ərzuruma birləşdirən 150 km-lik avtomobil yolu üzərində  115  tunel inşa edilib. Demək olar ki, hamısı da Artivinə aiddir. Bu tunellər arasında Canqurtaran keçidində inşa edilmiş və 2018-ci ildə istifadəyə verilən Canqurtaran tuneli ən uzunu və əhəmiyyətlisidir. Təkcə 5 min 228 metr uzunluğuna görə yox, həm də bəlli marşurutu 12 km qısaldığına və vaxtı ilə sərt payız-qış mövsümündə aylarla bağlanan yolları tarixə qovuşdurduğuna görə. Adından da göründüyü kimi Canqurtaran tunelləri iki çıxış və iki girişi ilə bölgənin həyatına can verən “boru”ya bənzəyir. Onu da xatırlatmağa dəyər ki, bu tunel Rizənin Ekizdərə ilə Ərzurumun İspir rayonları arasındakı Ovit dağ keçidində inşa edilən və Türkiyənin 1-ci, dünyanın 3-cü ən uzun 14,3 kilometrlik Ovit tunelindən sonra ən uzun tunellərdən hesab edilir. Hopa-Ərzurum yolundakı 115 tunelin ümümi uzunluğu isə 56 km-dir.Nəhayət ki, bu uzun tunelləri və Yusifeli, Uzundərə, Ağbaba... daha sonra isə  Tortum və Gözəlobanı keçib Ərzuruma çatıram. 

Bu dəfə isə istər-istəməz xatırlatmalı oluram: Naxçıvanı Azərbaycanla birləşdirən quru yolunun uzunluğu 40 km-dir...

Min illərin Ərzurumu ilə bir-ikü günlük tanışlığım

Təbii ki, Ərzurumu görmək Yanıq Kərəmdən, çox sonralarsa mərhum Məmməd Aslandan sonra dəli bir sevda idisə, Türk dünyasının tanınmış ziyalısı Əli Kafkasiyalı ilə görüş daha bir sevinc idi. Bu məşhur elm adamı ilə tanışlığımın vur-tut bir illik əyani tarixi olsa da, onun Azərbaycana bağlılığının tarixi elə doğulduğu gündəndən -1953-cü ildən başlayır. Sovetlər dönəmində Qazaxdan Türkiyəyə köç edən babaları bu tarixi yazıb və elə o vaxtdan da bu ailə üçün qucaq açan qoca Ərzurum minlərlə azərbaycanlı kimi onun üçün də doğma Vətən olub. Bəlkə də bu barədə söhbət düşəndə rahatca dediyi sözləri xatırlamağa dəyər:

- Ərzurum taleyimdə sadəcə, bir şəhər deyil, Vətəndir. Tarixin və dövrün qalası olan şəhərin ətrafında 50-dən çox  istehkamın izlərini nə ruzigarın qarı-çovğunu, nə də zamanın haqsızlıqları silə bilməyib. Bu yadigarlar indi də tarixin tör-töküntüləri kimi yox, əzəmətli izləri kimi qalmaqdadır. Bu şəhər dörd bir yandan ətrafındakı 50 qala ilə qorunub və şəhərin bu qədər ciddi qorunması həm də onun strateji əhəmiyyətinin, bütün Anadolunun qapısı olmasının təsdiqidir. Əslində  tarixən də Ərzurumun qurtuluşu bir şəhərin düşmən işğalından qurtuluşu kimi dəyərləndirilməyib. Elə bu səbəbdən də Ərzurum  Anadolunun Şərqdən giriş qapısı olub...

Bizans, Elxanilər, Səltuklular, Səlcuklular, Osmanlılar dönəminin yadigarlarını və tarixi dəyərlərini qoruyan Ərzurum dəniz səviyyəsindən 2 min metrə qədər yüksəklikdə yerləşir. Bəlkə buna görədir ki, iqlimi çox sərtdir, ola bilsin insanların görkəmindəki sərtlik də buna görə daha tez sezilir. Hələ sovetlər birliyi dönəmində soyuq Sibirlə müqayisə edilən Ərzurumda  ilin 70-80 günü qar yerdə qalır. Yay fəslində istilik 35 dərəcəyə çatır, qışda isə mənfi 30 dərəcəyə qədər azalır. Maraqlıdır ki, qaldığım Ərzurum otellərində kondisioner görmədim.  Hətta onu da dedilər ki, burada kondisionerli otel də axtarmayım. Avqustun çırhaçırında gəldiyimdən bunun niyəsini təəcüblə soruşanda aldığım, “qardaş, burda yayın nəfəsi duyulur ki, isti də görək”, cavabının  elə həmən axşam qeydiyatçıdan, “isti bir örtük verə bilərsinizmi? – istəyəndə təsdiqini tapdı. 

