Türküstanı gəzə-gəzə...
(Birinci yazı)
Özbəkistanın Surxandərya vilayətinin mərkəzi Termez şəhərinin 60 kilometrliyində, Baysuntau və Babadağ dağ silsilələri arasında məhsuldar bir vadidə Dalvarzintəpə adlı qədim bir şəhər var. Şəhər xərabələri desək, daha düzgün olar. Uzun illərdir ki, arxeoloqlar bu şəhərdə qazıntı işləri aparırlar. Qazıntılar nəticəsində məlum olub ki, şəhərin antik dövrdən başlayan bir tarixi var.
Bir vaxtlar Dalvarzintəpə regionun mərkəzi şəhəri olub. Tapıntılar deməyə əsas verir ki, şəhər qədim Kuşan səltənəti dövründə - e.ə. I əsrdən başlayaraq eramızın VI-VII əsrlərinə qədər özünün çiçəklənmə dövrünü yaşayıb.
Dalvarzintəpə şəhəri antik dövrdə inkişaf etməyə başlayıb. Burada əhali heyvandarlıqla məşğul olub. Şəhər inzibati bölgələrə ayrılıb, burada inkişaf etmiş infrastruktur, hərbi mühafizə dəstələri, vergi sistemi fəaliyyət göstərib. Şimali Baktriyanın mədəni mərkəzi olan Dalvarzintəpə Aleksandr Makedonskinin bu əraziləri fəthindən sonra daha da inkişaf edib.
Arxeoloji qazıntılar nəticəsində məlum olub ki, şəhərin əsas hissəsi böyük su xəndəkləri ilə əhatə olunub, bu da düşmən hücumundan müdafiə vasitəsi idi. Şəhərin mühafizə divarlarının uzunluğu 2,5 km, eni 10 metr olub. Dalvarzintərənin şimal-qərb hissəsində Baktriya ilahəsinin məbədi yerləşib. Məbəddə divarüstü rəsmlər, ağacüstü oymalar, kahin və körpə uşaq şəkilləri tapılıb.
Şəhərdə suvarma sistemləri olub, əyanların evləri mərkəzdə yerləşib. Sadə insanlar şaxrastan adlanan ərazidə yaşayıb, sənətkarların ayrıca məhəlləsi olub. Şəhərin şərq hissəsində müsəlman məzarlığı aşkar edilib.
1972-ci ildə arxeoloqlar böyük salonu, müxtəlif otaqları olan zəngin bir evdə 36 kiloqramlıq xəzinə tapıblar.Saxsı qabın içində yüzdən çox qızıl, gümüş, qiymətli daşlar, fil sümüyündən şahmat fiqurları, zinət əşyaları olub. Xəzinə bizim eranın I əsrinə aid edilir. Dünya əhəmiyyətli bu xəzinə Orta Asiya xalqlarının əcdadlarının mədəniyyəti, incəsənəti, bədii sənətkarlıq üslübları, Şimal-Qərbi Hindistan ilə əlaqələri haqqında məlumat almağa imkan verir.
Bu vaxta qədər elə hesab edilirdi ki, şahmat oyunu VI əsrdə Xosrov Ənuşirəvan dövründə İranda yaranıb. Xəzinədəki miniatür fil və öküz şəklində şahmat fiqurları sübut edir ki, hələ eramızın I əsrinin ortalarında Şimali Baktriyada şahmat haqqında məlumat var imiş.
Şəhər qazıntılarından çıxan xoşbəxtlik və uğur ilahəsi Fortunanın serdalikdən hazırlanmış fiquru isə Dalvarzintəpənin Poma imperiyası ilə ticarət əlaqələrinin olmasından xəbər verir.
Şəhərin əsas hissəsi yüksəklikdə yerləşdiyi üçün Vışqorod adlanıb.Vışqorodun mərkəzində eramızın II-III əsrlərinə aid buddist məbəd aşkar edilib.Şəhər divarlarından kənarda eramızın I əsrinə aid daha bir buddist məbədin qalıqları üzə çıxarılıb. Qazıntılar zamanı Buddanın 3 insan boyu hündürlüyündə heykəlləri, buddizm mifologiyasının qəhrəmanlarını əks etdirən fraqmentlər, hökmdarın və onun varisinin, varlı qadın və nökərinin büstləri, saxsı əşyalar aşkarlanıb. Bu yerdə heykəllər, rəsmlər, zinət əşyaları, əlində arfa tutan musiqiçi fiquru da tapılıb. Alimlərin fikrincə, Özbəkistandakı ən qədim və böyük buddizm mərkəzi məhz Dalvarzintəpədə yerləşib.
Kuşan səltənətinin tənəzzülü Dalvarzintəpə şəhərindən də yan keçməyib. Çiçəklənən, inkişaf edən şəhər ərəblərin istilası nəticəsində məhv olub. Bu haqda xalq arasında belə bir əfsanə dolaşır. Dalvarzintəpənin müdrik, bütpərəst, Dal adlı sehrbaz hökmdarı, onun isə gənc bir qızı olub. Həmin dövrdə ərəblər artıq Surxan vadisinə hücum etmişdiər. Ərəb ordusunun başında Məhəmməd peyğəmbərin əmisi oğlu Əli dururdu. Qələbə çala-çala gələn ordu Termezi ələ keçirib, Dalvarzintəpəyə çatıb, lakin şəhəri fəth edə bilməyib. Səbəb isə şəhərin ətrafındakı su xəndəkləri idi. Əli heç cür suyun qarşısını kəsə bilmirdi. Hökmdarın qızı olduğunu öyrənən Əli tez-tez qızın eyvanının altından keçir, qızın diqqətini cəlb etməyə çalışır. Gəncin gözəlliyi, yaraşıqlı qədd-qaməti qızın xoşuna gəlir. Bunu hiss edən Əli oxun ucunda qıza məktub göndərir, ona sevgisini etiraf edir. Bir müddət məktublaşırlar. Bir gün Əli qızdan soruşur ki, niyə xəndəklərə gələn suyun qarşısını almaq mümkün olmür? Qız ona deyir ki, şəhərdən bir qədər aralıda su burulğanı var, ordan su yerin altı ilə gəlib xəndəklərə dolur, sadəcə onun ağzını bağlamaq lazımdır.
Əlinin adamları suyun mənbəyini bağladıqdan sonra hücum edib şəhəri alırlar. Lakin görürlər ki, şəhərdə yalnız heyvanlar var, insanlardan əsər-əlamət yoxdur. Əli anlayır ki, Dal öz sehri ilə insanları heyvana döndərib. İri heyvanları öldürmək əmri verən Əli düşünür ki, yəqin hökmdar onların arasında olar. Lakin Dal balaca it cildində Quzar şəhərinə qaça bilir.
Hökmdarın qızı deyir ki, Quzar hər tərəfdən hündür qamışlarla əhatə olunub. Külək əsən səmtdən onları yandırsan şəhəri ala bilərsən. Əli belə də edir, şəhəri yandırıb hökmdarı, sonra isə qızını öldürür, çünki atasına xəyanət edən qıza etibar olmaz. Beləliklə, Əli Curxandərya və Qaşqadəryada müsəlmanlığın əsasını qoyur.
Bir vaxtlar Baktriyanın mərkəzi olan möhtəşəm Dalvarzintəpə şəhəri ərəblərin gəlişi ilə darmadağın olur. İnsanlar şəhərdən uzaqlaşır, qan tökülən yerdə yaşamaq istəmirlər. Yaşanmayan yer isə gec-tez xarabazara çevrilir.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Termez