Türkologiya, türk dilləri, onların arealı, yayıldığı coğrafiya məni daim maraqlandırıb. Hətta rus dilində nəşr edilmiş “Yüz türk etnosu” adlı kitabın tərtibçisiyəm. Bunlar öz yerində.
Məni bu mövzuda daim bir fikir məşğul edib: Bəs görəsən “türk” sözü öz mənşəyini haradan götürüb?
Əlbəttə, bu istiqamətdə fərziyyələr, şərhlər, mülahizələr, mühakimələr çoxdur. Doğrusu, mövzu ilə bağlı indiyəcən oxuduqlarımın və eşitdiklərimin heç biri məni qane etməyib. Fəqət bu günlərdə söhbətini TV-də dinlədiyim bir alim-ziyalının qənaətləri məndə böyük maraq hissi doğurdu. Belə ki, Altay Diyarını Xalq şairi, Yazıçılar Birliyinin sədri, türkoloq, şərqşünas, tərcüməçi, Altay xalqının 1912-ci ildə keçirilən qurultayında “El başçı” seçilmiş Brontoy Yanqi oğlu Bedürov öz teleçıxışında bu məsələyə bir xeyli işıq tutdu, aydınlıq gətirdi.
Sən demə, Altaydakı türk xalqlarının dilində (məsələn: telenqut və yaxud telengit (ruslar buna teleut deyirlər-müəllif) “türk” sözünün konkret anlamı, mənası varmış. Belə ki, türk sözü bu diyarda türkindaş, türköndaş formalarında “doğma”, “yaxın”, “canbir”, “əziz olan” mənalarında işlədilirmiş.
Məsələn, “sən mənim türköndaşımsan”. Yəni, sən mənim doğmamsan. Bu leksem dilimizdə möhkəm yer tutmuş “qar(ın)daş”, “sirdaş”, “yoldaş” sözləri kimi bizə yaxın, həm də gördüyünüz kimi “uzaq” imiş...
Yeri gəlmişkən, bir vaxtlar Altayda Türkeş xaqanlığı da olub. Bəs bu “türköndaş” sözü necə, nə vaxt meydana gəlib?
“Xalq qəzeti”ndə növbəti yazımda bu barədə söhbət açaram.
Burada bir məqamı da xatırlatmağa ehtiyac var. O da budur ki, “türk” sözü bəzi hallarda “truq” kimi də işlənib. Ehtimal etmək olar ki, rusların “druq” sözü də buradan yaranıb. Hərçənd ki, rus izahlı lüğətlərində “druq”un “derjat” sözündən yarandığı iddia olunur. Bu istiqamətdə də araşdırmalar davam etdirilməlidir.
Firuz MUSTAFA,
Əməkdar incəsənət xadimi