Tarixin keşməkeşlərini birnəfəsə keçməyən Ərzurum bu günümüzədə türk-islam dəyərlərinə sadiqliyi ilə də diqqətimi cəlb etdi. İstanbul,  İzmir, Bodrum, Antalya, lap elə Əskişəhər və Bursada gördüyüm Anadolu burada tamamilə fərqli bir görkəmdədir. Mərkəzi Anadoluda müasirlik qiyafəsi ilə hakim olan kosmopolitizmin nişanələrini burada görmək olmur. Hətta başı örtüsüz qadınlarla belə hər addımda rastlaşmaq olmur.

Ərzurumun gədiyini – Dәvәboynu aşırımını aşan kimi Ərzurum qalası ilə üz-üzə gəlirik. Qaladan geniş bir vadiyə gedən yollar və sakitcə uyuyan Ərzurum ovucun içidə imiş kimi görünür. Dəfələrlə əldən-ələ keçən şəhər və ətraf bölgələr Birinci Dünya müharibәsi dövründә yenidən rus və erməni silahlı dəstələri tərəfindən ələ keçirilib vә 1917 ilin yayınadәk düşmən әlindә qalıb. Ərzurumun işğalı ilə bölgədəki erməni qüvvələri özlərini daha da arxalı hiss etməyə və müsəlman əhaliyə qarşı hücumları genişləndirməyə başlayıblar. Dəhşətli hadisələr, amansız türk qırğınları bir-birini əvəz edib. 

1918 ilin әvvәllәrindә türk qoşunları Ərzurumu ruslardan geri alıb və qala Osmanlı-Rus müharibəsində  Kazım Qara Bəkir Paşanın rəhbərlik etdiyi ordunun istehkamı olub. Osmanlı Ordusunun Qafqaz bölümünə rəhbərlik edən Kazım Qarabəkir Paşanın yanına Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin yardım xahişini çatdırmaq üçün gələn Seyidov soyadlı azərbaycanlı da burada vuruşub. O da maraqlıdır ki,  burada verilən əmrdən sonra Nuru Paşanın rəhbərliyi ilə Osmanlı dövləti Qafqaz İslam Ordusunu Azərbaycana göndərilib və bolşevik-daşnakların amansız hücum və qırğınlarılarından Bakı xilas edilib.  

Qalanın içərisindəki kazarmanın divarlarının qalınlığı bir metri keçsə də top mərmilərinin zərbəsindən xeyli dağıdılmış haldadır. Deyilənə görə Osmanlı ordusu güclü hücuma məruz qaldığı zaman geri çəkilib və düşmənin yararlana bilməməsi üçün qala bürclərini də partladıblar. Müsahibim divardakı qara ləkələrin “türk şəhidlərinin qanı” olduğu bildirilir. 

Şəhər əhalisi 1918-ci il savaşında ordu ilə bərabər döyüşüb. Ərzurum qalasında Nənə Xatunun məzarı üzərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi var. Nənə Xatun Rus ordusunun hücumu zamanı şəhərin müdafiəsində kişilərlə çiyin-çiyinə döyüşən 18 yaşlı gəlin olub. Əli bəy danışır ki, uzun illər sonra Türkiyəyə gələn rus jurnalistlər Nənə Xatunla da görüşmək istəyir. Nənə Xatunun da yaşlı vaxtı olur, qulaqları da yaxşı eşitmədiyindən elə anlayır ki, ruslar yenidən buraları işğal edib və cavab verir ki, o vaxt ki, onları biz qovduq, indi necə gəldilər,-deyə cavab verir. 

Ərzurum qalasından ayrılıb şəhərə üz tutanda sol tərəfdə yerləşən “Qars qapısı” şəhidliyinin girişindəki türbə diqqətimi cəlb edir. Uydurma "erməni soyqırımı"na görə "Daşnaksutyun" partiyasının qətlinə hökm verdiyi  Camal Paşanın məzarıdır bu. Tiflisdə erməni terrorunun qurbanı olub – 50 yaşında. Mustafa Kamal Atatürkün izni ilə, dostu, Osmanlı Ordusunun Qafqaz komandanı Kazım Qarabəkir Paşa onun nəşini Ərzuruma gətirib və burada əsgəri törənlə dəfn etdirilib. Yenə erməni və yenə bu adla sinonim olan terror. Amma tarixin ironiyasına baxın ki, 1922-ci ilin 21 iyulunda Tiflisdə ermənilər tərəfindən qətlə yetirilən Camal paşanın dos-doğmaca nəvəsi Həsən Camal “1915: Erməni soyqırımı” kitabı ilə Ermənistanın sevimlisi oldu...

1919–20-ci illәrdә Ərzurum Türkiyә milli hәrәkatının mәrkәzlәrindәn biri olmuşdur.  Atatürkün sәdrliyi ilә adından da yeri bəlli olan və Türk xalqının yadelli işğala qarşı mübarizəsinin təşəkkülündə və Qurtuluş savaşında mühüm tarixi hadisə olan, Türkiyə Cümhuriyyətinin əsaslarını yaradan Ərzurum Konqresi  (1919, 23 iyul–7 avqust) burada keçirildi, türk milləti öz istiqlalından və dövlətindən imtina etməyəcəyi barədə milli iradəni burada dünyaya nümayiş etdirdi. Ciddi müzakirələrin aparılması, əsaslı təkliflərin, konkret yol xəritələrinin təqdim olunması ilə 14 gün davam edən Ərzurum Konqresi Ərzurum, Sivas, Van, Bitlis, Diyarbəkir və Elazığdakı erməni silahlı birləşmələrinin təhlükəsini, eləcə də yunanların Trabzon, Rizə, Gümüşhanə, Ordu və Girəsuna olan əsasız iddialarını dəf etmək üçün tədbirlər görmək məqsədilə toplansa da, gələcək Türkiyə Cümhuriyyətinin qurulmasının mübarizə yolları məhz o tədbirdə müəyyən edildi.

Əli bəy Ərzurum şəhərinin mərkəzində konqresin keçirildiyi binanı göstərir və əlavə edir ki,  konqres 1881-ci ildə Mıkırdıç Sanasaryan tərəfindən yaradılan və ermənilərin deportasiyasından sonra bağlanan qədim ibtidai məktəbin binasının birinci mərtəbəsində keçirilmişdir. Təəcübümü gizlədə bilmirəm və soruşuram:

-Bu boyda şəhərdə tədbir kecirməyə bina tapılmadımı ki, ermənilərin əski məktəbi seçildi?!

Əli bəy təmkinini pozmadan cavab verir:

- Əlbəttə bina da, yerdə olub, amma bunun rəmzi bir mənası da olub. Vaxtı ilə ermənilərin güclü olduğu vaxtlarda ermənilər burada dünya ermənilərinin birliyini planlayan tədbir keçirmişdilər. Ərzurum Konqresin burada keçirilməsi həm də Daşnaksütün partiyasının bu binada kecirilən Dünya Erməni konqresinin təşkilatçılarına cavab idi... 

 Tarixi-memarlıq abidәlәri ilә zәngin olan şәhәrin 5-ci əsrin qala divarları, 12-ci әsrdə tikilən Qala mәscidi, Saat qüllәsi, Ulu Came, 13-cü әsrə aid Qoşaminarәli mәdrәsә, Çobandәrә körpüsü, 16 әsrin yadigarı Lәlәpaşa məscidi, karvansaralar, hamamlar Ərzurumun tarixi pasportlarıdır. Burada Türkiyənin məşhur təhsil ocaqlarından olan Atatürk Universiteti (1957), Ərzurum Texniki Universiteti (2010), Dövlәt teatrı, Atatürk Evi (1984 ildәn muzey) fәaliyyәt göstәrir. Ərzurumda 3 yerli televiziya vә 11 radio kanalı ilә verilişlәr yayımlanır, 15 qәzet nәşr olunur. 

Ərzurum Türkiyənin ən böyük dördüncü vilayətidir. Şəfalı bulaqların, isti su qaynaqlarının sayı - hesabı yoxdur. Türkiyәnin mәşhur qış turizmi mәrkәzidir. Şәhәrdәn 3 km cənubda Palantökәn silsilә dağlarındakı xizәk mәrkәzi (hәmçinin Palantökәn kurortu) dünyaın әn uzun vә dik yamacları sayılır: xizәk yolunun uzunluğu 8 kmdir. 3 min 188 m hündürlüyü olan Böyük Əjdәr zirvәsinin 3 min 100 metrinә qalxan kanat yolu var. Uzundәrә rayonunda sıldırım qayalarla әhatәlәnmiş Tortum gölü vә hündürlüyü 48 m olan Tortum şәlalәsi yerli vә xarici turistlәri cәlb edәn tarixi yer vә istirahәt mәrkәzlәrindәndir. Ərzurum geotermal bulaqlar, müalicәvi vә mineral sularli ilə də zәngindir. Yaxın Şərqin böyük çayı olan Fərat çayı və Azərbaycanın ayrılığına “imza atan” Araz çayı da başlanğıcını burdan götürür.

Azərbaycanın Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən şəhərdə prospektlərdən birinə Azərbaycan, bu prospektin ərazisində yerləşən ən böyük parka isə ümummilli lideri Heydər Əliyevin adı verilib. 

Namiq Əhmədov, XQ

Bakı-Ərzurum-Bakı

 

 









Sosial həyat